İnsanlara hürriyət, millətlərə istiqlal!

Beş işçinin ölməsinə görə kimlər məsuliyyət daşıyır?

Baş Prokurorluq cinayət işi başladı 

ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində 5 işçinin ölümü ilə nəticələnən hadisə ilə bağlı cinayət işi açılıb. Bu barədə “Yeni Müsavat”a Baş Prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının - Namiq Yolçuyev, Tural Səfərəliyev, Samid Məmmədov, Teyyub Ağayev və Orxan Şahbazovun ölməsi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində tapşırılıb.

Yada salmaq yerinə düşər ki, 2024-cü il başlar-başlamaz ard-arda bir neçə hadisə baş verib. Belə ki, bu il yanvarın 9-da Bakıda Respublika Perinatal Mərkəzində yanğın baş vermişdi. Doğum evində baş verən yanğın nəticəsində 4 körpə həyatını itirib. Yenə də bu il yanvarın 15-də Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin isə meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Mayın 19-da isə Bakının Xətai rayonu, Sergey Senyuşkin küçəsində yerləşən sexlərdən birində də yanğın baş verib, küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

İş yerlərində nələrə diqqət edilməlidir? Tez-tez partlayışlar, qaz sızmaları, dəm qazından boğulmaların baş vermə səbəbi nədir? Kimlər məsuliyyət daşıyır? Qanunvericilikdə təhlükəsizlik məsələləri necə tənzimlənir? 

İstirahət və əyləncə mərkəzlərində təhlükəsizlik problemi - məsuliyyət  kimindir?

Orxan Musayev

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhlükəsizlik eksperti Orxan Musayev deyib ki, hər il dünyada istehsalat sahələrində mürəkkəb qurğulardan tutmuş, saxlanma çənlərinədək qapalı sahələrində çox sayda insan həyatını itirir, istehsalat qəzasının qurbanı olur: “Bundan əlavə, bir çox insan da ciddi xəsarətlər alır. Həyatını itirənlər arasında təkcə qapalı mühitdə işləyənlər deyil, həmçinin onları xilas etməyə çalışan, xüsusi təlim keçməmiş şəxslər də daxildir.  İş yerlərində istehsalat qəzalarının qarşısının alınması məqsədilə müəyyən təhlükəsizlik sahəsində ciddi tədbirlər görülməli və görülən tədbirlərin riayət olunmasına nəzarət edilməlidir. Baş verən bir çox bədbəxt hadisələrin səbəbi iş yerlərində təhlükəsizlik qaydalarına biganə yanaşma ilə bağlıdır. Hər hansı bir iş icra olunmamışdan öncə işçilər təlimatlandırılmalıdır. Xüsusilə qapalı sahələrdə işçilər işə qəbul zamanı ilkin təlimatlardan və dövrü olaraq üç aydan bir növbəti təlimatlardan xəbərdar edilməlidirlər. Qapalı sahələrdə iş icra olunmamışdan öncə gündəlik təlimatlar həyata keçirilməlidir. İşə qəbul olunan şəxslər mütləq ilkin və dövri olaraq tibbi müayinədən keçirilməlidir. İşçilərin xüsusi fərdi mühafizəsi ilə təmin olunması müəssisə tərəfindən həyata keçirilməlidir. Əmək Məcəlləsinin tələblərinə görə, işçiləri xüsusi geyim və ayaqqabı, digər  mühafizə vasitələri ilə təmin etmək birbaşa müəssisənin öhdəliyidir. İşçi artıq onlara təhkim olunmuş xüsusi mühafizə vasitələrindən istifadə etməlidir”. 

Ekspert əlavə edib ki, qapalı sahə ilə əlaqədar ölkəmizdə xüsusi qaydalar mövcud olmadığına görə 1997-ci ildə qəbul olunmuş Böyük Britaniya qaydalarına istinad edilərək qapalı sahələrdə işlərlə bağlı mexanizmlər aparılır: “Ölkəmizdə qapalı sahə ilə bağlı hadisələr çox olduğuna görə bununla bağlı qaydaların tərtib olunması və təmin olunması vacibdir. Qapalı sahələrdə görülən işlər mütləq öncədən planlaşdırılmış şəkildə aparılmalı, hər an qaz yoxlayıcı şəxslər tərəfindən zərərli qazın mövcud olub-olmaması yoxlanılmalıdır. Xüsusi qaz detektorları olmalıdır ki, hər hansı qız sızması olarsa, dərhal insanlar məlumatlı olsunlar. Xüsusi xilasedici komandalar təşkil olunmalıdır. Son baş verən hadisədə görünən odur ki, orada nəzarətçi şəxs məlumatsız olub, insanları xilas etməyə daxil olub, özü də həyatını itirib. Xilasetmə işlərini təşkil edən şəxslər mütləq fərdi mühafizə vasitələrinə malik olmalı və bilikli olmalıdırlar. Təhlükəsizlik qaydalarına biganəlik gec-tez bədbəxt hadisələrlə nəticələnir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR