İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden bu il də qondarma soyqırımı dilinə gətirəcəkmi? - politoloqdan maraqlı rəy

Ağ Ev rəhbərinin aprelin 24-də yenə saxta “erməni genosidi” ifadəsini işlədəcəyi  istisna edilmir, amma ABŞ-da hazırda seçkilər yoxdur və ermənilər indi lazım deyil; ekspertlərin fikrincə, Paşinyan iqtidarı da Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinə görə “erməni soyqırımı” kartından istifadə etməkdə həvəsli görünmür

Ötən il Ağ Ev sahibi Cozef Bayden qondarma erməni genosidini tanıdığını bəyan edərək bədnam mövqeyi ilə yadda qaldı. ABŞ prezidenti Türkiyə ilə münasibətlərin gərgin dövründə bu addımı ataraq saxta tarixə rəzil qiymətini vermiş oldu və məqsəd Ankaraya təzyiq göstərmək idi.

Halbuki Baydenin mövqeyinin hər hansı hüquqi əsası və istinadı yoxu idi, indiyədək heç bir məhkəmə qərarı olmayıb. Çox maraqlıdır ki, həmin dönəmdə Ermənistan hakimiyyəti və cəmiyyəti də ABŞ liderinin bəyanatını şadyanalıqla qarşılamadı. Aprelin 24-nə yenə az zaman qalır və gözlər Vaşinqtondadır. Bu dəfə də Bayden qondarma soyqırımı dilinə gətirəcəkmi, yoxsa başı Ukraynaya qarışdığı üçün Buça qətliamından danışacaq?

Xatırlatmaq yerinə düşər ki, Ağ Ev rəhbəri Buçada olan insan qırğınını soyqırım adlandırıb, fransalı həmkarı Makron isə yayınaraq bunun siyasətçilərin deyil, məhkəmənin işi olduğunu açıqlayıb. Lakin həm ABŞ, həm Fransa prezidentlərinin ermənipərəst siyasətçilər olduğunu nəzərə alsaq, qondarma genosidi tanıdıqlarını yada salsaq, bu il də oxşar bəyanatlar verəcəklərini istisna etmək olmaz. Sadəcə, Fransada bu tarixdə vəziyyət fərqlidir: aprelin 24-də ölkədə seçkilərin ikinci turu keçiriləcək və erməni seçicilərə xitab üçün namizədlərin uydurma soyqırımı tanıdıqlarını söyləməsi mümkündür.

Qabil Hüseynli geri addım atdı: “Dünənki emosional sözlərimdən imtina  edirəm” | KONKRET

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Bayden bir dəfə uydurma soyqırımı dilinə gətirib: “Buna bənzər ifadə işlətməsi yenə mümkündür. Amma Ukraynada insanları məhv edirlər, buna soyqırımı demək istəmirsən, müharibə cinayəti adlandırırsan, türklərə xəyanət etmiş və ruslara tərəf keçmiş ermənilərin şübhəli şəkildə öldürülməsinə soyqırımı deyirsən. Hələ də sübuta yetirilməyib ki, Osmanlı əsgəri erməni öldürüb. Sadəcə, onlar at arabalarında daşınıblar. Osmanlının zəif dövrü idi və kürd qaçaq-quldurları yollara nəzarət edirdi. Bu yolla daşınan erməniləri soyğunçuluq məqsədilə öldürüblər”. Professorun fikrincə, Osmanlı yeganə dövlətdir ki, öz ərazisində təbəələrinə qarşı bu cür hərəkətlərə yol vermiş şəxsləri tutaraq mühakimə edib və haqlarında ölüm cəzası çıxarıb: “Bu, dünya tarixində köç prosesində cinayət işləmiş adamların cəzalanmasında ilk hadisədir. Amma buna baxmayaraq, ABŞ qondarma genosid iddiaları ilə bağlı Türkiyə əleyhinə siyasət aparır. Burada əsas məqsəd heç də ermənilərə can yandırmaq deyil, qardaş dövlətə təzyiq etmək niyyəti güdür”. Q.Hüseynli hesab edir ki, Baydenin mövqeyi ABŞ-ın rəsmi qərarı sayıla bilməz: “Bununla bağlı məhkəmə qərarı yoxdur və heç bir sənəd-sübut təqdim olunmayıb. Sadəcə, Ağ ev rəhbərinin ötən ilki açıqlaması siyasi əhəmiyyət daşıyırdı”.

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Baydenin bu il də saxta soyqırım ifadəsini işlədəcəyini istisna etmir, lakin situasiyanın xeyli dəyişdiyini düşünür: “Həmin zaman Amerikadakı erməni seçicilərin və diasporun dəstəyini almaq məqsədilə bunu etmişdi. Amerikada hazırda seçkilər yoxdur və ermənilər də indi Baydenə lazım deyil. Güman edirəm ki, 2023 və 2024-cü illərdə, yəni seçki ərəfəsində Bayden ”erməni genosidi" ifadəsini deyə bilər. Artıq bu məsələ siyasi xal qazanmağa hesablanmış bir manevrdir və hətta Ermənistan da bunu anlayıb. Üstəlik, Paşinyan iqtidarına Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır deyə indi bu ölkəyə qarşı “erməni soyqırımı” kartından istifadə etməkdə həvəsli görünmür".

Ekspertin sözlərinə görə, Ermənistanın Avropaya çıxışı Türkiyə və Azərbaycandan asılıdır: “Paşinyan Ankara-İrəvan əlaqələrinin rəvan getməsini hədəfləyib və belə məqamda Baydenin soyqırımı deməsini çətin ki, əlində bayraq tutub istifadə etsin. Üstəlik, saxta soyqırımı haqda illərdir Türkiyəyə qarşı bir təzyiq aləti kimi yararlanırlar, heç bir nəticə əldə olunmur. ABŞ lideri yaxşı olar ki, Xocalı soyqırımının olduğunu bircə dəfə dilinə gətirsin. Bu qədər fakt, sübut, video və fotofakt, sənədlər var, amma bəşəriyyətin tərəqqisi iddiasında olan dövlətin başçısı saxta tarixdən danışır. Ümumiyyətlə, ABŞ-ın ”erməni genosidi" ilə siyasi təsir vasitələrini möhkəmləndirmək strategiyası dərindən analiz etdikdə heç Ermənistana da sərf etmir. Çünki müharibədən sonrakı reallıqda Ermənistan konstruktiv mövqe sərgiləyərsə, Türkiyə sərhədlərini onun üzünə aça bilər. Lakin “erməni soyqırımı”nın ABŞ tərəfindən tanınması ilə Ermənistan bundan məhrum edilə bilər və ölkə blokadada qalmaqda davam edər. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan “erməni soyqırımı”nın tanınmasından qorxuya düşə biləcək bir siyasətçi deyil. Ümumiyyətlə, bir çox məsələlərdə təzyiqlərə, təhdidlərə baxmayaraq, Ərdoğan geri çəkilmək kimi bir addım atmaqdan imtina edir".

Qeyd edək ki, 2019-cu ildə ABŞ, Braziliya, Kanada, Fransa, Almaniya, İtaliya və Rusiya da daxil olmaqla, ümumilikdə 30 ölkə və ABŞ-ın 50 ştatından 49-u iddiaları dövlət və parlament səviyyəsində soyqırım hadisəsi olaraq qəbul edib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR