İnsanlara hürriyət, millətlərə istiqlal!

Baltik ölkələri Laçın yolunda “ilişdilər...”

Litva və Estoniya ittiham edir ki, ermənilərə “humanitar böhran” yaşadırıq; deputat: “Ciddi araşdırma aparmadan mövqe bildiriblər, diplomatiyanın buraxdığı səhvlər var”

Şuşa-Xankəndi yolunda ekofəalların haqlı tələblərinə bəzi ölkələrdən aşkar qərəzli münasibət sərgilənməkdədir. Özünün demokratik dəyərlərə sadiq olduğunu hər zaman az qala gözə soxan Baltik ölkələri - Litva və Estoniyanın mövqeyi buna sübutdur.

“Yeni Müsavat” qeyd edir ki, hər iki ölkə bəyanat verərək “Dağlıq Qarabağ” adlandırdıqları ərazidə kəskin humanitar böhrana səbəb olan “Laçın dəhlizinin” blokadasından dərin narahatlıq keçirdiklərini bildiriblər, bu hadisələrin hərəkət azadlığına və Cənubi Qafqazda sülh prosesinə maneçilik törətdiyini iddia ediblər. Estoniya Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması isə qətiyyən qəbuledilməzdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Twitterdəki paylaşımında bildirilir. “İnsanların əzab çəkmələrinə dair iddialardan qeyri-qanuni iqtisadi fəaliyyətləri ört-basdır etmək və qanunsuz hərəkətlərə qarşı fəaliyyətin qarşısını almaq üçün istifadə etmək, görünür, yeni tendensiyadır. "Blokada şəraitində" avtomobillər keçirsə, yol necə bağlanmış olur?", - deyə nazirliyin paylaşımında bildirilib.

Yeri gəlmişkən, Bakı həmişə Baltikyanı ölkələr - Latviya, Estoniya, Litva ilə strateji dostluğa söykənən münasibətlər qurmaq əzmində olduğunu bildirib və onu əminliklə göstərib. Yada salaq ki, əksər litvalı siyasətçilər, politoloqlar və jurnalistlər 44 günlük müharibədə də Azərbaycanı Qarabağı qaytarmaq üçün hərbi yol seçdiyinə görə tənqid edirdilər. Qarabağın beynəlxalq hüquqa görə Azərbaycana məxsus olması, rəsmi Bakının çox uzun müddət və səbirlə gözlədiyi, lakin Qərbin köməyini görmədiyi - bütün bunlar məharətlə arxa plana atıldı. Rəsmi olaraq, həm Litva, həm Estoniya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Amma pərdəarxası fəaliyyət tam əksinədir.

Belə ki, işğal dövründə Ermənistan vasitəsilə qanunsuz olaraq Qarabağa gedən və geri qayıdan litvalılar mediada “qəddar azərbaycanlıların hücumları ərəfəsində bədbəxt ermənilərin hansı mənəvi və fiziki iztirablar çəkdiyini təsvir edirlər”. Litva Prezidenti Gitanas Nauseda bu ilin mayında regiona səfəri çərçivəsində Azərbaycanda olmuşdu. Bakıda Azərbaycan-Litva biznes forumu keçirilmişdi. Estoniya parlamentinin nümayəndələri isə Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar. Amma belə görünür ki, bu səfərlər Baltik ölkələrinin mövqeyində xüsusi dəyişiklik yaratmayıb. Bu iki ölkənin belə qərəzli münasibəti nədən qaynaqlanır? Baltikyanı ölkələrin bu qərəzli münasibətinin arxasında Bakının Rusiya ilə münasibətlərinin təsiri varmı?

Asim Mollazadə: “Dövlətimiz azad olunmuş ərazilərimizi cənnətə çevirməyə  qadirdir”

Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, bu ölkələrdə də erməni diasporunun, Avropa Birliyi və ABŞ-da fəaliyyət göstərən təşkilatların təsiri var: “Ona görə Litva və Estoniya ciddi araşdırma aparmadan mövqe bildiriblər. Biz faktlar və dəlillərlə onları məlumatlandırmalıyıq. Fikrimcə, burada Azərbaycan diplomatiyasının buraxdığı səhvlər var. Hesab etmirəm ki, bu dövlətlər dini təəssübkeşlikdən irəli gələrək bu cür bəyanatlar yayıblar. Əksinə, Rusiya sülhməramlılarının fəaliyyəti, Vardanyanın münaqişəni yenidən canlandırmaq üçüm addımları göz qabağındadır. Bütün bunlar yetərincə izah olunmalıdır ki, əsassız açıqlamalar olmasın”.

Ermənistanın təxribatlarına qarşı gücdən istifadə etmək məcburiyyətindəyik"  - ELXAN ŞAHİNOĞLU

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə deyir ki, ümumiyyətlə, haqlı olduğumuz halda yenə bizi haqsız duruma sürükləmək istəyirlər: “BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və Qərb dövlətlərinin "yolun açılmasıyla" bağlı Azərbaycana çağırışları buna sübutdur. İzahlarımızı qulaqardına vurdular. Narahat olmağa dəyməz, qulaqlarını tıxayaraq bizi eşitmək istəməyənlər həmişə olacaq, sadəcə, diplomatlarımız daha çox çalışsaydılar, nəticə bizim üçün fərqli ola bilərdi". Ekspertin fikrincə, hadisələrin inkişafının bir neçə variantı var: “Birinci variant -  Ermənistanla Qarabağı birləşdirən yolda etirazımız yataqlarda monitorinqə icazə verilən günə qədər sürəcək. Bu zaman müxtəlif ölkələrin Azərbaycana qarşı təzyiqləri davam edəcək. Ancaq bizi heç nəyə məcbur edə bilməzlər. Ermənistan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədi və Qərb dövlətlərindən heç biri buna görə İrəvana təzyiq etmədi. BMT qətnamələri yerinə yetirilmədisə, biz niyə bir qisim dövlətin "çağırışını" yerinə yetirməliyik? İkinci variant: Hərbçilərimiz artıq Ermənistanla Qarabağı birləşdirən yolda yerləşiblər. Hansısa mərhələdə sivil etiraza fasilə versək belə, nəticəni xeyrimizə dəyişmişik, azərbaycanlı hərbçilər yoldakı postda bölgəyə daxil olan və çıxan maşınları rahat şəkildə yoxlayacaqlar. Yoldan sivillər keçəcək, silah, sursat, mina və cinayətkarlar keçə bilməyəcək. Bundan sonra ermənilərin “yol bağlıdır” yalanı işləməyəcək. Yolu nəzarətə götürsək də, yataqların monitorinqi məsələsi aktuallığını qoruyacaq. Başqa variantlar da mümkündür. Əsas odur ki, yola enmişik  və bölgəyə silah və mina daşıyan erməni separatçılar rahatlıqlarını itiriblər. Növbəti mərhələdə “yol bağlı deyil, nəzarət altındadır, sivillər və xəstələr istifadə edə bilərlər” tezisimizi sübutlarla, görüntülərlə beynəlxalq aləmə qəbul etdirməliyik".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR