İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramda yığdığımız kiloları necə ataq - tövsiyə

Diyetoloq: “5 gün ərzində daha yumşaq pəhriz, 2 gün isə orqanizmi “mükafatlandırmaq” prinsipinə əməl etməklə...”

Bir həftəlik Yeni il tətili arxada qaldı. Digər bayramlarda olduğu kimi, bu bayramda da zəngin və yüksək kalorili yeməklər hazırlanaraq süfrələrə düzüldü. Qışda oturaq həyat da nəzərə alınarsa, bir çox insanlar heç şübhəsiz, bayramdan artıq çəki ilə çıxmış olublar.

Bəs bayram günlərində yığdığımız kiloları necə ataq? Bir neçə gündə artan çəkini bir neçə günə də normaya qaytarmaq mümkündürmü? 

Mövzu ilə bağlı diyetoloq Leyla Zülfüqarlı “Yeni Müsavat”a danışıb: “Bayram günlərində bir neçə günlük tətil dövründə həm evdə qaldıq, dincəldik, həm də az aktivlik etdik. Bununla yanaşı, yüksək kalorili və qarışıq qidaların birdən-birə qəbul edilməsi müəyyən fəsadlara səbəb oldu. Bu, təkcə həzm sistemində problemlərlə deyil, eyni zamanda kilo artımı ilə də müşayiət olunur. Bayramlardan sonra çəki artımı ilə bağlı müraciətlərin çoxalması bunu açıq şəkildə göstərir.

Nə etməliyik?

Qısa müddətdə, yəni 3-5 gün ərzində yığılan kilonu eyni vaxtda geri vermək məqsədi qoymaq doğru deyil. Bunun əvəzinə, daha sağlam və mərhələli bir yanaşma tətbiq edilməlidir. İki həftə ərzində ağır karbohidratlı, şəkərli və heyvan mənşəli qidaları azaltmaq, onların yerinə tərəvəz əsaslı qidalar qəbul etmək tövsiyə olunur.

Məsələn, həftə ərzində ət və karbohidrat qəbulunu azaldaraq, tərəvəzlər və bitki mənşəli proteinlərlə qidalanmaq faydalıdır. Bunlara lobya, qarabaşaq yarması və digər bitki proteinləri daxildir. Bu qidalarla yanaşı, bitki lifləri də qəbul edilməlidir. Beləliklə, həftənin sonunda əvvəlki vəziyyətə qayıtmaq mümkündür. 5 gün ərzində daha yumşaq pəhriz, 2 gün isə orqanizmi “mükafatlandırmaq” prinsipinə əməl etməklə iki həftə ərzində yığılan kiloları geri vermək olar.

Təbii çaylardan istifadə

Bu müddətdə yaşıl çay, zəncəfil çayı kimi təbii maddələrlə zəngin içkilərdən istifadə etmək faydalıdır. Həmçinin alma, kivi, limon və zəncəfilin şirəsini hazırlayıb əsas yemək fasilələrində bu içkiləri qəbul etmək məsləhət görülür. Onların tərkibində bol miqdarda mineral maddələr olduğu üçün orqanizmin bərpasına kömək edir.

Yeni terapiya metodları

Üçüncü yanaşma isə daha böyük və kompleks terapiyalardır. Bu, dünyada, o cümlədən Amerikada tətbiq edilən yeni detoks proqramlarına əsaslanır. Hazırda ölkəmizdə bu metodlar az tətbiq edilsə də, mən də bu terapiyaları həyata keçirirəm.

Detoks proqramlarında vitaminlər sistemli şəkildə yüksək dozalarla venadaxili məhlullar şəklində qəbul edilir. Əvvəllər bu proses tablet vasitəsilə həyata keçirilirdi, lakin indi aybterapiyalarla (IV terapiyalar) bir və ya iki seansda illik dozanı qəbul etmək mümkündür.

Bu terapiyalar sayəsində orqanizmdə detoks prosesi başlayır, artıq çəkilər geri verilir və üz dərisinin elastikliyi, parlaqlığı artır. Bir həftə ərzində həm bədən təmizlənir, həm də gözəllik və sağlamlıq əldə edilir".

Xalidə GƏRAY

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR