Onlayn ictimai-siyasi qəzet
Türk dünyasının böyük lideri, Milliyyətçi Hərəkat Partiyasının qurucusu və ilk başqanı Alparslan Türkeşin vəfatının 28-ci ildönümü münasibətilə onun Kipr mövzusunda söylədiyi fikirləri və mübarizə xəttini yenidən xatırlamaq zəruridir.
Musavat.com bildirir ki, Türkeşin Kipr və Türkiyə arasındakı strateji münasibətlərə dair söylədiyi tarixi sitatlar bu gün də aktuallığını qoruyur.
Sitat: “Kipr Anadolunun içində bir torpaq parçasıdır”
Bu ifadə Türkeşin Kiprə yalnız coğrafi, ya da strateji bir ada kimi baxmadığını, onu Anadolunun ayrılmaz tərkib hissəsi kimi gördüyünü sübut edir. Onun fikrincə, Kipr üzərində nəzarət Türkiyənin milli təhlükəsizliyi üçün də həyati əhəmiyyət daşıyırdı.
KKTC Baş naziri Ünal Üstel və Naim Aydoğdu
Sitat: “Türk adı daşıyan hər kəs bizim sevgi və maraq dairəmiz içindədir. Bundan imtina edə bilmərik”
Türkeş, Kipr türklərini hər zaman Türkiyə Cümhuriyyətinin ayrılmaz hissəsi kimi görmüş və onların taleyinə biganə qalmağın mümkünsüz olduğunu vurğulamışdır.
Sitat: “Türkiyə var olduqca Kipr davası məğlub okunmayacaq ” (22 may 1967)
Bu fikri ilə Türkeş, Kiprin həmişə Türkiyənin gündəmində olacağını və onun təhlükəsizliyinin təmin ediləcəyini ifadə etmişdir. 1967-ci ildə söylənilən bu sözlər 1974-cü il Kipr Barış Hərəkatının ideoloji zəmini kimi qəbul edilə bilər.
Sitat: “Kiprdə doğulmaqdan və Kiprli bir türk olmaqdan həmişə qürur duymuşam.”
Lefkoşa doğumlu Alparslan Türkeş, Kipr türklərinin öz kimliklərini qoruyaraq yaşamasını əsas prinsip kimi qəbul edirdi. O, Kipr türklərinin azadlıq mübarizəsini hər zaman dəstəkləmiş və onların yanında olmuşdur.
Sitat: “Kipr türklərinin mübarizəsində şöhrət qazanan Faiz Kaymak bizim müəllimimiz oldu. Faiz Kaymak, Dr. Fazıl Küçük və vəkil Rauf Denktaş Kiprin azadlıq mübarizəsində rol oynayan böyük isimlərdir”
Türkeşin bu fikirləri onun Kipr türklərinin milli liderlərinə yüksək dəyər verdiyini göstərir. O, Fazıl Küçük və Rauf Denktaşı Kiprin taleyində həlledici rol oynayan şəxsiyyətlər hesab edirdi.
Sitat: “Adanın türk hissəsində respublika elan edib adanın mühüm bir hissəsini əldə etmək mümkün olardı.” (8 dekabr 1965 – TBMM)
Türkeş hələ 1965-ci ildə TBMM-də etdiyi çıxışında Kipr türklərinin muxtariyyət və dövlət qurmaq haqqını açıq şəkildə bildirmişdi. Onun bu fikirləri, 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyətinin elan edilməsinin ideoloji əsaslarından biri kimi qəbul edilə bilər.
KKTC ikinci prezidenti Derviş Eroğlu Türkeşin ev muzeyində
Sitat: “Kipr məsələsinin qəti həll yolu yalnız faktiki müdaxilədir. Diplomatik yollarla məsələnin uzadılması ancaq əleyhimizə işləyəcəkdir” (4 dekabr 1967 – TBMM)
Türkeş 1967-ci ildə Türkiyə Böyük Millət Məclisində açıq şəkildə hərbi müdaxilənin vacibliyini vurğulamışdır. 1974-cü ildə baş verən Kipr Barış Hərəkatı bu fikirlərin həyata keçməsi üçün atılan addım idi.
Sitat: “Kipr üçün aparılan mübarizə bitməmişdir. Uzun müddət davam edəcəyi və müxtəlif inkişaf mərhələlərindən keçəcəyi aydındır.” (1975)
Türkeş, Kipr məsələsinin yalnız bir mübarizə ilə yekunlaşmayacağını, uzunmüddətli bir proses olduğunu qeyd etmişdi.
Sitat: “Kipr adasının Türkiyənin təhlükəsizliyi, suverenliyi və müstəqilliyi üçün daşıdığı geosiyasi əhəmiyyəti dərk etmək lazımdır.” (1975)
Bu fikri ilə Türkeş Kiprin sadəcə etnik və mədəni bir məsələ olmadığını, eyni zamanda Türkiyə və Türk Dünyası üçüjb strateji əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Erdoğan və Bahçeli Türkeşin ev muzeyinin açılışında
Alparslan Türkeşin Kipr vizyonu və müasir geosiyasət
Türkeşin fikirləri bu gün də Kipr məsələsində aktualdır. O, hələ 1960-cı illərdən etibarən Kipr türklərinin hüquqlarını qorumaq üçün faktiki və siyasi addımların atılmasını zəruri saymışdır. Bu baxımdan, onun proqnozları və təklifləri, 1974-cü ildə Kiprin şimal hissəsində aparılan hərbi əməliyyatlarla qismən reallaşmışdır.
Bu gün Şimali Kipr Türk Cümhuriyyəti hələ də beynəlxalq səviyyədə tam tanınmasa da, Türkeşin fikirləri və onun irsini yaşadan siyasi qüvvələr Kipr türklərinin hüquqlarını qorumağa davam edirlər.
Alparslan Türkeşin həyat yolu və mirası
Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Kiprin Lefkoşa şəhərində dünyaya gəlib. O, Türk millətçiliyinin ideoloji əsaslarını müəyyənləşdirən şəxsiyyətlərdən biri olub. Gənc yaşlarından hərbi təhsil almış, Türkiyədə müxtəlif vəzifələrdə çalışmışdır. 1965-ci ildə Milliyyətçi Hərəkat Partiyasını (MHP) quraraq Türk millətçiliyinin siyasi mübarizəsini təşkilatlandırmışdır.
Türkeş bütün Türk dünyasının birliyini arzulayır, Kipr türklərinin hüquqlarını müdafiə edir, Türk dövlətlərinin müstəqilliyinə önəm verirdi. Onun Kipr mövzusundakı fikirləri, Türkiyənin 1974-cü ildəki Kipr Barış Hərəkatı ilə gerçəkləşmişdir.
O, 4 aprel 1997-ci ildə vəfat etdi. Onun ideyaları və mübarizə ruhu bu gün də Türkiyədə və Türk dünyasında yaşamaqdadır.
Kipr türkləri öz böyük oğullarına sevgi və minnətdarlığını heç zaman əskik etməyib.
Musavat.com xəbər verir ki, onun Lefkoşada doğulduğu və yaşadığı ev hazırda bir muzey olmaqdan daha çox ziyarətgahı xatırladır.
Lefkoşanın qədim hissəsində, həm də ən gözəl yerində yerləşən bu ev-muzey, Türkeşin mənəvi oğlu, hazırda KKTC-də (Kipr Türk Dövləti) yaşayan iş adamı Naim Aydoğdunun təşəbbüsü ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ideal bir şəkildə restavrasiya edilib.
Türkiyə prezidenti Ərdoğan Türkeşin ev - muzeyinin açılış törənində. 19.07.2021
Onun bir zamanlar yaşadığı ev indi KKTC dövlət rəhbərlərinin, Kipr millətçilərinin, dünyanın müxtəlif yerlərindən gələn türklərin ziyarətgah, görüş və təmas yeridir. KKTC prezidenti və dövlətin nazirləri hər cümə bu evdə toplanır, yeməkli söhbətlərə qatılır, bununla da böyük öndərə sevgi, minnət və sayğılarını ifadə edirlər.
Yeni Müsavat Media Qrupunun rəhbərliyi də bu tədbirlərə qatılıb, oradan çəkilişlər, canlı yayımlar həyata keçirib.
Böyük liderin ruhu şad olsun
Türk millətinin başbuğu Alparslan Türkeş, bütün həyatı boyunca Türk millətinin yüksəlişi, birliyi və müstəqilliyi üçün mübarizə apardı. Onun fikirləri bu gün də yaşayır, idealları isə yeni nəsillər tərəfindən davam etdirilir.
Tanrı Türkü qorusun və ucaltsın!
Rauf Arifoğlu Alparslan Türkeşin Lefkoşadakı ev - muzeyində
R. A.
Musavat.com
Lefkoşa: Rauf Arifoğlu KKTC Xarici İşlər Naziri Tahsin Ərtoğruloğlu və Türkeşin mənəvi oğlu Naim Aydoğdu ilə birlikdə
28 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ