İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ prezidentinin ilk rəsmi səfəri nələri dəyişəcək - gözlənilən böyük nəticələr, ərəb sərmayəsi...

İlham Şaban: “Qeyri-enerji sektoruna kiminsə gəlməsi mövcud mühitin dəyişib-dəyişməyəcəyindən birbaşa asılıdır”"

Xəbər verdiyimiz kimi, yanvarın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana ilk rəsmi səfəri baş tutub. Səfər çərçivəsində bir sıra mühüm sənədlər, eləcə də Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, BƏƏ ilə əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılıb: “Keçən ilin oktyabr ayında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı olmuşdur. Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq, birinci addımdır. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Sizin ölkənizin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur.

Keçən ay Bakıda daha iki önəmli sənəd imzalanmışdır. Onlardan biri - Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradıldı. İkinci önəmli sənəd informasiya-kommunikasiya sektoruna aiddir".

BƏƏ Prezidentinin Azərbaycan səfəri - ANS - Xəbərlər

Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da bildirib ki, Strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu, ölkələrimiz arasındakı əlaqələr strateji əhəmiyyət kəsb edir: “Ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində də əlaqələrimizin və əməkdaşlığımızın inkişafı istiqamətində səylərimizi səfərbər edəcəyik... Münasibətlərimizin inkişafı öz başlanğıcındadır. Biz də öz növbəmizdə ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi və yeni körpülərin yaradılması istiqamətində səylərimizi səfərbər edirik...

Cənab Prezident, dünən də qeyd etdiyim kimi, Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsi hesab edin ki, Sizin əlinizdədir. Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa hazırıq.

Bildiyiniz kimi, Birləşmiş Ərəb Əmirliklərinin bir çox sahədə böyük təcrübəsi var, biz də Sizin kimi qardaş ölkələrlə bu təcrübəni paylaşmağa, bölüşməyə hər zaman hazırıq".

Qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi”, “ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanıb.

BƏƏ Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafına hazırıq - YALAN.info

Səfərdən sonra energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanda bu ilin sonunadək ümumi gücü 760 MVt olan 2 günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılmasının planlaşdırıldığını qeyd edib.

Nazir qeyd edib ki, gələn il isə 240 MVt gücündə bir külək elektrik stansiyasının (KES) tikintisinə başlanılması planlaşdırılır. “BƏƏ ilə imzalanan elektrik enerjisinin ötürülməsi üzrə investisiya əməkdaşlığına dair Anlaşma Memorandumu, yaşıl enerji sahəsində Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi və 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Yol Xəritəsi yaşıl dünya naminə həmrəyliyimizin təzahürü olmaqla "yaşıl enerji" tərəfdaşlığımızı daha da möhkəmləndirəcək. İlin sonunadək ümumi gücü 760 MVt olan 2 GES, gələn il isə 240 MVt gücündə 1 KES-in tikintisinə başlamağı planlaşdırırıq", - paylaşımda bildirilir.

Qeyd edək ki, BƏƏ-nin dünyaca məşhur “Masdar” şirkəti ilə Azərbaycan Energetika Nazirliyi arasında imzalanmış sazişə əsasən Qaradağda 240 Mvt gücündə GES tikilərək 2023-cü ilin oktyabrında istifadəyə verilib. Dəyəri 250 milyon dollar hesablanan layihə BƏƏ şirkəti tərəfindən maliyyələşdirilib. 

GES-in açılış mərasimi çərçivəsində “Masdar”la Azərbaycan hökuməti arasında 1 milyard dollar dəyərində yeni bərpa olunan enerji güclərinin yaradılmasına dair müqavilə imzalanıb. 

BƏƏ Prezidentinin Azərbaycan səfəri - ANS - Xəbərlər

Bundan əlavə, 2023-cü ilin avqustunda BƏƏ-nin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) Azərbaycanın Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsində 30 faizlik iştirak payı əldə edib. Bu barədə SOCAR-ın yaydığı məlumata görə, avqustun 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Fransanın TotalEnergies şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında “Abşeron” yatağının işlənməsi layihəsindəki payların alqı-satqısına dair müqavilənin imzalanma mərasimi keçirilib. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti “Abşeron” qaz-kondensat yatağında 30 faiz iştirak payı əldə edəcək, SOCAR və TotalEnergies şirkətlərinin hər birinin iştirak payları isə müvafiq olaraq 35 faiz təşkil edəcək.

Azərbaycan hökumətində hesab edirlər ki, ADNOC-un BƏƏ hüdudlarından kənarda apstrim(hasilat) layihəsində ilk investisiyasını Azərbaycana yatırması ölkədə xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürüdür. İmzalanan müqavilə, həmçinin ADNOC-un “Masdar” vasitəsilə günəş, quru və dəniz küləklərindən və yaşıl hidrogendən 10 GVt bərpa olunan enerji tutumunun inkişaf etdirilməsi üçün SOCAR ilə əməkdaşlıq edərək, hər iki ölkənin ümumi enerji keçid gündəmini dəstəkləmək üçün investisiyasını tamamlayır.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, BƏƏ əsasən Azərbaycanın enerji sektoruna investisiya yatırmağa həvəs göstərir: “Azərbaycanın bu ölkə ilə münasibətləri bütün müstəvilərdə son 20 ildə xeyli dərinləşib. Birləşmiş Ərəb Əmirliklərinin dünyada tanınan neft şirkəti olan ADNOC Azərbaycanın ikinci böyük qaz yatağına investisiya yatırır. Hesab edirəm ki, bu, çox uğurlu əməkdaşlıqdır. Çünki ADNOC nəinki regionda, həm də beynəlxalq səviyyədə həm ənənəvi, həm də bərpa olunan enerji layihələrinin icrası sahəsində böyük nüfuz, yüksək müsbət imic qazanıb. Onunla əməkdaşlıq, tutalım ki, Neftçalada İran avtomobili yığmaqdan qat-qat yüksək əhəmiyyətlidir. Çünki ADNOC alternativ enerji sahəsində texnoloji baxımdan da dünyanın ilk onluğuna daxil olan şirkətdir. Azərbaycanda 2028-ci ilədək elektroenergetika haqqında yeni qanunun icrası tam təmin olunsa, sahədə bazar qanunlarının hökmranlığı baş tutsa, alternativ enerji layihələrinə yatırımlar qat-qat çoxalacaq”.

Ekspertə görə, BƏƏ investorlarının qeyri-enerji sahələrinə marağının olmaması bilavasitə Azərbaycandan əlverişli təkliflərin alınmaması ilə bağlıdır: “Bu ölkə çox böyük gəlirləri yalnız neft-qaz hesabına əldə etməyib. Onlar dünyaya Dubay kimi çox uğurlu əsl azad iqtisadi zona modeli ilə tanınıblar. Bu model avtomobil yollarında hərəkət qaydalarından tutmuş biznesin inkişafına qədər bütün sahələrdə azad mühit, hamı üçün eyni olan qaydaların tətbiqinə əsaslanır. Yəni tam azad sahibkarlıq, biznes mühitini təmin ediblər. Azərbaycan isə... Biz öz yolumuzla gedirik. Bu gün dünyanın bütün nöqtələrindən gedib Dubayda biznes qururlar. Biz isə heç dünyanın ikinci qapalı ölkəsi olan Türkmənistanın məmurlarını belə cəlb edə bilməmişik. Azərbaycanda qeyri-enerji sektoruna kiminsə gəlməsi mövcud mühitin dəyişib-dəyişməyəcəyindən birbaşa asılıdır”...

İlham Əliyev və oğlu BƏƏ prezidentini belə yola saldı - Foto

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, son illərdə BƏƏ də daxil olmaqla, bir sıra ərəb ölkələri ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi müşahidə olunur: “BƏƏ yaşıl enerji sektorunda irihəcmli investisiyaları ilə tanınan ölkədir. Ölkəmizdə də bu sahəyə investisiya yatırmağa maraq göstərir. Bu səfər yaşıl enerji sahəsində ölkələr arasında əməkdaşlığın inkişafına təkan verəcək. Eyni zamanda Azərbaycanın BƏƏ-yə qeyri-neft ixracının daha da artması reallaşa bilər. Nəhayət, əlaqələrin dərinləşməsi BƏƏ-nin Azərbaycanın qeyri-enerji sektoruna investisiya etməsi üçün imkanların yaranması baxımından müsbət nəticələr verə bilər”.

Qeyd edək ki, 2023-cü ilin 11 ayında Azərbaycanla BƏƏ arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 120 milyon 297,86 min dollar olub. Bunun 65 milyon 717.25 min dolları Azərbaycanın ixracının, 54 milyon 580.61 min dolları isə idxalının payına düşür. Beləliklə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qarşılıqlı ticarət dövriyyəsi 27 faizdən çox  artıb.

2022-ci ilin 11 ayında BƏƏ ilə ticarətimizin həcmi 94 milyon 623,16 min dollar təşkil etmişdi. Bir ildə BƏƏ-yə ixracımızda demək olar ki, dəyişiklik olmasa da, idxalımız 2 dəfəyə yaxın artıb (2022-ci ilin yanvar-noyabrında BƏƏ-dən 29 milyon dollarlıq idxal qeydə alınıb - red.) Bu artımın 19 milyon 511,76 min dolları 1 gəminin idxalından qeydə alınıb.

BƏƏ-yə ixracımızın xeyli hissəsini kənd təsərrüfatı məhsulları: yumurta, şirələr, ədviyyatlar və sair təşkil edir. Lakin əsas pay avtomobillərdədir. 2023-cü ilin 10 ayında Azərbaycandan BƏƏ-yə 28 milyon 932,1 min dollar dəyərində 356 ədəd dizel və benzinlə işləyən avtomobil ixrac olunub.

Dünya SAKİT,
“Yeni Müsavat”


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR