İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir həftəyə Nobel aldıq

“Keçmişdə Tıq-Tıq xanım var idi, indi TikTok xanım var”

(müəllifdən müdrik afyorizm)

Tarix təkrar olunur, buna şübhə etməyin. Sadəcə, bəzən komik, bəzən faciə şəklində. Məsələn, 30 noyabr günündə Azərbaycanla Ermənistan arasında sülh, sərhəd kimi mövzularda danışıqların başlayacağını eşitmisiniz. 30 noyabr 1920-ci ildə Azərbaycan Kommunist Partiyasının rəhbərliyi Zəngəzur və Naxçıvanı rus bolşeviklərinin yenicə qayırdığı Ermənistana peşkəş eləmək haqda qərar çıxartmışdı. Nəticədə Zəngəzur əlimizdən getdi. Yaxşı ki, Naxçıvan camaatı qərarı qəbul etmədi, müqavimət göstərdi. Qərarı qəbul eləyənlərdən biri Nəriman Nərimanov idi. Təklif edirəm onun Bakıda daha bir heykəlini qoyaq. Metronun 3-4 stansiyası da Nəriman müəllimin adını daşısın. Əsas Rəsulzadəni söyməkdir, bizdə indi bu işdə çörək var. Nərimanova dəymək olmaz.

Ancaq elmi yanaşmalarda novatorluq, yenilik də lazımdır, təkcə təkrarla iş aşmır. Bu baxımdan, Azərbaycan Milli Elmlər Akademiyası uğurlu addımlar atır. Yəqin xalqımızın yadına düşər, keçən günlərdə AMEA-da “Niyə bizim alimlərə Nobel verilmir? Dünyada Azərbaycana qarşı paxıllığın siyasi-iqtisadi, geoloji-filoloji əsasları” mövzusunda elmi simpozium olmuşdu. AMEA rəhbərliyi tənqiddən nəticə çıxartmışdır. Artıq bizim Nobel mükafatçımız var!

Bəli. Cəmi bir həftə içində məsələ yoluna qoyuldu. İşıq sürətiylə. Axı necə? Oxucuları çox intizarda qoymaq istəmirəm, hərəsinin dərd-səri var, toya çağırılan, tıxaca düşən, televizoru xarab olan, nə bilim, tik-toka girməyə meqabaytı çatmayan... Problemlər çoxdur. Nəsə, xəbəri yazıram: dünən AMEA ümumi yığıncağının qərarıyla əslən türkiyəli alim, kimya üzrə Nobel mükafatçısı Əziz Sancar akademiyamızın fəxri üzvü seçilmişdir!

Deməli, nəticə olaraq artıq bizim alimdir və Nobel almışdır. Ta nə lazımdır xalqımıza? Başlayaq oynamağa. Bəy demişkən, mənim havamı çalın.

Doğrudur, Əziz müəllimə AMEA diplomu verilərkən hörmətli akademiklərimiz yüngülvari yanlışlıq etmişlər: orada onun soyadı “Səncər” kimi verilib. Halbuki, kişinin soyadı Sancar-dır. Bunlar arasında yerlə göy fərqi var və o fərqi qanmaq üçün heç AMEA Dilçilik İnstitutunda “İpəzordan asılmış geyçimin assosiativ şüurumuzda yaratdığı titrəyişlər” mövzusunda dissertasiya müdafiə etməyə ehtiyac yoxdur.

Ümumiyyətlə, bu kişinin soyadını “Səncər” kimi təhrif edəndə istər-istəməz xalqımız Nizaminin “Sultan Səncər və qarı” şeirini xatırlamalı olur, o şeir isə hazırkı müstəqillik, tərəqqi dövrümüzlə qətiyyən uyğun gəlmir. Əks halda, bunu necə iddia etmək olar? Buyurun, özünüz şeirdən bir parçanı oxuyun: “Ah, səndə nə ədalət, nə mərhəmət görürəm, Mən səndə sonsuz zülüm və əziyyət görürəm”. Sanki AXC-Müsavat dövrü təsvir edilmişdir.

Ümid edək diplomu ASAN-xidmətdə dəyişdirib soyadı düzəldərlər. Lakin bu, xırda qüsurdur, elmimizin böyük uğuruna qətiyyən kölgə salmır.

Növbəti mərhələdə Nobel ödüllü Orxan Pambığı da Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv seçsək (deyəsən artıq seçiblər, dəqiqləşdiririk; bütün redaksiya hazırda bu işlə məşğuldur), Alatavada 2 otaqlı ev versək, Nobelli yazıçımız olar.

Bu uğurlu siyasət futbolda tətbiq edilsə, Dieqo Armando Maradonanı, yaxud Lionel Messini Azərbaycan milli komandasına fəxri üzv qoysaq, “biz dünya şampionuyuq” söyləməyə tam haqqımız çatır. Dünya birliyi bu ədalətsizliyə dözəcəksə, cəhənnəmə dözsün.

Dağ Məhəmmədin yanına gəlməsə, Məhəmməd dağa tərəf gedər. Bəs qabaqlar niyə belə uğurlu elmi, sayentoloji siyasət yürüdülmürdü? Çünki Ramiz Mehdiyev mahiyyətcə paxıl adam idi, bütün fəxri adları, mükafatları özünə götürürdü, heç kəsə vermək istəmirdi. Patandartdakı villasında hamama fortoçka düzəldən ustanı şəxsən tanıyırdım, deyirdi Ramiz müəllim şüşənin 20 manat pulunu əli əsə-əsə verdi. Həmin usta danışırdı, and içirdi ki, Mehdiyevin villasında manqalın sürahisində 4 dənə Nobel mükafatını şəxsən görübdür. 

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm sizin fəxri üzvləriniz kimlərdir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR