Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı yeni və geniş sanksiyalar tətbiq etməyə hazırlaşır.
Musavat.com Reuters-in administrasiyadakı mənbərələr istinadən yaydığı məlumata istinadən xəbər verir ki, sanksiyaların məqsədi Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq olacaq. Mənbələrə görə, xüsusilə Rusiya neftini daşıyan tankerlərə qarşı əlavə sanksiyaların tətbiqi planlaşdırılır.
Prezident postunu iki həftədən sonra Donald Trampa təhvil verəcək Baydenin komandası Qərbin tətbiq etdiyi 60 dollarlıq tavandan yuxarı qiymətə satılan Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyaları gücləndirmək niyyətindədir.
Mənbələrdən biri geniş bir paketin hazırlandığını deyib. Başqa bir mənbə qeyd edib ki, yeni məhdudiyyətlər çox güman ki, Rusiya neftinin qiymət tavanından yuxarı satışı ilə məşğul olan şəxslərə qarşı tədbirləri əhatə edəcək. Agentlik qeyd edir ki, Bayden Trampın andiçmə mərasimindən əvvəl bu paketi təqdim etmək üçün vaxt qazanmaq istəyir, çünki ABŞ-ın yeni prezidentinin Rusiyaya qarşı sanksiyalara yanaşmasının necə olacağı bəlli deyil.
G7 ölkələri, Avropa İttifaqı və Avstraliya 2022-ci ilin sonunda Rusiya neftinin bir barreli üçün 60 dollar qiymət tavanı tətbiq edərək, Qərb şirkətlərinə Rusiya neftinin tədarükünü müəyyən edilmiş həddə bərabər və ya ondan artıq qiymətə daşımaq, sığortalamaq və maliyyələşdirməyi qadağan edib.
Məhdudiyyətlərdən yan keçmək üçün Rusiya xarici bayraqlar altında üzən tankerlərdən ibarət “kölgə donanması” adlanan donanmadan istifadə edir. İndiyədək həmin donanmaya daxil olan onlarla tanker qara siyahıya salınıb.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ