İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baydenin konqresmenlərlə birgə Bakıya getmək vaxtıdır’’ - ABŞ-dan çağırış

 Məşhur ABŞ yəhudisindən Azərbaycanın maraqlarına dəstək

Etnik yəhudi və Nyu-Yorkda yerləşən “Eiseman Levine Lehrhaupt & Kakoyiannis, P.C.” hüquq firmasının həmtəsisçisi Erik Levin ABŞ administrasiyasını Azərbaycanın önəminə diqqət etməyə çağırış edib. “Jewish News Syndicate” (JNS) portalında dərc olunan “Azərbaycan Amerikanın potensial məxfi silahıdır” sərlövhəli məqaləsində hüquqşünas yazır ki, bunun üçün ABŞ administrasiyası Azərbaycanla strateji tərəfdaşlığı bərpa etməli və prezident də daxil olmaqla, Bakıya konqresmenlərdən ibarət nümayəndə heyəti göndərməlidir. (mənbə: haqqın.az) Levin qeyd edir ki, ABŞ-ın xaricdə təsirini artırmaq üçün istifadə etdiyi üsullardan biri də müttəfiqləri və strateji tərəfdaşları ilə demokratik dəyərlərə və insan hüquqlarına hörmətə əsaslanan münasibətlərdir. Bu əlaqələr ABŞ-ın milli təhlükəsizliyi üçün son dərəcə vacibdir. “Bununla belə, dünyanın digər ölkələri ilə ümumi maraqları olan və Birləşmiş Ştatlarla birgə fəaliyyət göstərməyə hazır olan strateji tərəfdaşlıqlar da böyük potensiala malikdir. Söhbət ABŞ-ın ərəb dünyasında, Latın və Cənubi Amerikada, Afrikadakı dostları və strateji tərəfdaşları ilə möhkəm əlaqələrdən gedir. Azərbaycan belə tərəfdaşlığın yaradılması üçün bir nömrəli namizəddir”, - deyə müəllif qeyd edir.

Azərbaycanın strateji əhəmiyyətindən danışan Levin onun dünyada həm İran, həm də Rusiya ilə həmsərhəd olan yeganə ölkə olduğunu qeyd edir. O, ABŞ-ın Əfqanıstandan çıxarılmasından sonra Vaşinqtonun Mərkəzi Asiyada özünü “kar və kor” kimi apardığını vurğulayır, çünki Əfqanıstanda terrorçuların fəaliyyətini izləmək, hərbi və ya kəşfiyyat əməliyyatları keçirmək üçün regionda heç bir baza qalmayıb. Müəllifin fikrincə, bu vəziyyəti düzəltmək lazımdır, çünki analitiklər Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra İŞİD və “Əl-Qaidə”nin gücləndiyini bildirirlər ki, bu da ABŞ üçün ciddi təhlükə yarada bilər.

Məqalədə qeyd olunur ki, bir neçə həftə əvvəl Azərbaycan İsraildə öz səfirliyini açmaq qərarına gəlib. İranda 30 milyona yaxın etnik azərbaycanlının yaşadığı məlumdur, onların çoxu Tehrandan daha çox Bakıya sadiqdir və ayətullahların mövqelərini sarsıtmaq üçün Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa hazırdır: “ABŞ və Azərbaycanın ümumi maraqları var, radikal islam terrorizmindən hər ikimiz narahatıq. Hər ikimiz İsrailə güclü strateji müttəfiq kimi baxırıq. Hər ikimiz Rusiyanın Mərkəzi Asiyadakı zərərli davranışından narahatıq. İran və regionda terror fəaliyyətlərindən qorunmaq üçün lazım olan siyasi dəstəyi və hərbi texnikanı verə bilərik. Bizim ümumi maraqlarımızı müzakirə etmək və strateji tərəfdaşlıq qurmaq üçün prezident və Konqres üzvləri də daxil olmaqla, Azərbaycana nümayəndə heyəti göndərməyin vaxtı çatıb”.

Levinin çağırışı əsaslıdırmı və Amerika yəhudlərinin mövqeyini, istəyini də özündə daşıyırmı?

Yeganə Hacıyeva: Gürcüstan bu formatda qismən iştirak edəcək » BAYRAQDAR  MEDİA

Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın siyasi institutları müxtəlif lobbi qruplarının təmsilçiləri, aktiv iştirakçılarıdırlar. Bu siyasi institutlarda aktiv güclü olanlardan biri də ənənəvi yəhudi lobbi qrupudur: “Bir neçə böyük yəhudi lobbi qrupu hökumətdə təmsilçilikdən arxayın olaraq meydanı qismən digər lobbi qruplarına boş buraxıb. Son illər digər lobbi qrupları, məsələn, Rusiyaya, Hindistana, Çinə bağlı lobbi qrupları və erməni lobbi qrupu aktivdirlər. ABŞ-ın hərbi siyasətinin ifadəsi həmişə yəhudi lobbi qrupunun korrektələrinə məruz qalıb. Amma son illər qismən ikinci plana keçib. Çünki maliyyə qaynaqları əldə edən yeni nəsil qismən dövləti idarəçilikdən daha çox iqtisadi resursların əldə saxlanması ilə bağlı mövqe ortaya qoyublar, müstəqil iqtisadi dayaqlar üzərində möhkəmlənməyi üstün tuturlar. Konkret olaraq Levinin məqaləsindəki çağırışa gəlincə, ABŞ qlobal səviyyədə təhlükəsizlik, terrorizmlə mübarizə, enerji və iqtisadi mövzularda, qaçaqmalçılıqla, kibercinayətkarlıqla, iqtisadi cinayətkarlıqla mübarizədə həmişə eyni mövqedən çıxış edib. Bu sahələr üzrə mübarizədə həmişə Azərbaycan ABŞ-ın vacib tərəfdaşı olub. Enerji məsələsində də biz eyni mövqedən çıxış edirik. Ona görə də ABŞ-ın Azərbaycana yönəlik istənilən dəstəyi Amerikanın özünün Cənubi Qafqazda mövqelərini möhkəmləndirən, maraqlarına xidmət edən siyasətdir. Odur ki, bunu açıq səsləndirən qüvvələr də var, açıq səsləndirməyən də... Belə görünür ki, yəhudilər bunu açıq səsləndirirlər və hətta çağırış da edirlər”.

Ekspertin sözlərinə görə, məlum jurnalda dərc olunan bu yazılar ABŞ rəsmilərində, ABŞ-ın siyasi institutlarında fikir formalaşdırmağa ciddi şəkildə səbəb olacaq: “Yəhudilər Azərbaycanın bu bölgədə necə önəmli ölkə olduğunu dəqiq bilirlər. Ona görə də mövqelərini açıq ortaya qoyurlar və ABŞ hakimiyyətinə çağırış edirlər. Yəhudilərin bu mövqedən çıxış etmələri həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına xidmət edir. Ona görə də həmin məqaləni Azərbaycanın da maraqlarının ABŞ dövlət institutlarında qorunması üçün vacib addım adlandıra bilərik. Çünki məqalə kifayət qədər ciddi dərgidə nəşr olunub. Onun yazılarına etibar edən kifayət qədər dövlət rəsmiləri, rəsmi instansiyalar var”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR