Onlayn ictimai-siyasi qəzet
Rusiya çoxqütblü dünya düzənində lider rolunu üstlənir - Lavrov, Şoyqu və Narışkinin son bəyanatları buna sübutdur; Azərbaycanın seçimi necə olacaq?
Moskvada “Bərabər və bölünməz təhlükəsizlik arxitekturası: Cənub və Şərq dövlətləri üçün imkanlar və təhdidlər” mövzusunda keçirilən iki günlük görüşün təfərrüatları bəlli olub.
“Yeni Müsavat” yazır ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrlik etdiyi tədbirdə MDB, KTMT, Aİİ, ŞƏT, eləcə də Asiya, Afrika və Latın Amerikası ölkələrindən yüksək səviyyəli nümayəndələr iştirak edib. Rusiya mediası yazır ki, Sergey Şoyqu tədbirdə təklif etdiyi təhlükəsizlik arxitekturası Rusiya Prezidenti Vladimir Putin tərəfindən təklif olunan konsepsiyalara əsaslanır. “Vladimir Putin Rusiya ilə yanaşı assosiasiyalara daxil olan ölkələrin təhlükəsizliyi ilə bağlı fikirlərini dəfələrlə dilə gətirib. Təhlükəsizlik arxitekturası bərabər və bölünməz olmalıdır. Bütün dövlətlər öz təhlükəsizliyinə möhkəm təminat almalıdırlar, lakin digər ölkələrin təhlükəsizliyi və maraqları bahasına deyil”, - deyə Şoyqu bildirib.
Sergey Şoyqunun iddiasına görə, BRİCS-ə marağın artması dünya nizamının çoxqütblülüyü dəstəklədiyinin bariz nümunəsidir". “İştirakçıların yüksək səviyyəsi və təmsil olunan ölkələrin sayı bu cür tədbirlərin keçirilməsinin aktuallığını və tələbini açıq şəkildə nümayiş etdirdi və bir daha Rusiyanın təcrid edilməsi mifini dağıtdı”, - S.Şoyqu vurğulayıb.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin öz nöqteyi-nəzərini ifadə edərək, beynəlxalq təhlükəsizlik sahəsində Rusiyanın mövqeyini qabardıb: “Tarix bizə öyrədir ki, bütün dünyada təhlükəsizlik Rusiyanın güclü mövqeyindən asılıdır. Təbii ki, belə bir güc Avrasiya regionunda qonşularla və bütün dünyadakı həmfikirlərlə yaxşı, həqiqətən bərabərhüquqlu münasibətlər olmadan mümkün deyil. Əminəm ki, biz birlikdə ən mürəkkəb qlobal problemlərin sülh yolu ilə həllini tapa bilərik”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı “qlobal çoxluq ölkələrinin beynəlxalq münasibətlərdə öz layiqli yerlərini müdafiə etmək zərurətini əlavə dərk etmələrinin obyektiv tarixi tendensiyasını” əks etdirir.
Rusiya diplomatiyasının rəhbəri Rusiya Federasiyası ilə Çin arasında dinamik inkişaf edən əməkdaşlığı möhkəm beynəlxalq münasibətlərin nümunəsi adlandırıb. Nazirin sözlərinə görə, BRİCS ölkələrinin tərəfdaşlığı əsas qlobal oyunçular və onların müxtəlif qitələri, mədəniyyətləri və dinləri təmsil edən tərəfdaşları arasında konstruktiv çoxtərəfli qarşılıqlı fəaliyyətin nümunəsidir. Sergey Lavrov Qərb ölkələrini “dağıdıcı, ideoloji, qeyri-qanuni münasibətlərindən əl çəkməyə və BMT Nizamnaməsinin prinsiplərinə vicdanla riayət etməyə” çağırıb.
Panel iclasda çıxış edən Türkiyə Prezident Administrasiyası yanında Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş “mövcud beynəlxalq nizamın sülhü, sabitliyi və ədaləti təmin etmək iqtidarında olmadığından” və “dünya birliyinin üzləşdiyi problemlərə effektiv həll yolları təklif edə bilməməsindən” şikayətlənib.
İştirakçıların ümumi rəyinə görə, görüş qarşılıqlı etimad şəraitində keçib, müzakirələr zəngin və məhsuldar olub.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Ramil Usubov çıxışında bu gün sürətlə baş verən proseslərin dünyada təhlükəsizliyə, sabitliyə yeni çağırışlar və təhdidlər yaratdığını, qlobal Cənubun və Şərqin bundan təklikdə qorunmaq imkanlarının olmamasının narahatlıq doğurduğunu, beynəlxalq birliyin birgə səylərinin vacibliyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə qlobal maraqların kəsişdiyi coğrafi ərazidə yerləşən Azərbaycanın bölgədə və dünyada dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına, möhkəmləndirilməsinə, bərabərhüquqlu əsasda dayanıqlı beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrdən danışıb.
Rusiya çoxqütblü dünya düzənində lider rolunu üstlənir və tədbirlərdəki bəyanatlarda bunu göstərir. Narışkinin “Tarix bizə öyrədir ki, bütün dünyada təhlükəsizlik Rusiyanın güclü mövqeyindən asılıdır”, Şoyqunun “təhlükəsizlik arxitekturası Rusiya Prezidenti Vladimir Putin tərəfindən təklif olunan konsepsiyalara əsaslanır” kimi bəyanatlar buna sübutdur. Azərbaycanın seçimi necə olacaq?
Ramil Məmmədli
“Yeni Müsavat”ın sualını cavablandıran hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, Azərbaycanın seçimi çoxdan məlumdur: “Söhbət hərbi bloklara qoşulmamaq seçimindən gedir. Azərbaycan tərəfdaşlarını və müttəfiqlərini qıcıqlandıran hərəkətlərə yol vermir. Bu səbəbdən özümüzü nə KTMT-də, nə NATO-da görmürük. Laçında keçirilən zirvə isə nümayiş etdirdi ki, Azərbaycan öz təhlükəsizlik arxitekturasını necə qurub. Yəni müttəfiqlərlə daha sıx əlaqələr, qonşular və tərəfdaşların isə həssaslığına səbəb olacaq addımlara yol verməmək. Bu nöqteyi-nəzərdən Azərbaycanın strateji seçimi Türkiyə və Pakistanla birlikdə yeni bir təhlükəsizlik platforması qurmaqdır. Ancaq bu müttəfiqliyin möhkəmlənməsi üçüncü qüvvəyə qarşı yönəlməyib”.
Hərbi ekspertin sözlərinə görə, Şoyqu, Narışkin və Lavrovun son bəyanatları Rusiyanın köhnə tezisləri yenidən təkrarlaması idi: “Sözsüz ki, şimal qonşumuz təkqütblü dünyaya qarşı mübarizə apardığını düşünür. Bunun üçün Çin, İran, Hindistan, Braziliya kimi güclərlə həmrəydir. Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS digər platformalar da anti-Qərb meydanları kimi təqdim edilir. Rusiya Trampın hakimiyyəti dövründə izolyasiya vəziyyətindən çıxacağını hesablayıb. Bu istiqamətdə müəyyən dinamika da müşahidə olunur. Odur ki, keçirilən tədbir, verilən mesajlar Rusiyanın hədəflərini aydın şəkildə göstərir. Ən əsası isə postsovet məkanına ünvanlanmış bəyanatlardır".
Züriyə Qarayeva
Analitik Züriyə Qarayeva əvvəlcə Şoyqunun sözlərinə diqqət çəkib: “O deyir ki, hər bir ölkə öz təhlükəsizliyinə təminat verməlidir, lakin başqasına baha başa gəlməməlidir. Bununla Ukrayna böhranına işarə edir. Rusiya hesab edir ki, Ukraynanın NATO-ya üzvlük istəyi onun öz təhlükəsizliyinə qarantiya əldə etməyə hesablansa da, qonşusu nəzərə alınmayıb, yəni Rusiya üçün də bu təhlükədir. Lakin Ukrayna bu niyyətindən geri dönmədi və hərbi əməliyyatlar başladı. Ona görə də Şoyqu demək istəyir ki, ölkələr öz təhlükəsizlik təminatını reallaşdıranda Rusiyanın maraqlarını nəzərə almalıdırlar. O baxımdan Şoyqu bildirir ki, təhlükəsizlik arxitekturası Putinin konsepsiyasına əsaslanır. Belə demək mümkündürsə, müstəqil ölkələr addımlarını Kreml liderinin konsepsiyası əsasında atmalıdır. Bu da açıq çağırışdır ki, kimsə cızığından çıxmasın, bizim müəyyən etdiyimiz yolla getmək lazımdır”.
Ekspert hesab edir ki, Azərbaycanın təhlükəsizliyinə qarantiyasında problemi yoxdur və Rusiyanın məsləhətlərinə ehtiyac görmür: “Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Biz proksi müharibə aparan hərbi blokların heç birinə üzv olmaq fikrində deyilik. Rusiya da bunu görür. İkincisi, Şuşa Bəyannaməsi var və NATO ölkəsi olan qardaş Türkiyə ərazilərimizə hərbi təhdid olarsa, təhlükəsizliyimizin təminatı üçün ordusu ilə dəstək verə bilər, yəni bu, müqavilənin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Şimali Atlantika Alyansı ilə əməkdaşlıq edir. Həmçinin Pakistan, İsrail kimi müttəfiqlərimiz, dostlarımız var. Məncə, Rusiya artıq təhlükəsizlik arxitekturasını öz konsepsiyası ilə müəyyən edəcək fövqəlgüc deyil. Ukrayna böhranı bu reallığı yaradıb, dünya da əvvəlki halını dəyişib, üstəlik, "Hörümçək toru" əməliyyatı sübut etdi ki, nüvə dövləti olan ölkənin “qırmızı xətləri” çoxdan tapdanıb".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ