İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin Ankara səfirindən iki mühüm Azərbaycan mesajı

Xəzərdən Aralıq dənizinə qədər yeni əməkdaşlıq platforması...

ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın  Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun forumunda verdiyi açıqlamalar regionda yeni strateji konfiqurasiyanın yaranmasına işarə edir. Birinci əsas məqam ondan ibarətdir ki, amerikalı diplomat Ankaranın fələstinlilərə tarixi dəstəyi ilə bağlı İsraillə arasında gərginliyə baxmayaraq, Vaşinqtonun onların silahlı münaqişəyə girməsinə heç vaxt icazə verməyəcəyini vurğulayıb.(mənbə: Haqqın.az)  

Barakın ikinci əhəmiyyətli bəyanatı ABŞ-nin Xəzərdən Aralıq dənizinə qədər yeni əməkdaşlıq platforması yaratmaq niyyəti ilə bağlı olub. Bu coğrafi dəhlizin Azərbaycan, Türkiyə və İsrail arasında enerji, eləcə də ticarət marşrutunu əhatə edəcəyi gözlənilir. ABŞ-nin Türkiyə və İsraili Xəzər-Aralıq dənizi dəhlizi boyunca birləşdirmək cəhdləri təkcə iqtisadi maraqlardan deyil, həm də İranın təsirini məhdudlaşdırmaq istəyindən irəli gəlir. Analitiklər hesab edirlər ki, Vaşinqton Tehranın ekspansionist siyasətinə qarşı Türkiyə-İsrail oxu yaratmaq və Yaxın Şərqdə qüvvələr balansını yenidən bölüşdürmək niyyətindədir.

Barakın açıqlamalarını Haqqın.az-a şərh edən türkiyəli politoloq Turqay Türker ABŞ səfirinin iki mühüm siqnal verdiyini qənaətindədir. Səfirin əsas mesajı ondan ibarətdir ki, Aralıq dənizinin təhlükəsizliyi İsrailin təhlükəsizliyi deməkdir. Xəzər dənizinin xatırlanmasına gəlincə, politoloq qeyd edib ki, bu, Moskva və Rusiya lideri Vladimir Putinə bir siqnaldır. “Xəzər-Aralıq dənizi marşrutu Tramp layihəsi kimi təqdim edilsə də, əslində bu, 30-40 il əvvəl düşünülmüş Qərb layihəsidir. Onun məqsədi Türkiyə üzərindən Aralıq dənizinə enerji axınını təmin etməkdir”, - deyə Türker bildirib.

Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat yaydı

 Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ABŞ-nin bölgədə xüsusilə Xəzərdən Aralıq dənizinə kimi uzanan yeni əməkdaşlıq platforması yaratmaq niyyəti Xəzər regionunun  əhəmiyyətini göstərən vacib nüansdır: “Birləşmiş Ştatların Cənubi Qafqaz-Mərkəzi Asiya xətti üzrə maraqları hər kəsə məlumdur. Biz bu maraqları məhz Vaşinqton görüşündən sonra daha aydın şəkildə müşahidə etməyə başladıq. Təbii ki, əsas diqqətçəkən məqam Rusiya və İrandan yan keçən enerji və ticarət infrastrukturunun formalaşdırılmasında dayanır ki, burada alternativsiz mövqeyə malik tək ölkə məhz Azərbaycandır. Eyni zamanda qardaş Türkiyənin də rolunu və gücünü qiymətləndirmək lazımdır. Birləşmiş Ştatlar regionda əsas müttəfiqləri olan  Türkiyə və İsrail arasında münasibətlərin gərginləşməsindən narahatdır. Belə məqamda Azərbaycanın hər iki ölkə ilə yüksək səviyyədə əlaqələrə sahib olması Vaşinqtonun bölgədə üçlü format yaratmaq təşəbbüsünü qüvvətləndirir”. 

G.Ağamalı dedi ki, Azərbaycan üçün bu inkişaflar bir fürsət olmaqla yanaşı, həm də regionda sabitliyin, suverenliyin və qarşılıqlı əməkdaşlığın artırılması istiqamətində önəmli addımlardır: “Azərbaycan həm enerji, həm nəqliyyat, həm də diplomatik sahələrdə bu yeni formatlarda fəal iştirak etməyə hazırdır. Bu cür təşəbbüslərin Azərbaycan-Türkiyə-İsrail əlaqələrinin yeni mərhələsinə keçid üçün stimul verəcəyi qənaətindəyəm. Eyni zamanda bu istiqamətdə Azərbaycanın milli maraqlarının qorunması, regionda sülh və əməkdaşlıq çərçivələrinin genişləndirilməsi vacibdir”.

Mübariz Göyüşlü: 'Sosial mediada hər kəs söyüləcəyindən ehtiyat edir'

Mübariz Göyüşlü

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü isə qeyd etdi ki, haqqında söhbət gedən məsələ çox maraqlı məsələdir: “Amerika səfirinin bu məsələlərə bu şəkildə reaksiya verməsi çox maraqlı məqamlardan xəbər verir. Mən hesab edirəm ki, Türkiyə, İsrail, Azərbaycan münasibətlərini yaxınlaşdıraraq, əlaqələrini sıxlaşdıraraq, bu əlaqələr və münasibətlər üzərindən regionda yeni bir marşrut, platforma formalaşdırmaq maraqlı bir məqam kimi qeyd oluna bilər. Sadəcə olaraq, bu məsələnin reallaşma ehtimalı orada çətin görünür ki, Türkiyə və İsrail arasında münasibətlər çox gərgindir. Yəni belə gərgin münasibətləri olan iki dövlət arasında Amerika tərəfi necə bir üçlü müttəfiqlik münasibəti quracaq. Bunu bəlli etmək çox çətindir. Bu mənada mən hesab edirəm ki, əgər bu çətinlik olmazsa, ideyanın özü maraqlı gəlir. Sadəcə, onun reallaşma mexanizmini şəxsən çox çətin görürəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR