İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı təkcə Ermənistana deyil, onun “bacısı” Fransaya da ciddi mesajdır – Şərh

Artıq Ermənistan beynəlxalq aləmdə təcrid vəziyyətinə düşüb. Hazırda dünya ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətini qəbul etmir və ölkəmizin haqq işi müdafiə olunur. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbə və 30 illik işğala öz gücü ilə son qoyması ölkəmizin dünya birliyindəki reytinqini daha da artırıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisinin qondarma erməni soyqırımının tanınması ilə əlaqədar göstərdiyi cəhdlər də artıq heç bir nəticə vermir. Bu yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Ermənistanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasının, guya, qanunsuz olduğuna dair və Azərbaycanın bütün Silahlı Qüvvələrinin Laçın yolundan çıxarılması tələbi ilə bağlı qaldırdığı vəsatətlərin rədd edilməsi də ölkəmizin haqq işinin beynəlxalq aləmdə qəbul olunmasında xəbər verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamsında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.

Komitə sədri deyib: “Hələ Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il 16 iyun tarixli “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı qərarını açıqlayanda bəlli oldu ki, Ermənistanın işğalçılıq siyasəti artıq beynəlxalq aləmi də təngə gətirib. Qərara əsasən, Avropa İnsan Haqları Məhkəməsi ərizəçilərin mülkiyyət hüquqlarının, səmərəli müdafiə hüquqlarının, şəxsi, ailə və mənzil hüquqlarının pozuntusunu tanıyıb. Xatırlatmalıyıq ki, Laçın rayonundan olan 6 məcburi köçkün iddiaçı işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdi. Şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbi idi. Onlar, həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduqları maddi-mənəvi ziyanın ödənilməsini də tələb etmişdilər.

Həmin şəxslər iddia ərizələrində bildirmişdilər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib”.

Hüquq müdafiəçisi bildirib ki, artıq o vaxtlar arxada qaldı. 2020-ci il sentyabrın 27- də başlayan müharibədə Ordumuz erməni silahlı qüvvələrini darmadağın etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tarixi Qələbə qazanaraq dünyanın ən güclü silahlı qüvvələrindən biri olduğunu təsdiqlədi. Doğma yurd-yuvalarından didərgin salınmış sakinlər hazırda ata-baba yurdlarına qayıdırlar. Artıq Laçın rayon sakinləri də 30 illik həsrətə son qoyaraq ata-baba yurdlarına qayıdırlar. Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi də quraşdırılıb. Bu, həm ermənilərə, həm də ermənipərəst qüvvələrə daha bir zərbədir. Təbii ki, Azərbaycan suveren hüquqları çərçivəsində ermənilərin Laçın postundan maneəsiz gediş-gəlişinə şərait yaradır və yaradacaq. Lakin qanun pozuntuları olanda da cəza mexanizmləri tətbiq edəcək.

Ç.Qənizadə bildirib ki, Ermənistan son ümid yeri kimi, Beynəlxalq Ədalət Məhkəməsinə sözügedən vəsatətlə bağlı 12 may 2023-cü il tarixində müraciət etmişdi. Ancaq Məhkəmə, necə deyərlər, Ermənistanın ümidlərini alt-üst etdi. BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Məhkəməsi Ermənistanın sərhəd-buraxılış məntəqəsi təsis edilməsinin qanunsuz hesab olunması tələbinin yer aldığı iddiasını təmin etməyib. Bu qərar ermənilərin kürkünə birə salıb. Bu, Azərbaycanın suveren hüququnun beynəlxalq məhkəmə müstəvisində qəbul olunmasından başqa bir şey deyil. Bu qərar onu göstərir ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana Azərbaycanın daxili işinə qarışmaqdan çəkinməyə işarə edir. Bu, təkcə Ermənistana deyil, onun “bacısı” Fransaya qarşı da ciddi mesajdır. Onsuz da Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində heç bir rolu yoxdur. Yəni, Bakı ona fürsət vermir ki, çirkli gündəliyini sülh proqramına salsın.

“BƏM-in qəbul etdiyi qərarlar imperativ deyil, tövsiyə xarakterlidir. Əgər qərar rədd olunmasa idi, o zaman BƏM separatizmə xidmət etmiş olardı. Bu qərar ermənilərə dərs olmalıdır. Ermənistan bu kimi addımlar atmaqla beynəlxalq təşkilatlarda riyakar və yalançı olduğunu sübut edir, nüfuzdan düşür. Gələcəkdə BƏM bu kimi vəsatətləri qəbul etməkdən imtina edə bilər” -deyə Ç.Qənizadə bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR