Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul olunub.
Musavat.com-un məlumatına görə, qanun layihəsinə əsasən, əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması halları ilə bağlı istintaq hərəkətləri təxirəsalınmadan aparılacaq.
Vurğulanıb ki, dəyişikliklər son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyinin təmin etmək məqsədilə təklif edilir.
Mövcud qanunvericiliyə əsasən, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi növündə istintaq hərəkəti, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.
Təklif edilən dəyişikliyə görə, bu istintaq hərəkətinin təxirəsalınmadan aparılması zəruri olduğu hallarda müstəntiq tərəfindən belə zərurətin əsaslandırıldığı vəsatətə o məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılacaq.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ