Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden Atlantik və Sakit okean sahillərində, eləcə də Meksika körfəzinin şərqində yeni dəniz neft və qaz yataqlarının işlənməsinə qadağa qoyub.
Musavat.com xəbər verir ki, Amerika liderinin müvafiq bəyanatını Ağ Ev yayıb.
Qadağa 2,5 milyon kvadratkilometr əraziyə şamil edilir.
Bloomberg-in yazdığına görə, qadağa Baydenin qalıq yanacaq və istixana qazlarının istifadəsi ilə mübarizəyə yönəlmiş növbəti addımıdır. Qərar həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ABŞ-da neft və qaz hasilatını artırmasını çətinləşdirir.
"Washington Examiner" qəzeti hesab edir ki, Bayden administrasiyasının dənizdə yeni neft və qaz yataqlarının işlənməsinə qadağa tətbiq etməsi "ABŞ və onun müttəfiqlərinin milli maraqlarına zərər verəcək". Nəşrin məlumatına görə, müvafiq qərar Rusiyanın xeyrinədir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp isə dərhal açıqlama verərək hazırkı prezident Co Baydenin ABŞ-ın sahil bölgəsində neft və qaz hasilatını qadağan etmək qərarını ləğv edəcəyinə söz verib: “Mən görürəm ki, Bayden ABŞ-ın sahilyanı ərazilərində 625 milyon akrda (2,5 milyon kv. km – red.) bütün neft və qaz hasilatını qadağan edib. Mən dərhal bu qərarı ləğv edəcəm. Bizdəki qədər neft və qaz başqa heç kimdə yoxdur və biz bundan istifadə edəcəyik. Bu, bizim ən böyük iqtisadi sərvətimizdir və bu qərarla ölkəmizin məhv olmasına imkan verməyəcəyik”.
Trampın sözlərinə görə, ABŞ öz təbii ehtiyatlarından iqtisadi inkişaf, o cümlədən istehsalın genişləndirilməsi və enerji müstəqilliyinin möhkəmləndirilməsi üçün fəal şəkildə istifadə etməlidir.
Qeyd edək ki, Bayden 2020-ci il ABŞ prezident seçkiləri öncəsi kampaniya zamanı ictimai torpaqlarda və dəniz şelfində neft və qaz yataqlarının işlənməsi üçün yeni lisenziyaların verilməsini tamamilə dayandırmaq planlarını açıqlamışdı. O, vəzifəyə gəldikdən sonra bu məqsədlə federal torpaqların icarəyə verilməsinə moratorium qoydu.
Trampın seçki kampaniyasının sözçüsü Caroline Leavitt bu gün açıqlanan qadağanı “Prezident Trampa qazma işlərini artırmaq və benzinin qiymətlərini aşağı salmaq mandatı verən Amerika xalqından siyasi qisas almaq üçün hazırlanmış biabırçı qərar” adlandırıb. O, “Co Baydenin uğursuzluğa düçar olacağına” və ABŞ şirkətlərinin dənizdəki neft və qaz yataqlarını işlətməyə davam edəcəyinə əminliyini ifadə edib. NBC News-un bildirdiyinə görə, dövlət başçısı kimi ilk müddətində Tramp ABŞ-ın 44-cü prezidenti Barak Obamanın oxşar fərmanını ləğv etməyə çalışsa da, məhkəmə Respublikaçının qərarını ləğv edib. Bu o deməkdir ki, Baydenin qadağasını ləğv etmək üçün Konqresin tədbirləri tələb oluna bilər.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ