İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir anın görüntüsü, yanlış yozumlar – Zelenski tənha deyil, NATO nüvə fəlakətindən çəkinir

İnternet resurslarında belə bir şəkil paylaşılır: NATO-nun sammitidir, fasilə zamanıdır, siyasətçilər, diplomatlar, kişili-qadınlı, 3-3, 4-4 durub söhbət edirlər, Ukrayna prezidenti Vladimir Zelenski isə tək durub, harasa, uzaqlara baxır.

Bu fotoya ən populyar, trend olmuş şəkilaltı söz bundan ibarətdir ki, adam tək qalıb, Avropa onu iqnor edib.

Elə çıxır ki, Zelenski şəkildə görünən, öz aralarında danışan qruplara yaxınlaşıb, amma onlar ondan nümayişkarənə şəkildə üz döndəriblər, “get bizim yanımızdan”, ya da “bizə yaxın gəlmə” deyiblər.

Əslində isə belədir: bu, bir anın şəklidir. Fotoaparatın düyməsi sıxıldıqdan bir saniyə sonra kimsə Zelenskinin qoluna girib kənara çəkə, özü hansısa qrupa qoşula, başqası gəlib onunla şəkil çəkdirə, bir jurnalist müsahibə istəyə bilər və əl-əlbət, elə olub. Çünki Zelenskinin qələbəlik içərisindəki hərəkətini, dislokasiyasını, müxtəlif audensiyalardakı duruşunu əks etdirən yüzlərlə şəkil və videokadrlar var.

358647540_307537451700744_8362210975265444720_n.jpg (69 KB)

Bu şəkli paylaşıb, “tənha qaldı” şərhi verənlər yəqin ki, məsələyə məcazi prizmadan yanaşır, Ukraynanın NATO-ya üzv qəbul edilməməsinə vurğu edirlər.

Bu söhbətdə bir az həqiqət payı var. NATO-nun digər üzvləri, o cümlədən Türkiyə və başqa dövlətlər təşəbbüskar olmaqla Ukraynanın NATO-ya üzv qəbul edilməsində israrlı olsalar da, ABŞ və Almaniya buna qarşı olub və bu fakt artq hər kəsə əyandır.

Ukraynaya hər cür dəstək verən və faktiki olaraq bu dövlətin Rusiya kimi “əjdaha”nın qarşısında il yarımdır duruş gətirməsini təmin edən üç dövlətdən ikisi olan ABŞ və Almaniyanın belə movqe tutmasının mühüm səbəbləri var. Bu dövlətlərin rəhbərləri əmindirlər ki, belə bir addım atsalar, bəşəriyyət onsuz da başlamış olan III dünya müharibəsinin yeni və böyük ehtimalla, sonuncu levelinə - nüvə müharibəsi fazasına adlayacaq.

İtirməyə heç nəyi qalmayan Rusiyanın bir ildən bəri “vur-vurum” deyən “qırğı” siyasiləri “Batsın Rusiyanın olmadığı və ya məğlub olub dağıldığı dünya” deyərək dərin emosional ovqata köklənə bilərlər. Onsuz da uzanan müharibə onların əsəb sistemini hədsiz dərəcədə gərib.

346892095841734.jpeg (98 KB)

Bu baxımdan ABŞ və Almaniya Ukraynaya yardımın indiki ritm və ardıcıllıqla davam etməsinə üstünlük verir, digər NATO ölkələrinə məcburi qaydada bu müharibəyə qoşulmaq əzabından xilas edirlər. Ukrayna NATO-ya qoşulan kimi o dövlətlər Rusiyaya müharibə elan etməli, onu hədəfə götürməli və özləri də Rusiyanın hədəfinə gəlməli idilər.

Bu, Ukraynaya xəyanətdirmi? Deyil. Bəs bu hərəkət Ukraynaya yaxşılıqdırmı? O da deyil. Bu, əsasən bəşəriyyətə yaxşılıqdır. Necə deyərlər, başqa variant yoxdur.

Durum belədir ki, heç bir yerüstü qüvvə prezident Putini durdura bilmir. O, Rusiyanın bu savaşdan nəinki məğlub, hətta heç-heçə ilə çıxmasını da qəbul etmir, amma qalib gəlməyə də gücü yoxdur, Ukraynanın arxasında divlər var.

KMO_194817_00036_1_t222_224228.jpg (52 KB)

Ona görə də Ukraynanın təkləndiyini, Zelenskinin tənha qaldığını iddia etmək absurddur. NATO rəhbərlərinin əli Zelenskinin çiynindədir.

Bu, yalnız rus təbliğatçıları üçün yararlıdır. Onlar bununla təskinlik tapır, daxili auditoriyaya mesaj verirlər ki, dişinizi və kəmərinizi bir az da sıxın, Avropa Ukraynadan üz döndərir, bir azdan təkbətək qalacağıq, bax, onda ukraynalıları tatamidə parter vəziyyətə salacağıq.

Bu, nə vaxt olacaq, ümumiyyətlə, olacaqmı, bilən yoxdur. Bilinən odur ki, müharibə çox uzandı, slavyan qardaşlar əməlli-başlı düşmən oldular, ikisinin də yedilliyi geri düşdü.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR