İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir atışda Boris və İngiltərə yox olar...” - ruslarla ingilislərin nüvə qarşıdurması böyüyür

Britaniya ilə Rusiyanın nüvə təhdidləri artmaqdadır, bu dəfə Kiselyov baş naziri və Londonu “Poseidon”la hədələyib - professordan proqnoz

Böyük Britaniyanın Rusiyanı hədələməsi və Ukraynaya ölümcül silahlar verməyə davam ediləcəyi açıqlaması Moskvada ciddi narazılıq doğurub. “Yeni Müsavat” xəbər verir ki, Rusiya dövlət televiziyasında yayımlanan proqramda aparıcı Dmitri Kiselyov Britaniyanı hədələyərək, bu ölkənin necə vurulacağını xəritədə izah edib.

Jurnalist deyib ki, rus raketi “Sarmat” İngiltərə böyüklüyündə bir ərazini məhv edə bilər. D. Kiselyov çıxışında ötən illərdə səsləndirilən robot sualtı sistemi “Poseidon”un İngiltərəni dənizin dərinliklərinə batıra biləcəyi fikrini bir daha xatırladıb. Həmçinin Britaniyanın nüvə silahı ilə məhv edilə biləcəyi kimi hədə dolu ifadələr səsləndirən jurnalist “Niyə onlar kiçik bir ada olduqları halda böyük Rusiyanı nüvə silahı ilə hədələyirlər? Bir atışda Boris və İngiltərə yox olar”, - deyə sual verib.

Təbii ki, bu, bir jurnalistin sərsəmləməsidir. Bunu Kremlin rəsmi münasibəti kimi şərh etmək olmaz. Lakin Moskva siyasətçilərin, telejurnalistlərin dili ilə ismarışlar verməkdədir. Üstəlik, ötən həftə baş diplomat Sergey Lavrov nüvə müharibəsi riskinin ciddi olduğunu söyləmişdi. Eyni zamanda ondan geri qalmayan Böyük Britaniyanın baş naziri Boris Conson da Rusiya ilə təkbaşına nüvə müharibəsi aparmağa hazır olduqlarını açıqlamışdı. Görünən budur ki, Londonla Moskva arasında nüvə təhdidləri davam etməkdədir və bu dəfə jurnalist Kiselyov İngiltərəni dənizin dərinliklərinə batıra biləcəkləri ilə hədələyir.

Maraqlıdır ki, bu cür dil güləşi, qarşılıqlı təhdidlər, nüvə hədələri ABŞ və digər NATO ölkələrindən Rusiyaya, eləcə də Kremldən Qərbə yönəlik səslənmir, məhz ingilis-rus qarşıdurmasına şahidlik edirik. Bildirilir ki, “Sarmat” raketi dünyanın ən uzun mənzilli qitələrarası ballistik raketidir. Onun 11,200 mil uzaqlıqdakı hədəfi vurmağa qadir olduğu, yəni ABŞ və Avropadakı hədəfləri asanlıqla vura biləcəyi bildirilir. Qərb hərbi ekspertləri bildiriblər ki, “Sarmat” 10 və ya daha çox nüvə başlığı daşıya bilir - bir zərbə ilə Britaniya və ya Fransa böyüklüyündə əraziləri məhv etmək gücünə malikdir. Ümumiyyətlə, Qərbin nüvə müharibəsi riski ilə bağlı narahatlığı Putinin fevralın 24-də Ukraynaya amansız müdaxiləsindən sonra artıb. Rusiya Qərbə xəbərdarlıq edib ki, istənilən böyük müdaxilə sizi “tarixinizdə heç vaxt rastlaşmadığınız nəticələrə gətirib çıxaracaq”. Bəs bu hədyanlar sözdən əmələ keçə bilərmi? Belə bir fəlakətli gələcəyi mümkün sayan ekspertlər varmı?

qabil huseynli | Banker.az

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, “Sarmat” tipli raketlər hələ sınaq mərhələsindədir: “İlk sınaq keçirildi və havaya buraxılaraq Kamçatkada hədəfi vurdu. Bu raketlər kütləvi istehsala buraxılmayıb və biri sınaqda istifadə edilib, mövcudluğu aradan qaldırılıb. Amma qətiyyən inanmıram ki, bu tipli raketlərlə Britaniya ərazisini vurmaq mümkün olsun. Çünki Amerika kimi Britaniyanın da mükəmməl hava hücumundan müdafiə sistemləri var. Əgər Boris Conson belə əminliklə və arxayın şəkildə danışırsa, Rusiyanı hədələyən çıxışlar edirsə, deməli, İngitərənin əlində olduqca ciddi resursları var”.

Q.Hüseynli bildirdi ki, ikinci əsas faktor - daha əvvəl də bunu vurğulayıb, raket zərbələrində Qərbin Rusiyanı iki dəqiqə qabaqlamasıdır: “Yəni Rusiyanın nüvə silahından istifadə edəcəyi barədə iki dəqiqə əvvəldən məlumat daxil olur, nəticədə ya önləyici zərbə ilə Rusiyanın nüvə raketi sıradan çıxarılır, ya da zərərsizləşdirilir. Ona görə əksər ekspertlər bu fikirdədir ki, Rusiyanın nüvə müharibəsində qalib gəlmək şansı yoxdur”.

Professorun sözlərinə görə, Rusiyanın Ukrayna müharibəsində məğlubiyyəti də qaçılmazdır: “Boris Conson Ukraynaya 375 milyon dollar həcmində hərbi yardım paketi elan edir. Paketə dronlar, radioelektron mübarizə vasitələri, düşmənin peyk rabitəsini pozan qurğular, düşmən artilleriyasının koordinatlarını müəyyən edən radarlar, gecəgörmə cihazları kimi texnoloji məhsullar daxildir. Rusiya fevralın 24-dən bəri Ukrayna ərazisində iri planda heç bir hədəfinə çata bilməyib və yalnız şəhərləri dağıtmaqla məşğul olub”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR