İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyələr icra başçıları üçün təhlükədir?

Deputat yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında səlahiyyət və məsuliyyət bölgüsünü dəqiqləşdirməyə çağırdı  

Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, millət vəkili Zahid Oruc Fərman Salmanlının “Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri” adlı yeni kitabının təqdimat mərasimində çıxış edərkən islahatlara çağırış edib.  

Zahid Oruc beynəlxalq missiyalara səslənib: O torpaqların tarixi sahibi  olan azərbaycanlılar Zəngəzur yolunu açacaq

Zahid Oruc

STM rəhbəri qeyd edib ki, bələdiyyələr hakimiyyətin qeyri-mərkəzləşdirilməsi üçün yaradılsa da, bəzən belə siyasəti güclü mərkəzi hökumət şəraitində dövlət sisteminə təhlükə kimi qiymətləndirirlər: “8 noyabr Zəfərindən sonra yeni institut, Prezidentin yerlərdə xüsusi nümayəndəsi təsisatının yaradılması, yeni bir qurumun yaşayış məntəqələrinin bərpasında müstəsna səlahiyyətlər qazanması, o cümlədən azad torpaqlardan kənarda, Naxçıvan Muxtar Respublikasının da idarəçiliyində xüsusi nümayəndəlik institutuna yer verilməsi Prezidentin Qələbədən sonra gələcək idarəçilik modelinin əsas konsepsiyasını təşkil edir”. Millət vəkili vurğulayıb ki, təəssüf ki, bələdiyyə institutu yaradılandan ona icra hakimiyyətlərinin rəqibi kimi baxmağa çalışıblar. Deputat onu da deyib ki, qeyri-rəsmi rəqəmlərə görə, 2023-cü ildə bütün bələdiyyələrdə 36 milyon manat büdcə vəsaiti formalaşıb, lakin 1600-dən çox bələdiyyə üçün bu rəqəm 2005-ci ildəki 50 milyonluq səviyyədən də aşağıdır. Millət vəkili məlumat verib ki, STM-in keçirdiyi ictimai rəy soğrusunun nəticələrinə görə, sosial yardımların təminatçıları arasında bələdiyyələr 8.7%, yerli icra hakimiyyətləri 22.8%, nazirlik və komitələrin yerli bölmələri 43.4% təşkil edib. Onun sözlərinə görə, oxşar tendensiya məşğulluq sahəsində də mövcuddur.

“Razılaşın ki, qeyri-mütənasib bölgüdür və mərkəzi hakimiyyət orqanlarının üzərinə düşən vəzifələr daha çoxdur. Ona görə də əhali ilə birinci zolaqda, ictimai kommunikasiyada yerli sosial-iqtisadi ehtiyaclarının ödənməsi, ərazinin inkişaf planlarının yerinə yetirilməsi və nəhayət, kadr potensialının formalaşdırılması mümkün olardısa, onda ali icra hakimiyyətinin rəhbəri kimi Prezidentə və Birinci vitse-prezidentə edilən müraciətlərin sayı kəskin azalar, problemlərin siyasiləşdirilərək, mediada tirajlanması ilə dövlətin sosial siyasətinə kölgə salmaq ənənəsinə zərbə vurular, vətəndaş məmnuniyyəti artar və hakimiyyət orqanları arasında düzgün səlahiyyət balansı yaranardır”. 

Bəs STM-in sosioloji sorğusunun meydana çıxardığı qeyri-mütənasib vəziyyətin səbəbi nələrdir?

Natiq Cəfərli: İndiki idarəetmə sistemi, iqtisadi model qalsa, Qarabağ və  Şərqi Zəngəzura orqanik köç çətin olacaq

 Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, sosioloji sorğunun ortaya çıxardığı  rəqəmləri kənar qoysaq təsbit doğrudur. Çünki yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında səlahiyyət və məsuliyyət bölgüsü pis vəziyyətdədir. Bələdiyyələrin fəaliyyəti və iş görmə sahəsi qanunlarla xeyli dərəcədə məhdudlaşdırılıb. Onların demək olar büdcəsi yoxdur: “Azərbaycanın ümumi bələdiyyələrinin büdcəsi 49 milyon manata yaxındır. Bu, bir tək Türkiyədə Rizə şəhərinin bələdiyyəsinin büdcəsindən daha azdır. Bütün ölkə üzrə bələdiyyələrin büdcəsi, səlahiyyəti yoxdursa, onlar necə böyük əhatəli işlər, sosial proqramlar həyata keçirə bilərlər? STM-in ortaya çıxardığı vəziyyətin səbəbləri qanunvericilik bazasından qaynaqlanır. Bu vəziyyətin arzuolunan səviyyədə dəyişməsi üçün konstitusiya islahatlarına qədər addımların atılmasına ehtiyac var ki, yerli özünü idarəetmə institutları güclənsin, onların həm səlahiyyəti, həm məsuliyyəti artsın. Bunun üçün isə yerlərdə ikili idarəetmə sisteminin uğur gətirmədiyini təsbit eləmək lazımdır. Yerli icra hakimiyyəti orqanları artıq idarəetmə mexanizmi kimi müddətini başa vurub. Bu sistem sovetdən qalma sistemidir, sadəcə, rayon partiya komitəsinin katibi sözü rayon icra hakimiyyətinin başçısı sözü ilə əvəzlənmişdi. Ona görə yerlərdəki icra hakimiyyətlərindən imtina edib yerli özünü idarəetmə institutunun gücləndirilməsinə ehtiyac var ki, sosial problemlərin həllində yerli hakimiyyət, yəni bələdiyyələr mühüm rol oynasın. Bu zaman vətəndaşların da tələb etmə və ya gözləntilərinin forması da dəyişəcək. İndiki reallıqda isə rayonlarda, kəndlərdə hətta kənd arası yolun təmirindən tutmuş, elementar kommunal məsələlərə görə şikayətləri vətəndaşlar Prezident Administrasiyasına, Nazirlər Kabinetinə edirlər, Prezidentin özünə belə müraciət edirlər. Halbuki bu kimi məsələlərlə yerli özünü idarəetmə orqanı olan bələdiyyə və müxtəlif sahə cavabdehləri olan qurumlar məşğul olmalıdırlar. Bələdiyyələrin bununla məşğul olmaları üçün isə qanunvericilik bazası olmalıdır. Birbaşa bələdiyyə başqanları seçkisi keçirilməlidir. Bu isə konstitusiyada dəyişiklik etməklə mümkündür. Vətəndaş hər gün təmasda olduğu insanları seçəcəksə, probleminin həllini ondan gözləyəcək və problem həll ediləcək. Seçilən insanlar isə vətəndaşa xidmət etməyə çalışacaqlar ki, növbəti seçkilərdə də səs qazana bilsin. Yəni bu sistemi təsis etmədən STM-in sorğusunun nəticələrindəki rəqəmlərdəki tərsmütənasiblik dəyişəsi deyil. Hörmətli Zahid Oruc problemin nəticələrini açıqlayıb, amma səbəblər qanunvericilik bazasındadır. Qanunvericilik bazası dəyişdirilməlidir ki, bələdiyyələrin səlahiyyəti və məsuliyyəti də artsın. Nəticələrin dəyişməsi üçün səbəblər aradan qalxmalıdır. İndiki qanunvericilik isə rayon icra hakimiyyətlərinin bələdiyyələr üzərində hökmranlığına şərait yaradır. İndiki qanunvericilikdə faktiki olaraq təyin olunmuşlar seçilmişlər üzərində hakimiyyətə malikdirlər”.

Ekspert qeyd etdi ki, inzibati ərazi vahidləri ilə bağlı yeni yanaşmanın ortalığa qoyulmasına da ehtiyac var. Azərbaycan kimi ərazisi çox böyük olmayan ölkədə 80-dən çox rayon var. Bu  məsələ də problem qaynaqlarından biridir: “Mərkəzi hakimiyyətin yükünün azalması üçün bələdiyyələrin gücləndirilməsi ilə yanaşı, 14 iqtisadi rayonu inzibati ərazi vahidinə çevirib onlara Prezidentin xüsusi nümayəndəsini təyin etmək lazımdır”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR