Onlayn ictimai-siyasi qəzet
Son aylarda ailə üzvləri, xüsusilə də həyat yoldaşı tərəfindən qətlə yetirilən qadın ölümlərinin sayı çoxalıb.
Demək olar ki, hər ay qadınların amansızlıqla qətlə yetirilməsi xəbərlərinin şahidi oluruq. Elə ötən həftə Bakıda müğənninin qətli ilə bağlı yeni faktlar məlum oldu. Əri müğənni Yaqut Nərimana 15 bıçaq vurub. Onlardan 10-u müğənninin bədən nahiyəsinə, 5 isə boğazına dəyib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Bu cür faktların sihahısını artırmaq da olar. Misal üçün, bir neçə gün öncə Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Həşimova Yaqut Himayət qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-dən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının əri 1984-cü il təvəllüdlü Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub, o, saxlanılıb. İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Eləcə də ötən ayın sonu Füzuli rayonu ərazisində 36 yaşlı Ruhanə Qasımovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Füzuli rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 39 yaşlı Süleyman Qasımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ruhanə Qasımovanı bıçaqla yaralayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə, Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Süleyman Qasımov şübhəli şəxs qismində tutulub.
Qadına qarşı bu qədər şiddətin səbəbi nədir? Ailə münaqişələrində günahkar kimdir?
Psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb.
O bildirib ki, ailə münaqişəsinin kökündə çox ciddi problemlər var:
“Bu, dünənin, bu günün problemləri deyil. Əslində bunun aylara, illərə söykənmiş, nə zamansa cinayətə qədər gəlib çatacaq səbəbləri olur. Zamanla yığılmış, sonradan ortaya çıxan davranışlar özünü büruzə verir. Burada söz təcavüzü var, fiziki təcavüz var. Hər gün ailədaxili münaqişələr baş verir, burada yaşanan travmalar var. Bu travmalarla böyüyən, hər gün yatıb-duran uşaqların qorxusu, təşvişi, həyəcanı var.
Bəs bunların yaranma səbəbi nədir? İlk olaraq onu deyirik ki, ailə qurmaq xatirinə evlənmək olmaz. Yanlışlıq elə buradan başlayır. Ailə quran insanların düşüncəsi, qavraması, əqli, şüuru bir-biri ilə uzlaşmalıdır. Bir-birini düzgün qəbul etmə dərəcəsi bərabər olmalıdır. Bunların bir-birinə dərdini paylaşmaq, bölüşmək və qəbullanması prosesi olmalıdır. Dinləmək, dinlədikdən sonra başa düşməyə çalışmaq istəyi olmalıdır. Əslində insan başa düşməyə bilər, bu, normaldır, amma başa düşmək istəyinin olması başa düşməyə çalışmaq deməkdir. Bütün bunlar gözlənilməsə, ailədə normal gedişat ola bilməz. Ailədə boşanmalara səbəb olan ən çox şiddət, təcavüz iki formada baş verir. Xəyanət və boşanma ərəfəsində bəzi kişilər cinayət hadisələri törədirlər”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, kişilər qadını özünə tabe etmək üçün zorakılıq göstərir və nəticədə bəzən qatilə çevrilirlər:
“Eləcə də sosial-psixoloji vəziyyət o qədər gərgin olur ki, insanlar öz davranışlarını idarə edə bilmir və günahı daha çox qadında, onun davranışlarında görərək, qətl törədir. Biz müasir qanunları nə qədər qəbul etsək də, görünür ki, davranış modelimiz hələ müasirləşməyib, mədəni səviyyəmiz getdikcə aşağı düşür. Yəni mən problemi mədəni səviyyəmizin aşağı olmasında görürəm. İnsanlar təkcə qarşısındakının deyil, öz azadlığına da hörmətlə yanaşmalıdır. Bu həm qadın, həm də kişilərə aiddir”.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ