Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalmasından 4 il ötür.
Oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-si şəhər gecələr raketlərlə vuruldu. Həmin gecələr uçan binadan çıxarılanların üzlərindəki qorxu ifadəsi, yaxınlarını tapmaq həyəcanı, uşaqların ağlaşma səsləri ətrafa yayılırdı.
Belə bir vəziyyətdə kameralara gülümsəyən 5 yaşlı Bəxtiyarın siması hər kəs üçün ümid oldu. Onun gülüşü həmin gecədən sabaha olan ümid, inam idi. O, gülüşü ilə düşmənə meydan oxuyurdu.
Elə özü də sonralar bunu etiraf etmişdi: "Evimizə bomba düşəndə qorxmadım. Heç kişi də qorxar?"
Bəxtiyarın hazırda 9 yaşı var və o, artıq ikinci sinifdə oxuyur.
Anası Lalə Heydərova ilə 4 il əvvəl baş verənləri xatırladıq. Lalə xanım deyir ki, Gəncə terrorunun simvoluna çevrilən oğlu həmin günləri dəqiqliklə xatırlayır:
“Bəxtiyar indi ağıllı, göyçək, savadlı bir uşaq olub. Həmin günü dəqiqliklə, saatına qədər xatırlayır. Uşaqlıqdan qorxmaz idi. Evimiz vurulanda bacısını qucaqladı, dedi, qorxma, yanındayam”.
Ana həmin günlərə qayıdır:
“Sentyabrın 27-dən bəri müharibə şəraitində idik. Oktyabrın 3-dən Gəncəni raketlə vurmağa başladılar. Oktyabrın 11-i atəşkəs elan olundu. Həmin gecəni rahat yatdıq ki, atmayacaqlar. Gecə 2-yə 5 dəqiqə qalmış ermənilər şəhəri vurdu. Gözünü açıb özünü dağıntılar altında görmək nə deməkdir? Qardaşım və yoldaşımın xalası oğlugilə yaxınıq. Onlar köməyimizə gəldi, bizi dağıntıların altından çıxardılar. Evimizin təkcə dörd divarı salamat idi, qalan hər şey dağılmışdı. Ətraf qaranlıq, toz, duman idi. Bəxtiyar dəhşət yaralanmışdı. Qulağı ortadan iki cırılmışdı, sallanırdı. Başı yandan çapılmışdı. Gözünün üstünə və buduna iki ədəd möhkəm şüşə qırıntısı girmişdi. Üzü cızılmış vəziyyətdə idi. Nə qədər qan itirdi. Ona rəğmən, gülümsədi.
Həmin gün bütün həyatımız məhv oldu. Evimizin uçuqları arasından ayaqyalın çıxdıq. Elə bil ki, Xocalı faciəsini yaşadıq. Bizə geyim, yardım göndərildi. 5 ay kirayə pulu verildi. Sonra dövlət iki il ərzində ev tikib bizi ora yerləşdirdi. Bu günümüzə də şükür.
Bəxtiyar o günləri tez-tez yada salır. Uşaqdır, evimizi, oyuncaqlarını xatırlayır. Dağıntılar altından necə xilas olmağını deyir. O, özünü gələcəyin general Polad Həşimovu kimi görmək istəyir...”
Lalə xanım bildirir ki, oğlu dağıntılar altından götürdüyü əşyalarını indi də saxlayır:
“O qırıntılar altından tapdığı əşyaları hələ də saxlyır. Onu Gəncədə qəhrəman kimi qəbul edirlər. Dövlət tədbirlərində bayraq əlində ön sırada olur. Gözəl nitq qabiliyyəti var, musiqi məktəbinə gedir”.
Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncə 5 dəfə Ermənistanın terror hücumuna məruz qalıb. Şəhər 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya atəşinə tutulub.
Bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Eyni zamanda, Vətən müharibəsi zamanı Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.
Ümumilikdə, Vətən müharibəsinin gedişində Ermənistan Gəncə və Bərdə ilə yanaşı, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonları da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.
12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ