Onlayn ictimai-siyasi qəzet
Gündəlik qidalanma yalnız fiziki sağlamlığımızı deyil, zehni gücümüzü də birbaşa təsir altına alır. Mütəxəssislər bildirirlər ki, beyin sağlamlığını dəstəkləyən düzgün qida seçimi nevroloji xəstəliklərin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Bədənimizdə dövr edən qanın təxminən 25%-i beynə gedir. Bu səbəbdən ürək-damar sistemini qoruyan pəhriz, eyni zamanda zehni fəaliyyətləri dəstəkləyir. Əksinə, yüksək miqdarda doymuş yağ, rafinə olunmuş karbohidratlar və artıq şəkər tərkibli işlənmiş qidalar beyin damarlarına zərər verərək insult, demans və idrak qabiliyyətinin azalması riskini artırır.
Xüsusilə şəkərdən həddindən artıq istifadə beyin metabolizmini pozur. Mütəxəssislər qeyd edirlər ki, koqnitiv geriləmə hər zaman geri qaytarıla bilməz, lakin onun inkişafını düzgün qidalanma ilə yavaşlatmaq mümkündür.
Bəs beyin sağlamlığı üçün gündəlik rasionumuzda nələrə yer verməliyik? Mütəxəssislərin tövsiyə etdiyi 7 əsas qidaya nəzər salaq:
1. Yağlı balıqlar
Somon, sardina və skumbriya kimi omeqa-3 ilə zəngin yağlı balıqlar beyindəki iltihabi prosesi azaldır, neyronların fəaliyyətini dəstəkləyir və əhval-ruhiyyəni tənzimləyən maddələrin sintezində mühüm rol oynayır. Mümkün olduqda təbii şəraitdə yetişdirilən balıqlara üstünlük verilməlidir.
2. Yaşıl yarpaqlı tərəvəzlər
Brokoli, qulançar və ispanaq folat, beta-karoten, lutein və liflə zəngindir. Bu qidalar bağırsaq mikroflorasını dəstəkləməklə yanaşı, zehni funksiyaların da qorunmasına töhfə verir.
3. Pomidor
Likopen adlı güclü antioksidant tərkibinə görə pomidor beyin hüceyrələrini oksidativ stresdən qoruyur və neyrodegenerativ xəstəliklərin inkişaf riskini azaldır.
4. Qoz və meyvələr
Qoz omeqa-3 və E vitamini ilə zəngin olub, beyin üçün ən faydalı quru meyvələrdən sayılır. Qaragilə isə antioksidant və flavonoid tərkibi ilə yaddaşı və ümumi bilişsel performansı dəstəkləyir.
5. Zeytun yağı
Təkli doymamış yağ turşuları ilə zəngin olan zeytun yağı pis xolesterolu azaldır, ürək-damar sağlamlığını qoruyur və beləliklə, beyin qan dövranına müsbət təsir edir. Lakin qızartmalarda istifadə olunmamalıdır.
6. Zərdəçal və zəncəfil
Zərdəçalda olan kurkumin maddəsi Alzheimer xəstəliyinə səbəb olan amiloid lövhələrinin qarşısını ala bilər. Zəncəfil isə həm immun sistemini gücləndirir, həm də sinir sistemini qoruyan iltihab əleyhinə təsirə malikdir. Zərdəçalın təsiri qara bibərlə birlikdə istifadə edildikdə daha da güclənir.
7. Qəhvə və bitki çayları
Kofein və flavonoid tərkibli bu içkilər diqqət və konsentrasiyanı artırır, həmçinin qanda şəkər səviyyəsinin sabit qalmasına kömək edir. Amma bu içkilərin miqdarına nəzarət edilməli, həddindən artıq istifadədən çəkinilməlidir.
Zehni gücü artırmaq və beyin sağlamlığını qorumaq üçün qida seçiminizə diqqət yetirin. Sadəcə fiziki deyil, zehni sağlamlıq da süfrənizdən başlayır.//E-saglam.az
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ