İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusdakı “vaqner”çilər HƏRƏKƏTƏ KEÇDİLƏR

“Vaqner” ÖHŞ-nin muzdluları Belarusu Rusiyanın Kalininqrad vilayətinə birləşdirə biləcək Suvalki dəhlizinə doğru irəliləyib. Hazırda Litva və Polşa arasında sərhəd bu dəhlizdən keçir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski məlumat yayıb.

“Yəqin ki, onlar Belarus sərhədçiləri kimi maskalanaraq ölkədə sabitliyi pozmaq üçün qeyri-qanuni miqrantların Polşaya daxil olmasına kömək edəcəklər”, - deyə Moravetski bildirib.

Qeyd edək ki, iyul ayının 23-də “Vaqner”in 10 kolondan ibarət birləşməsinin Belarusa gəldiyi məlum olub. Ümumilikdə 10 mindən çox muzdlunun burada qalacağı bildirilir.

Moravetski Priqojinin əsgərlərinin sərhədə gətirilməsi ilə bağlı məlumatı haradan aldığını açıqlamayıb. Onun sözlərinə görə, muzdlular Belarusun Qrodno şəhəri ərazisinə yerləşdirilib. Polşa baş naziri bunu “ölkəsinə yeni hibrid hücuma doğru addım” adlandırıb. O, son illər Belarus ərazisindən Polşaya və digər Aİ ölkələrinə sərhədi qanunsuz keçməyə cəhdlərin sayının kəskin şəkildə artdığını xatırladıb.

Polşa hakimiyyəti Minsk və Moskvanı Polşada və Aİ-də sabitliyi pozmaq üçün miqrantların kütləvi şəkildə keçidini təşkil etməkdə suçlayır. Moravetskinin sözlərinə görə, “Vaqner” muzdluları həm miqrantlara Polşa sərhədini keçməkdə kömək edə, həm də özlərini miqrant kimi göstərərək sərhədi keçməyə çalışa bilərlər.

Bu arada, Polşa silahlı qüvvələrinin sayını demək olar ki, iki dəfə artıraraq 172 mindən 300 minə yaxın hərbi qulluqçuya çatdırmaq qərarına gəlib. Ölkənin müdafiə naziri Mariuş Blaşçak artıq müvafiq sənəd imzalandığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR