Onlayn ictimai-siyasi qəzet
Ekspert: “ABŞ dərin dövləti açıq şəkildə Trampı hakimiyyətə gətirmək istəyir...”
ABŞ prezidentinin ikinci müddətə mümkün prezidentliyi ətrafında intriqa bitmir. Onun partiyadaşları - Demokratlar Baydenin cümə gününə, yəni bu günədək prezidentlik yarışından geri çəkilməsini istəyirlər.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Qeyd edək ki, amerikalıların əksəriyyəti 81 yaşlı ABŞ prezidenti Baydeni ikinci müddətə yenidən seçilmək üçün çox yaşlı hesab edirlər. Belə ki, respondentlərin 80%-i Baydenin daha bir prezidentlik dövrü üçün yaşlı olduğu fikri ilə razılaşır.
Bu arada milyarder İlon Mask ironik şəkildə yazıb ki, ABŞ faktiki prezidentsiz idarə olunur.
Co Bayden isə özünə ünvanlı tənqidi fikirlərlə razılaşmır, Trampı yenə məğlub edəcəyini bildirir. O, seçki yarışından geri çəkilmək niyyətində olmadığını və Trampı məğlub edəcəyinə əmin olduğunu söyləyib. Bunu Bayden Konqresdəki Demokratlar fraksiyaların rəhbərliyinə ünvanlandığı məktubunda ifadə edib.
Ağ Evin hazırkı sahibi vurğulayıb ki, mətbuatdakı fərziyyələrə baxmayaraq, seçki yarışını sona çatdırmaqda və Donald Trampı məğlub etməkdə qərarlıdır. Bayden deyib ki, Trampla debatdan sonra səslənən narahatlıqlara da “göz yummur”: “Bütün bunlara yüksək səslə və aydın cavab verə bilərəm: 2024-cü ildə Donald Trampı məğlub etmək üçün hamıdan daha yaxşı mövqedə olduğuma tam inanmasaydım, yenidən seçilmək istəməzdim”.
Bəs bu cümə Bayden üçün sonuncu ola bilərmi?
Demokratlar Partiyası onun namizədliyindən imtina edə bilərmi və nə vaxt? Seçkilərə (5 noyabr 2024) 4 ay qalmış Baydeni kim uğurla əvəzləyə bilər? Nəhayət, gələcəkdə prezidentliyə namizədlər üçün yuxarı yaş senzinin tətbiqi (məsələn, 80 yaşadək) mümkünmü?
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Baydenin seçkilərdən çəkilməyəcəyi və son ana qədər Donald Trampla yarışacağını bəyan etməsi əslində ABŞ dərin dövlətinin həyata keçirdiyi bir layihədir: “Məqsəd aydındır: ABŞ dərin dövləti açıq şəkildə Trampı hakimiyyətə gətirmək istəyir. Bunun üçün də onun qarşısına asanlıqla uda biləcəyi namizəd çıxarılır. Uduzacağı uşağa da bəlli olan Baydenin öz israrından əl çəkməməsi və onun namizədliyinin qarşısının alınmasının faktiki olaraq bağlanması başqa cür düşünməyə əsas vermir”.
Heydər Oğuz xatırlatdı ki, ABŞ-da prezidentliyə namizədi müəyyənləşdirmək üçün adətən ara seçkiləri keçirilir: “Həm Demokratlar, həm də Respublikaçılar öz aralarında ən yaxşı namizədi daxili seçki yolu ilə müəyyənləşdirib irəli sürürlər. Bayden faktiki olaraq bu ara seçimini qazanmış adamdır. Onun seçki prosesindən uzaqlaşdırılmasının öz xoşluğu ilə yarışdan çəkilməsindən başqa yol yoxdur. Bayden isə bu addımı atmır. Üstəlik, ona edilən təklifləri elə tərzdə geri çevirir ki, əslində öz partiyadaşlarına sanki "dərin dövlət"in mesajlarına çatdırır. Məsələn, bu yaxınlarda mövzu ilə bağlı açıqlamasında demişdi ki, yalnız Allah ona “seçkilərdən çəkil” desə, çəkilər. Sözsüz ki, bu fikirlər Demokratlara ən yüksək səviyyədə deyilmiş “yox” kimi səslənir. Fikrimcə, sonunda Demokratlar da Respublikaçılara uduzacaqlarını tədricən həzm edib Baydeni rahat buraxacaqlar".
Həmsöhbətimizin fikrincə, Bayden bu qəti qərarı ilə əslində ABŞ dərin dövlətinə öz axırıncı xidmətini edir: “Bir çoxları Baydenlə Trampı iki fərqli düşərgənin nümayəndələri hesab edirlər. Halbuki dərindən analiz edəndə hər iki şəxsin bir medalyonun müxtəlif üzləri olduğunu anlaya bilərik. Belə ki, Bayden əslində Trampın prezidentliyi dövründə ortaya qoyduğu bir sıra siyasətləri daha ustaca yerinə yetirdi. Məsələn, Trampın NATO üzvlərindən ən böyük tələbi ÜDM-in ən azı 2%-ni hərbi büdcəyə ayırması idi. Tramp bunu kobud şəkildə ifadə edir və qıcıq yaradırdı. Bayden isə Rusiya-Ukrayna gərginliyini təşviq edib müharibə çıxmasına şərait yaratdı. Ardınca da Avropa dövlətləri canlarının qorxusundan ÜDM-lərinin 2%-dən çoxunu silahlanma və ordu quruculuğuna sərf etmək qərarına gəldilər. Və yaxud Tramp öz prezidentliyi dövründə Avropa ölkələrindən qaz və neft almamağı tələb edir, alternativ mənbə kimi ABŞ neftini və qaya qazını göstərirdi. Trampın bu tələbi Avropa ölkələri tərəfindən birmənalı qarşılanmır və ona qarşı çıxırdılar. Bayden hakimiyyətə gəldi, Ukrayna-Rusiya savaşı baş verdi. İndi Avropa ölkələri Rusiya ilə tamamilə əlaqələrini kəsib və özlərinə lazım olan enerji daşıyıcılarını Amerikadan alırlar.
Tramp Çinə qarşı iqtisadi müharibə elan etmiş və orada istehsal olunan malların gömrük rüsumlarını artırmışdı. Avropaya da barmaq silkələyirdi ki, siz də bu xətti tutun, əks halda, sizi də “qara siyahı”ya salacağam. Bayden hakimiyyəti dövründə eyni siyasət tam mükəmməl şəkildə həyata keçirildi.
Qısası, Baydenlə Tramp eyni siyasətləri fərqli metodla həyata keçirən şəxslərdir. Hətta Trampın bacarmadığı bir çox siyasətləri Bayden tam uğurla həyata keçirdi. Bu mənada bu iki lider arasında yeganə bir fərq var: Tramp barmaq silkələyə-silkələyə, Bayden isə real təhlükə yaradaraq ABŞ dərin dövlətinin dediyini edir".
Ekspert ABŞ-ın iki bir-birinə zidd şəxsiyyətin kompozisiyası üzərində qurduğu bu mürəkkəb oyunu Rusiya və Çinlə bağlı hazırlanan ssenarinin iflasa uğraması ilə əlaqələndirir: “SSRİ dağıldıqdan sonra ABŞ Rusiyanı tam ram etmək üçün bu ölkədəki oliqarxları dəstəkləmək və ətrafına toplamaq istəyir. Yeltsinin dövründə müəyyən mənada buna nail də olurdu. Rus dərin dövləti ABŞ-ı ölkəni daxildən ram etməsinin qarşısını almaq üçün Putini hakimiyyət başına gətirdi. Oliqarxlara qarşı amansız mübarizə xətti seçən Putin bir müddətdən sonra Rusiya iqtisadiyyatını öz əlində cəmləşdirdi.
Çinə qarşı strateji xətt də uğurlu olmadı. ABŞ daxil, Qərb dövlətləri düşünürdü ki, Çini Dünya Ticarət Təşkilatına üzv etməklə onun iqtisadiyyatını liberallaşdıracaq və nəticədə ölkə demokratikləşəcək. Demokratik təsisatlardan istifadə edən Qərb ölkələri ona asanlıqla dizayn verəcəklər. Amma bu sahədə də istədiklərini ala bilmədilər. Çin iqtisadiyyatı liberallaşsa da, qlobal iqtisadi qurumlarından faydalanaraq böyüsə də, siyasi sistemini dəyişdirmədi. Beləcə, Qərbin boyunduruğu altına da girmədi. Getdikcə tərəqqi yolunu tutan Çin ABŞ-ı da, Avropanı da geri buraxdı. Bu isə artıq ABŞ-ın dünya hegemoniyasını təhvil verməsinə gətirib çıxara bilərdi. Məhz bu səbəbə qlobalizmin öz əleyhinə çevrildiyini və Çinə yaradığını düşünən ABŞ dərin dövləti qurduğu köhnə sistemi dağıtmağa çalışır".
Bayden dövründə aparılan siyasətlərin artıq Avropada da milli qüvvələri ortaya çıxardığını və onların hakimiyyət qapısını araladığını düşünən həmsöhbətimiz yaxın gələcəkdə Çinlə ABŞ arasında daha vəhşi müharibələrin şahidi olacağımıza inanır: “Təbii ki, bütün müharibələrin əsas səbəbi Çini və Rusiyanı ciddi şəkildə zəiflətməkdir.
Görünən budur ki, ABŞ-a indiki mərhələdə yaxşı barmaq silkələyən prezident lazımdır və Bayden də öz postunu tədricən rəqibinə verməyə hazırlaşır".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ