İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəb bufetlərini bağlamaq qərarı

Ekspertlərdən SOS: “Məktəb bufetlərinin bağlanması aztəminatlı ailələrin uşaqlarına birbaşa mənfi təsir göstərər”

Yeni tədris ilində orta ümumtəhsil məktəblərində böyük ixtisarların aparılacağı gündəmə gəlib. Məlumatda orta məktəblərdə bufetlərin də bağlanacağı bildirilir. Sözügdeən yeməkxanalardan ən çox faydalanan isə aztəminatlı ailələrin övladlarıdır. Məktəb bufetlərində antisanitariya, orada satılan ərzaq məhsullarının keyfiyyətinin qənaətbəxş olmaması barədə xəbərlər  yeni deyil. Amma bu problemləri həll etmək üçün bufetləri bağlamaq çıxış yolu deyil. Orta məktəblərdə yeməkxanaların bağlanması aztəminatlı ailələrin uşaqları üçün hansı mənfi nəticələr yarada bilər?

Diplom verdiyiniz məzunlara savadsız demək onların yox, nazirliyin  ayıbıdır!” – Malvina Amirova

Malvina Amirova

Ağ Partiya Mərkəzi Aparatının üzvü, ekspert Malvina Amirova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib. Onun fikrincə, məktəb bufetlərinin bağlanması çıxış yolu deyil: “Mən bu qərarla qətiyyən razı deyiləm və etiraz edirəm. Çünki bu yanaşma problemin həllinə yox, daha da dərinləşməsinə səbəb olacaq. Bufetlərin bağlanmasının əsas səbəbi kimi bəzi hallarda uşaqlara uyğun olmayan məhsulların satılması göstərilir. Doğrudur, əgər bufetlərdə qazlı içkilər, sintetik tərkibli şirniyyatlar və ya digər zərərli qidalar satılırsa, bu, yolverilməzdir. Amma bu, bütün bufetlərin tamamilə bağlanması üçün əsas ola bilməz. Problemin səbəbi varsa, onu aradan qaldırmaq lazımdır, problemi tamamilə "yox etmək" adı ilə belə kəskin addım atmaq, yüzlərlə, minlərlə uşağın gündəlik ehtiyaclarını nəzərə almamaq deməkdir".

Partiya funksionerinə görə, digər vacib məsələ aztəminatlı ailələrin uşaqlarıdır: “Gəlin bu həqiqəti unutmayaq, bu gün bir çox şagird üçün məktəbdəki bufet gün ərzində yeganə qida mənbəyidir. Onlar evdən yemək gətirmirlər, evdə bəzən səhər yeməyi belə olmur. Bu uşaqlar məktəbdə ən azından bir stəkan çay və bir bulka ilə acqarına dərsə davam edə bilirlər. Bufetlər bağlandıqda bu imkan da əllərindən alınacaq. Bəs bu uşaqlar necə dərsə fokuslansın? Fiziki aclıqdan əziyyət çəkən uşaq psixoloji rahatlıqla necə təhsil alsın?”

Ekspert qeyd edib ki, bufetlərdə qidaların düzgün şəkildə yerləşdirilməsi mütləq tətbiq olunmalıdır. Elə məhsullar və ərzaqlar var ki, onları yanaşı qoymaq olmaz. Bu, həm gigiyenik normalara uyğunluq, həm də şagirdlərin sağlamlığı baxımından son dərəcə vacibdir.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Kamran Əsədov

Təhsil mütəxəssisi Kamran Əsədov da “Yeni Müsavat”a deyib ki, son dövrlərdə ümumtəhsil məktəblərində genişmiqyaslı ixtisarların aparılması və məktəb yeməkxanalarının bağlanması ehtimalı ciddi ictimai narahatlıq doğurur: “Bu qərarların əsaslandırılmasında rasionallaşdırma, büdcə yükünün azaldılması və xidmət keyfiyyətinin aşağı olması kimi arqumentlər irəli sürülür. Lakin sözügedən addımların sosial, pedaqoji və sağlamlıq baxımından mümkün nəticələri, xüsusilə aztəminatlı ailələrə və kənd məktəblərinə təsiri dərindən təhlil edilmədən həyata keçirilərsə, bu, təhsil sistemində daha dərin struktur problemlərə səbəb ola bilər.

Məktəb yeməkxanalarının fəaliyyətini tənzimləyən hüquqi baza kifayət qədər aydındır. Nazirlər Kabinetinin 2004-cü il 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydaları və Normaları”na əsasən, iaşə xidmətləri müvafiq sanitar-gigiyenik normalara uyğun şəkildə təşkil edilməlidir. Həmçinin “Təhsil haqqında” Qanunun 19.2-ci maddəsində vurğulanır ki, təhsilalanların fiziki və psixoloji sağlamlığı dövlətin prioritet məsuliyyətidir. Qanunvericilik çərçivəsi iaşə xidmətinin bağlanmasını deyil, onun monitorinq və nəzarət altında təkmilləşdirilməsini nəzərdə tutur.

Təəssüf ki, praktikada məktəb bufetlərində gigiyena qaydalarının pozulması, qazlı içkilərin, şəkərli məhsulların və keyfiyyətsiz fast-foodların satışı ilə bağlı çoxsaylı hallar aşkarlanıb. Bu hallar müəyyən məktəb rəhbərlərinin məsuliyyətsizliyi və nəzarət mexanizmlərinin zəifliyi ilə izah olunur. Lakin bu faktlar bütövlükdə sistemin bağlanmasını deyil, onun yenidən qurulmasını tələb edir.

Statistik göstəricilər göstərir ki, Azərbaycanın rayon məktəblərində təhsil alan şagirdlərin təxminən 30%-i gün ərzində isti yeməyə yalnız məktəbdə çıxış əldə edir. Dünya Bankının 2022-ci ildə apardığı qiymətləndirməyə əsasən, məktəblərdə qidalanma imkanları təhsilin davamlılığını, şagirdin məktəbdə keçirdiyi vaxtı və psixoloji diqqətini artıran əsas sosial dəstək mexanizmlərindən biridir. Əgər bu dəstək mexanizmi ləğv olunarsa, aztəminatlı ailələrin övladları günün əhəmiyyətli bir hissəsini ac keçirəcək, bu isə onların fiziki və zehni inkişafında geriliyə səbəb olacaq. Xüsusilə ibtidai siniflərdə bu təsir daha kritikdir.

Beynəlxalq təcrübəyə nəzər saldıqda, əksər ölkələrdə məktəb qidalanması dövlətin sosial siyasətinin tərkib hissəsi kimi qəbul edilir. Məsələn, Finlandiyada və Estoniyada bütün şagirdlərə dövlət hesabına pulsuz isti yemək verilir. Fransada məktəb kantinləri gəlir səviyyəsindən asılı olaraq subsidiyalaşdırılır və menyular dietoloqlar tərəfindən tərtib olunur. ABŞ-da “National School Lunch Program” vasitəsilə aztəminatlı ailələrin övladlarına gündəlik pulsuz və ya güzəştli yemək təqdim edilir. Bu ölkələrdə problemli iaşə müəssisələri ləğv olunmur, əvəzində onların fəaliyyətinə ciddi nəzarət edilir, keyfiyyət standartları tətbiq olunur və ictimai hesabatlılıq gücləndirilir".

Ekspert qeyd edir ki, Azərbaycanda məktəb bufetlərinin bağlanması yalnız iaşə xidməti deyil, həm də təhsil bərabərliyi prinsipi ilə ziddiyyət təşkil edir: “Aztəminatlı ailələrin uşaqları məktəbdə gündəlik qida ehtiyaclarını ödəyə bilmədikdə, bu onların həm sağlamlığına, həm də təhsil nəticələrinə birbaşa mənfi təsir göstərəcək. Bu, son nəticədə sosial təbəqələşməni dərinləşdirəcək. Şəhər məktəblərində valideynlər əlavə qida təmin edə bilər, lakin kənd məktəblərində və gəliri aşağı olan ailələrdə bu imkanlar məhduddur. Digər narahatedici məsələ isə geniş ixtisar ehtimalıdır. Əgər məktəb bufetləri və digər yardımçı xidmət sahələri bağlanarsa, burada çalışan işçilər işsiz qalacaq. Bu isə həm iqtisadi, həm də sosial baxımdan risklidir. Təhsil sektorunda qeyri-pedaqoji işçilərin ixtisarı məktəblərdə daxili xidmətlərin iflic olmasına səbəb ola bilər. Hazırda məktəblərdə texniki heyətin bir hissəsi minimum əməkhaqqı ilə işləyir və onların da iş yerlərinin bağlanması sosial narazılıq yaradacaq.

Müsbət cəhət ondan ibarətdir ki, artıq bəzi məktəblərdə sağlam qida təşəbbüsləri, elektron ödəmə sistemləri və sanitar monitorinq mexanizmləri tətbiq olunmağa başlayıb. Bu nümunələr genişləndirilərək ölkə üzrə tətbiq oluna bilər. Eyni zamanda dövlət tərəfindən təsdiqlənmiş menyu standartı və sağlam qidalanma proqramı işlənib hazırlanmalıdır. Bu məqsədlə Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi arasında funksional koordinasiya yaradılmalıdır. Məktəb bufetlərinin bağlanması qısamüddətli və riskli yanaşmadır. Əvəzində yeməkxanaların lisenziyalaşdırılması, keyfiyyətə nəzarətin gücləndirilməsi, şəffaf tender mexanizmlərinin tətbiqi və iaşə xidmətində sosial məsuliyyət daşıyan tərəfdaşların cəlb edilməsi daha dayanıqlı həll yoludur. Əgər bu məsələyə sistemli yanaşma tətbiq olunarsa, məktəblərdə sağlam və əlçatan qidalanma mühiti yaradılacaq, uşaqların təhsili və sağlamlığı arasında vacib körpü qorunacaq. Əks halda, qida problemi yeni sosial və pedaqoji bərabərsizliklər yaradacaq və təhsil mühitini daha da çətinləşdirəcək".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR