Onlayn ictimai-siyasi qəzet
“Baş Prokurorluqdan 3 sms almışam, hər birində də şikayətimi bir rayonun prokurorluğuna, polisinə göndərildiyini yazırlar. 2 ildən artıqdır ki, şirkətin maşını faktiki olaraq oğurlanıb, ortada oğurluq cinayəti var. Üstəlik, maşın oğurlanandan sonra ban nömrəsi dəyişdirilib, saxta nömrə ilə Goranboy, Gəncə, Bakıya sürürlər. Hüquq-mühafizə orqanları isə oğurlanmış maşını aşkarlamaqda inanılmaz acizlik göstərirlər”.
Bunu Musavat.com-a Bakıda fəaliyyət göstərən “Fitstar Herbal Products” MMC-nin direktoru Firdovsi Vəliyev deyib.
Onun sözlərinə görə, MMC-nin keçmiş əməkdaşı Xəyyam Rəhimov 2 ildən artıqdır ki, “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobili yoxa çıxarıb.
Firdovsi Vəliyev bildirib ki, hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətləri ilə bərabər, baş prokuror Kamran Əliyevin 1 dəfə qəbulunda olub:
“Baş prokuror Goranboyda qəbul keçirdi. Orada qəbula düşdüm. Kamran Əliyev dedi ki, məsələ tez bir zamanda həllini tapacaq. Ondan sonra Baş Prokurorluqdan 3 sms almışam, həır bir sms-də də iş materiallarının o prokurorluqdan bu prokurorluğa, polisə göndərilməsini yazırlar. Baş Prokurorluqdan sms alıram, Xəyyam Rəhimovdan maşını ala bilmirəm”.
Firdovsi Vəliyev deyib ki, avqustun 20-də Xətai Rayon Prokurorluğunda keçirilən qəbulda növbəti dəfə baş prokuror Kamran Əliyevin qəbuluna düşməyə çalışıb:
“Lakin mənim kimi şikayətə gələnlərin sayı həddindən artıq çox olduğundan baş prokurorla görüşüb üzləşdiyim cinayət və cinayətin aradan qaldırılması üçün yetərli tədbirlərin görülməməsi ilə bağlı məlumat verə bilmədim. Bundan əvvəl vətəndaşların qəbulu ilə əlaqədar 19/07/2024-cü ildə baş prokurorun qəbulu vardı. Həmin qəbula qatılsam da, görüş yarımçıq kəsildiyindən məni sonradan kiçik ədliyyə müşaviri Toğrul Əhmədov qəbul etmişdi.
Hörmətli Kamran müəllim, Toğrul Əhmədov ərizəmi aldı, oxudu, təəccüblü şəkildə bildirdi ki, bu necə ola bilər ki, şirkətin avtomobili yoxa çıxıb, amma 1 ildir ki, axtaran, tapan yoxdur? Toğrul Əhmədovun sualına cavabı mən də 2 ildən artıqdır ki, axtarıram. Ona da dedim ki, avtomobil saxta nömrə ilə idarə olunur, bunu Goranboy rayonunun prokuroru da bilir. Amma cinayət işi başlamır. Gəncə Polisində araşdırma aparılıb, lakin avtomobil tapılmır ki, tapılmır! Təəccüblə bildirdi ki, bu necə ola bilər? Ardından da hamının eşidəcəyi tərzdə dedi ki, sizin ərizənizi cənab baş prokurora məruzə edəcəyəm. Vətəndaşlarla görüş yekunlaşandan sonra Goranboy prokuroruna zəng vurub soruşacağam.
Hörmətli Kamran müəllim, 2 gün sonra sms gəldi, yazılmışdı ki, şikayətim Goranboy Prokurorluğuna ötürülüb. Bundan 2 gün sonra isə daha bir sms gəldi. Bu dəfə də yazılmışdı ki, şikayətim Gəncə Prokurorluğuna göndərilib. Bu sms-dən sonra daha bir – 3-cü sms-i də aldım. Bu dəfə məlumat verilirdi ki, şikayətimi Gəncə Şəhər Polis İdarəsinə göndəriblər.
Hörmətli Kamran müəllim, Sizə əvvəllər də müraciətlərim olub. Həmin müraciətlərimdə qeyd etmişəm ki, Gəncə Şəhər Polis İdarəsində şikayətimə ədalətlə baxılmır. Bununla belə, şikayətim yenə ora göndərilib. Məcbur olub Gəncə Şəhər Polis İdarəsində təhqiqatçı Hüseynalı Məmmədovla əlaqə saxladım. O da dedi ki, araşdırmalı bir iş yoxdur, işi Goranboy Prokurorluğuna göndərir. Hörmətli Kamran müəllim, ümidim sizədir. Xahiş edirəm bu biabırçılığa son qoyun. Ölkənin hüquq-mühafizə orqanları 1 maşın oğrusunun qarşısında niyə bu cür diligödək durumdadır? Kimdir axı maşın oğrusuna “daydaylıq” edən?
Hörmətli Kamran müəllim, xahiş edirəm ki, məni qəbul edin. Üzləşdiyim süründürməçiliyə son verin! Nəhayət ki, avtomobilin oğurlanması, saxta nömrələrlə idarə olunması ilə bağlı cinayət işinin başlanması üçün müvafiq göstəriş verilsin!”
Firdovsi Vəliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova da məktub yazıb:
“Xahiş etmişəm ki, üzləşdiyim süründürməçiliyə son verilsin, avtomobilin oğurlanması, saxta nömrələrlə idarə olunması ilə bağlı cinayət işinin başlanması üçün müvafiq göstəriş verilsin”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ