Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Əvvəlki xaotik vəziyyəti təkrarlamadan metro ticarətində yenilik etmək olar”
2024-cü ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün dövlət büdcəsindən “Bakı Metropoliteni”ndə sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 50 milyon manat vəsait xərclənib.
“Bakı Metropoliteni” hər ilin yekunu olaraq ziyanla işlədiyinə dair hesabatlar verir. Ümumiyyətlə, “Bakı Metropoliteni”ndəki iqtisadi vəziyyət, metronun maliyyə durumu ilə bağlı mütəmadi olaraq cəmiyyətə şəffaf informasiyalar verilmir. Hesablamalar göstərir ki, “Bakı Metropoliteni” illik sərnişindaşımadan 60 milyon gəlir əldə edir. Qatarların köhnə olması, tez-tez ləngimələr və sair problemlər isə bitmək bilmir.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu 2023-cü ilin göstəricisindən 20,3% çoxdur.
Ötən il metropoliten xidmətlərindən 229 milyon 584,2 min nəfər (4,6% çox) istifadə edib.
Xatırladaq ki, aprelin sonu Hesablama Palatasının rəsmi məlumatında bildirilmişdi ki, 2022-2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.
Bu günlərdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyində isə qeyd edilib ki, ötən il Azərbaycanda dövlət büdcəsinə əmlak vergisi üzrə ödənişlərlə bağlı 364,7 mln. manat müəyyən edilmiş proqnoz 338,5 mln. manat icra edilib. Qeyri-neft-qaz sektorunun dövlət mülkiyyətinə aid müəssisələrinin büdcəyə ödənişlərinin real hesablamaların 81,8%-ni təşkil etməsi şəraitində, “Bakı Metropoliteni” QSC üzrə 0,6 mln. manata qarşı ödəniş olmayıb.
Elməddin Muradlı
Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a şərhində bildirdi ki, “Bakı Metropoliteni”nin gəliri sırf sərnişin sayı ilə bağlıdır. Ekspert diqqətə çatdırdı ki, Bakı metrosunun alternativ gəlir mənbələri yoxdur: “Bu yaxınlarda "Bakı Metropoliteni"nin rəhbərliyi ilə iki dəfə görüş keçirilib. Bu görüşlərdə mən təklif etmişəm ki, metro stansiyalarında ticarət səliqəli formada olmaq şərtilə bərpa olunmalıdır. Məsələn, zəruri ehtiyaclar - çay, kofe, dərman vasitələri satıla bilər. Adətən axşam saat 10-dan sonra açıq aptek tapmaq müşkülə çevrilir. Stansiyalar isə gecə saat 12-yə qədər açıq olur. Odur ki, stansiyalarda apteklərin olması vətəndaşlara rahatlıq yarada bilər. Yolu kəsmədən, qışqır-bağır salmadan, əvvəlki xaotik vəziyyəti təkrarlamadan metro ticarətində yenilik etmək olar. “Bakı Metropoliteni”nin yeni rəhbərliyi bu məsələ ilə bağlı danışıqların aparıldığını bildirdi. İlkin mərhələdə “coffee shop” və s. olacaq. Bu da metro üçün gəlir hesab oluna bilər. Düşünürəm ki, bütün stansiyalarda bu imkanın yaradılması ildə ən azı bir qatarın yaxud vaqonun alınmasına kömək edə bilər. Ticarətdə yaxşı pul var. O vaxt Tağı Əhmədov yaxşı qazandı, yedi, dağıtdı, amma indi nəzarət altında ticarəti daha səmərəli şəkildə təşkil etmək olar ki, qazanan dövlət olsun, pul büdcəyə axsın. O ki qaldı “Bakı Metropoliteni”nin hesabatına, şəffaf hesabat gözləyirik. Biz ötən görüşdə bu barədə sual vermişdik. Rəhbərlik yaxın günlərdə hesabatın açıqlanacağını bildirdi. Bu isə o qədər də mürəkkəb proses deyil, sərnişinlərin sayı hesablanır, ümumi rəqəmdən metrodan güzəştli istifadə edən sərnişinlərin sayı çıxılır və gəlir hesablanır. Əlavə xərclər-əməkhaqqı, yeni stansiyaların tikintisi, layihələndirmə və s. isə dövlət tərəfindən qarşılanır. “Bakı Metropoliteni” hər zaman zərərlə işləyib. Yeni stansiyaların tikintisi illərlə vaxt aparıb. Son zamanlar Prezidentin tapşırığı ilə bir ilə bir stansiya tikilib, “Xocasən” stansiyası buna nümunədir".
Ekspert vurğuladı ki, yeni stansiyaların tikintisi, yeni vaqonların, qatarların gətirilməsi gözlənilir: “Bunun çox qısa müddətdə həll ediləcəyini demək çox çətindir. Köhnələr istismardan çıxarılmalı, yüzlərlə qatar, minlərlə vaqon alınmalıdır. Əsas sual budur ki, bu qədər vəsaiti birdən-birə xərcləmək mümkündürmü? Biz ekspertlər olaraq, görüşlərdə dəmiryolu infrastrukturu üçün qatar, vaqon və digər zəruri avadanlıqlar istehsal edən zavod tikilməsini təklif etmişik. Qatarların, vaqonların alındığı müəssisələrin Azərbaycanda nümayəndəliyi, yaxud filialı açıla bilər. Bildiyim qədər bu barədə razılaşma əldə olunub. Bu, həm vaxt, həm də əlavə maliyyə itkisinin qarşısının alınması, eyni zamanda yeni iş yerlərinin açılması deməkdir. Biz öz tələbatımızı ödədikdən sonra gələcəkdə istismar dövrünü başa vuran qatarları xətlərdən kənarlaşdıra bilərik. Digər tərəfdən, istehsal olunan qatarları, yaxud digər avadanlıqları digər ölkələrə sata bilərik. Dövlətin bununla bağlı planları var, müzakirələr aparılır”.
E.Muradlının fikrincə, metroda gedişhaqqı məsafəyə görə hesablanmalıdır: “Gedişhaqqı dövlət tərəfindən tənzimlənir. Lakin düşünürəm ki, dəmiryolu ilə sərnişindaşıma olduğu kimi, metro və avtobusla sərnişindaşımada da gedişhaqqı məsafəyə görə müəyyən edilməlidir. 2 dayanacaq yol gedən sərnişinlə 12 dayanacaq yol gedən sərnişin eyni məbləğdə gedişhaqqı ödəməməlidir. Bu, düzgün deyil. Fərqli yanaşma "Bakı Metropoliteni"nin özü üçün də faydalı ola bilər".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ