İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərabərliyin uzun yolu – “Bloomberg”

Dünyanın 186 mərkəzi bankının yalnız 24-nün rəhbəri qadındır. Onların ikisi 2023-cü ilin yayında irəli çəkilib: iyunda Hafizə Qaye Erkan Türkiyə Mərkəzi Bankının, iyulda Mişel Bullok Avstraliya Ehtiyat Bankının rəhbəri təyin olunub.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “Bloomberg” agentliyi yazır ki, son on ilə nəzər salanda dünyada mərkəzi bank rəhbəri olan qadınların sayının vur-tut bir-iki nəfər çoxaldığı aydınlaşır: “Mərkəzi bank rəhbəri postuna irəli çəkilən xanımların sayı artırılmalıdır. Bütün karyerası boyu onu kişilərin əhatə etdiyini vurğulayan Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqardın da dediyi kimi, bank rəhbərləri postunda gender bərabərliyinin təmin olunması yalnız yaxşı nəticələr verə bilər”.

Kristin Laqard Avropa Mərkəzi Bankına 2019-cu ildən başçılıq edir. “Bloomberg” onu 2014-2018-ci illərdə ABŞ-ın mərkəzi bankı sayılan Federal Ehtiyat Sisteminə rəhbərlik etmiş Canet Yellendən (hazırda ABŞ-ın maliyyə naziridir) sonra dünyanın ən məşhur qadın bankiri adlandırır.

Mərkəzi bankçılıq, iqtisadi siyasət və dövlət investisiyaları üzrə müstəqil beyin mərkəzi kimi tanınan Rəsmi Valyuta və Maliyyə Qurumları Forumunun tərtib etdiyi Gender Bərabərliyi İndeksinə əsaslanan “Bloomberg” bildirir ki, mərkəzi banklarda gender bərabərliyi prinsipinə getdikcə daha yaxşı əməl olunur: “Məhz bu səbəbdən mərkəzi banklar Rəsmi Valyuta və Maliyyə Qurumları Forumunun 2023-cü il üzrə gender bərabərliyi reytinqində 2022-ci illə müqayisədə iki pillə yüksəlib. Ancaq forumun hesabatında göstərilir ki, irəliləyiş mərkəzi bankların rəhbərliyində yox, daha aşağı vəzifələrdə, icra orqanlarında, tabeli qurumlarında qeydə alınır. Forum mərkəzi bankları yüksək ixtisaslı qadınlardan ibarət kadr ehtiyatını gücləndirməyə çağırır. Mərkəzi banklarda qadınlarla kişilər arasında maaş fərqi problemi də aradan qaldırılmalıdır. İstənilən irəliləyişin ümumi prosesə faydası var”.

Mövcud göstəriciləri, tendensiyaları təhlil edən “Bloomberg” belə bir qənaətə gəlir ki, mərkəzi banklar, ümumiyyətlə dünyanın maliyyə qurumları gender bərabərliyinə nail olmaq üçün hələ uzun yol qət etməlidir.

Agentlik xəbər verir ki, may ayında Beynəlxalq Valyuta Fondu işçi sənəd yayıb: “Sənəd mərkəzi banklarda gender modellərinə daha dərindən nəzər salmağa imkan verir. Həmin modellər gender bərabərliyi üzrə standartlar, normativ aktlar kimi qəbul oluna bilər”.

Qadınlarla kişilər arasında maaş bərabərliyinin təmin olunmasına diqqətin artdığını, getdikcə daha çox ölkənin qadınların əmək bazarında üzləşdiyi ayrı-seçkiliyi aradan qaldırmağa çalışdığını xatırladan “Bloomberg” yazır: “Mərkəzi bankların da nə vaxtsa oxşar siyasətə üstünlük verəcəyi istisna deyil. Eyni zamanda mərkəzi bank rəhbəri postuna təyin olunan qadınların sayı artırılmalıdır. Bu istiqamətdə təbliğat-təşviqat işlərinə start verilməlidir. Gender bərabərliyi məsələsində geridə qalan bütün institutları bu xətti tutmağa sövq etmək lazımdır. Yalnız bu cür üsullarla biz genderin – cinsi mənsubiyyətin qarşımıza problem kimi çıxmasına son qoya bilərik. ABŞ Ali Məhkəməsinin mərhum hakimi Rut Beyder Ginzburqun dediyi kimi, qadınlar qərarların qəbul edildiyi hər yerdə olmalıdır, özü də istisnasız olaraq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR