İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər tarixinin müstəmləkə ləkəsi – Kolonial siyasətdən əl çəkmək istəməyənlər var

Əslində kolonializm siyasəti heç vaxt bağışlanması mümkün olmayan antibəşəri cinayətdir. Mahiyyəti etibarilə bu genosid siyasətinə tən gələr.

Bir güclü dövlətin donanma ilə okeana çıxaraq, 10-20, bəzən 30-40 min kilometr uzaqlardakı qitələrdə və ya adalarda yaşayan xalqları əsarət altına almalarının ardınca aborigenlərin kütləvi qətliamı, əstlərlə davam edən istismarı, qul kimi alınıb-satılması hadisələri başqa fikrə yer qoymur.

Bəşər tarixi belə hadisələrlə doludur və izləri bu günə qədər də davam edir.

İyulun 20-də Şuşada keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu mövzuda da danışıb.

Prezident deyib ki, Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olub. “Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”.

Təəssüf ki, təkcə adı çəkilən ölkələr deyil, Yeni Kaledoniya, Polineziya, Fransa Qvineyası, Korsika kimi ölkələr hələ də Fransanın idarəçiliyi altındadır və bu məkanlarda milli-azadlıq hərəkatları zaman-zaman müstəqillik uğrunda mübarizəyə qalxsa da, mərkəzi dövlət zorakı yolla yerli xalqların oz müqəddəratını həll etməsinə imkan vermirlər.

Zatən, zorakılıq müstəmləkəçilik siyasətinin fitrətində var. Tarixçilər müstəmləkəçiliyi imperiyanın bir ölkəni, əyaləti əvvəlcə fiziki, daha sonra iqtisadi, siyasi və mədəni planda ələ keçirməsi və onun üzərinədə nəzarətini saxlaması kimi mürəkkəb bir proses hesab edirlər.

İmperiyalar çox vaxt kolonial siyasətlərinə işğal və ilhaq etdikləri ölkədə guya “sivilizasiya missiyası” həyata keçirmələri ilə bəraət qazandırırlar, müstəmləkədə yaşayan xalqlara dövlətçilik və həyat tərzi haqqında öz fikirlərini aşılayırlar. Çox zaman yerli xalqın mədəniyyəti məhv edilir, sıfırlanır, onlara imperiya mərkəzində yaşayan dominant xalqın mədəniyyəti sırınır, yerli xalqın ana dili unutdurulur.

grankofon.jpg (117 KB)

Məsələn, hazırda Əlcəzair, Mərakeş, Qvadelupa, Qviana, Qvineya, Burundi, Vanuatu, Qabon, Haiti, Andorra, Valoniya, Benin, Burkina Faso, Kamerun, Fil Dişi Sahil, Mavritaniya, Mavrikiya, Madaqaskar, Yeni Kaledoniya, Konqo Respublikası, Reyunon, Seyşel adaları, Ruanda, Sen Bartelemi, Sen Martin, Sen Pyer və Mikelon, Seneqal, Toqo, Tunis, Uollis və Futuna, Çad, Ekvatorial Qvineya və başqa ölkələrin dövləti dili ya rəsmən fransız dilidir, ya fransızca bu dövlətlərdən bəzilərinin iki rəsmi dillərindən biridir. Bu ölkələrin əhalisinin mütləq əksəriyyəti fransızca danışır, yazır, təhsil alırlar. Hətta ABŞ-ın 2, Kanadanın 5, Hindistanın 1 ştatında, İtaliyanın 1 əyalətində və İsveçrənin 1 kantonunda dominant dil fransızcadır.

Bütün bunların səbəbi odur ki, vaxtilə Fransa bu regionları öz əsarəti altında saxlayıb və aborigen xalqları öz dilində danışmağa vadar edib və hələ də onlardan əl çəkmir. Fransanın rəhbərliyi ilə yaradılmış və az qala dünya ölkələrinin üçdə birini birləşdirən Frankofoniya təşkilatının əsas məqsədi fransız dilində danışan ölkələrin xalqlarının bu dili yadırğamamasını təmin etmək, bacardıqca fransız dilini yeni-yeni ölkələrdə yaymaq, inkişaf etdirməkdir. Bu isə artıq neokolonializmdir.

40d90d53-302f-3f57-ae85-f7dfd38a6c63.jpg (177 KB)

        Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının aksiyasının dağıdılmasından sonra

Keçmiş vaxtlarda müstəmləkəçilər öz üzərlərinə “sivilizasiya missiyası” götürmüşdülərsə, müasir pərdə “demokratiya və insan haqları, söz və mətbuat azadlığı”dır.

Əslində isə başqa dövlətləri öz əsarətləri altına, nüfuz dairələri içinə almaq istəyən dövlətlərin əsas və dəyişməz məqsədi çox bəsitdir. Onlar bu ölkələrin təbii və insan resurslarını istismar etmək, unikal və nadir ehtiyatlarına sahiblənmək, başqa ölkələrə tranzit yol, birbaşa çıxış imkanı qazanmaq, onların vasitəsi ilə qlobal ticarəti inhisara almaq, öz ticarətlərinin daha böyük təhlükəsizliyinə nail olmaq məqsədi güdürlər.

Metropol sakinləri ilə müqayisədə müstəmləkələrdə hüquqsuz, daha ucuz və ya hətta köləlik kimi pulsuz əməyin əldə edilməsi, o cümlədən qul əməyinə ehtiyac duyulan yerlərə müstəmləkələrdən “kölə ixrac edilməsi” halları insanlığa qarşı cinayət olub. Əslində metrpoliyalar ucuz işçi qüvvəsi əldə etməyin yeni formalarını ərsəyə gətiriblər. Bu dəfə kasıb ölkələrdən yüz minlərlə insan varlı, keçmiş metropol ölkələrə axışır, onlara öz ucuz əməklərini təklif edirlər.

Söhbət kolonial siyasətdə zirvə yapanlardan gedirsə, təkcə Fransanın adını çəkmək yetərli olmaz, vaxtilə İngiltərə, ABŞ, İspaniya, Almaniya, Portuqaliya, Rusiya və başqa ölkələr də bu sahədə dünya tarixində dərin izlər qoyublar. Fəqət başqa dövlətlər müəyyən qədər özlərinə yığışsalar da, dövlət müstəqilliyi tələb edən xalqları yarıkönüllü-yarıməcburən suverenlik versələr də, Fransa hələ də dirəşir.

Ən qəribəsi odur ki, öz müstəmləkələrinə müstəqillik, öz müqəddəratını təyinetmə hüququ verməyən Fransa Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərin separatçı hərəkatlarına tam dəstək verir, onların öz müqəddəratlarını ikinci dəfə (Ermənistan respublikasından sonra) təyin etmək hüququ verilməsini tələb edir.

ilhamaliyev.jpg (586 KB)

Azərbaycan Preizdenti İlham Əliyev 2-ci Qlobal Şuşa Forumunda bu məsələlərə toxunaraq deyib ki, Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək: “Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir. Kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir”.

Bəli, artıq “Böyük coğrafi kəşflər dövrü” arxada qalıb. İndi dünyada insan ayağı dəyməyən ada qalmayıb. Vasko da Qama, Ceyms Kuk, Xristofor Kolumb, Ameriqo Vespuççi, Magellan və başqalarının kəşf etdiyi, işğal etmələri üçün imperatorlara tuşutduğu ölkələr müstəmləkə olaraq qalmaq, bu və ya digər ad altında istismar olunmaq istəmirlər.

Fakt budur ki, bir çox dövlətlərin müstəqilliyi şərti, formal xarakter daşıyır, onlar hələ də metropoliyalar tərəfindən idarə olunur, onlara işləyirlər.

Böyük ehtimalla bu yeni əsrdə bütün müstəmləkələr tam müstəqillik əldə edəcəklər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR