İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayraq qaldıran kişinin lenti - SSRİ dövrü olsaydı, onu şəxsi zavoduna görə edam edərdilər

Görürsünüzmü, 197 il öncə Rusiya regiona necə giribsə, hələ də çıxmaq bilmir. Hərbi bazasını çıxarırsan, iqtisadi sferada möhkəmlənir, bank, yanacaqdoldurma məntəqələri açır, onu məhdudlaşdırsan, “Rus evi” təsis edir, onun qapısını qıfıllayırsan, tərəfdarları dil davası başladır, bayraq qaldırır və sair və ilaxır.
Baltikyanı ölkələr də daxil, bütün postsovet məkanı bu gündədir. Rusizmdən can qurtarmaq çətindir, rusifikasiya leksikonumuzdan soyadımızın sonluğuna qədər bütün həyatımıza oturub.

Girdikləri yerə tikanlı paz kimi pərçim olmaq xassəsi imperiyaların fitrətində var. Elə Fransanın keçmiş müstəmləkələri olan Afrika ölkələri də 60 ilə yaxındır ki, fransız şovinizmindən canını qurtara bilmir. (Yeri gəlmişkən, “şovinizm” fransız termninidir, qaynağını əsgər Nikolya Şovindən götürür). Paris onları hələ də Frankofoniya adlanan təşkilatda birləşdirir və idarə edir.

Bu baxımdan İmişli rayonunda SSRİ bayrağının qaldırılması təsadüfi və səbəbsiz deyil.

Burada təsadüfi olmayan odur ki, “ruslar qayıdacaq”, “Moskva buraları heç kəsə verən deyil”, “SSRİ bərpa olunacaq” düşüncəsində olanlar hələ də var. Müstəqilliyimizin ilk illərində onlar azı 5 dəfə çox idi, indi sıraları xeyli seyrəlib və müəyyən bir kontingent hələ də şimala boylanır.

SSRİ bayrağının qaldırılmasının səbəbi isə nasizm üzərində qələbənin 80-ci ildönümünün qeyd edilməsi ilə bağlıdır. Bu, bir az da inersiya üzrə təşkil edilmiş təntənəli mərasimdir. II dünya müharibəsində yüzminlərlə həmvətənimiz iştirak edib, öz müharibəmizdə həlak olanların yüz misli qədər gənc soydaşımız avropalıların savaşında həlak olub. Onların xatirəsi illərlə yaxınları tərəfindən qeyd edilib və o ənənə qalır.

Müharibə qurbanlarına həsr olunmuş abidənin üzərində müasir Rusiyanın bayrağını qaldırmaq o səbəbdən düzgün olmazdı ki, Hitler Almaniyasının tərəfinə keçmiş yüzminlərlə rus, o cümlədən onlarla general, yüzlərlə polkovnik məhz üç rəngli rus bayrağının altında SSRİ-nin üstünə gəlib, o tərəfdən bəri güllə atıblar.
Bu baxımdan abidənin üzərində nasist Almaniyasına qalib gəlmiş dövlətin – dağılmış SSRİ-nin bayrağının qaldırılmasını anlamaq olar.

Ancaq ona nə ehtiyac vardı? Bayraqsız da keçinmək olardı. Çünki sovet dövründən fərqli olaraq hazırda bolşeviklərin qurduğu dövlətin - SSRİ-nin xalqımıza qarşı necə böyük cinayətlər törətdiyinə dair minlərlə fakt, sənəd var. Tam sübut olunub ki, 1920-ci ilin aprelindən 1991-ci ilin dekabrına qədər SSRİ adlanan dövlətin rəhbərləri, idarəetmə və cəza aparatı bu xalqa qarşı min cür cinayət törədiblər – genosiddən (deportasiya) tutmuş, qətliamlara, qul əməyinə vadar etməkdən başlamış torpaqlarımızın ona-buna peşkəş edilməsinə qədər.

Almaniyanın özündə və dünyada nasizm, Hitlerin kitabları və onların simvolları, adicə “Hitler salamı” vermək necə qadağan edilibsə və qanunla təqib edilirsə, əslində Lenin və Stalinlə, eləcə də SSİR ilə bağlı rəmzlər də o cür qadağan edilməlidir. Çünki SSRİ dövründə məhv edilən insanların sayı bəşəriyyət tarixinin ən kütləvi qətlləridir.

Bunun üstündən durub cinayətkar bir rejimin xiffətini çəkmək, bərpasını arzulamaq vətəni yadlara satmağa hazır olmaq deməkdir.

Özü də fikir verirsinizsə, sovet dövrünün xiffətini çəkənlərin tam əksəriyyəti heç də fəhlələr və kəndlilər, onların varisləri deyil, daha çox sovet dövrünün part-burjuaziya oliqarxiyasının nümayəndələri, keçmişdə yaxşı vəzifə tutaraq sosialist əmlakını dağıdılmasında can-başla iştirak etmiş şəxslər və onların övladlarıdır. Onlar SSRİ-nin bərpa edilməsini və ya müstəqil ölkəmizin Rusiya dövlətinin əyalətinə çevrilməsini arzulayarkən umurlar ki, mərkəz onların əlini yenidən maddi sərvətlərə çatdıracaq, onurğa sütunları və onun ən aşağı hissəsi təzədən rahat və enli kreslolara qovuşacaq. Ancaq onlar anlamırlar ki, bir dəfə bədnam olmuş bayraq bir daha dikələn deyil.

İmişlidə SSRİ bayrağı qaldıran kişinin avtobioqrafiyası da bunu göstərir. Ancaq nə işdirsə, o, Kommunist partiyasına yox, hakim partiyaya üzv olub və partiya mənsubiyyətinin ona verdiyi üstünlüklərdən bəhrələnib. Adam rus imperiyasının Kolorado böcəyinə oxşayan Georgi lenti ilə sovet dövrünün simvollarını sintez edib.

Sovet dövrü olsaydı, təkcə şərab zavodunun sahibi olduğuna və yaxasına Georgi lenti taxdığına görə onu güllələyərdilər. Bilənlər bilir, SSRİ-nin son vaxtlarında belə özəl mülkiyyət hərislərini, adicə dövlətdən gizli ayaqqabı sexi işlədənləri “sexovşik” kimi damğalayır, ya damlayır, ya da edam edirdilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR