İnsanlara hürriyət, millətlərə istiqlal!

Baldır mükafatı

Görkəmli rejissor, mənim də çox bəyəndiyim Terri Gilliam-dan xoş xəbər var. Sənətkar “Dünyanın sonunda karnaval” adlı yeni filmin çəkilişlərinə başlayacağını elan edib. Filmin süjeti qısaca belədir ki, Allah dünyamızdan bezir, onu dağıtmaq qərarına gəlir, lakin Şeytan bəşəriyyəti xilas etmək üçün araya girir, deyir təzə Adəm və Həvva tapmışam, dağıtma, görək nə olur. Şeytanın insana vəkillik etməsinin məqsədi isə xoşməramlı deyil, əlbəttə. Sadəcə, Şeytan anlayır ki, dünya dağılsa, bəşər yox olsa, işsiz-gücsüz qalacaqdır. 

Gilliam bəyin yaradıcılığına bələd olanlar artıq bizi necə gözəl karnavalın gözlədiyini bilirlər və indidən, necə deyərlər, ağzımızın (bəlkə gözümüzün?) suyunu axıdırıq. Baş rollarda da, təsəvvür elə, Ceff Bridces (Tanrı) və Coni Depp (Şeytan) oynayacaq. O cümlədən Adam Drayver və Ceyson Momoa işin içindədir. Hərçənd Gilliamın 80-dən çox yaxşı var, ümid eləyək sağlıq durumu yerində olsun. 

Doğrudan da, bəlkə bizi Şeytan xilas edir, yoxsa planet çoxdan dağılmışdı. Bunun üçün əsaslar çoxdur. Məsələn, bugünlərdə bir Nobel mükafatı laureatını Elmlər Akademiyamıza dəvət edərək gətirdilər, ona çoxlu diplom, xalça, “Sədərək-şirniyyat”dən alınma kuboklar hədiyyə edildi, alimin ayağı altında xınalı qoç kəsildi. Tədbirdə AYB sədri Anar müəllim də çıxış etmişdir, deyib əgər alim istəsə biz onu gələn il AYB üzvlüyünə qəbul edərik, ev verərik, bu illik planımız dolubdur. Bircə sədr olmağı mümkün deyil, ora zanitdir. 

Elmi tədbirin ən maraqlı detallarından biri isə bu olub ki, alimə hədiyyələri əvvəlcə “xarici alim” kimi vermək istəyiblər, lakin o etiraz edib, deyib mən özümü azərbaycanlı hiss edirəm. (Gözəl hissdir. Mən də özümü hərdən azərbaycanlı hiss edirəm). Bundan sonra diplomu qaytarıblar sexə, sözlər dəyişdirilib. Hazırda bizim AMEA-nın Nobel mükafatçısı üzvü vardır! Gözəl nəticədir. O türkiyəli astronavtı da çağırıb Narxozun diplomunu versək, iqtisadiyyat elmimiz göylərdə uçar. Kosmosda şırımlar açarıq. Ara yerdə kosmonavt qazanarıq. Haçana qədər Musa Manarovla fırlanmaq olar? 

Sözgəlişi, azərbaycanlı kosmonavtlar Manarovla bitmir, biləsiniz. Sovet-Ukrayna kosmonavtı Vitali Jolobov da uzun müddət Bakıda yaşayıb, bizim “Azi”nin məzunudur. Həmçinin Nobel mükafatçılarımızdan Lev Landau-nu qeyd etməliyik. Landau indi yaşasaydı onu da Biləcəridəki 300 nömrəli məktəbin fəxri diplomu ilə mükafatlandırardıq. 

Bunlar vacib elmi işlərdir. Dünən mən hətta Nizami Gəncəvinin özünə aid kitabın təqdimatında iştirak elədiyini gördüm! İki nəfər kişi hansısa dövlət idarəmizdə, əllərində Nizaminin kitabıyla durmuşdular, ortada isə şairin özü əmmaməsi başında, “külüngü əlində”, ekrana baxırdı. Şok keçirdim, lap qanım dondu. Amma diqqət eləyəndə anladım ki, bu, şairin karton üzərində, 3D formatda siluetidir. Həmin kabinetdə belə görkəmli, tanınmış şairlərimizin çoxlu siluetləri var idi. Sanki dirilib qəbula yazılmışdılar. 

Doğrusu, belə şeyləri görəndə Terri Gilliamın məşhur “Monti Payton”dakı işləri də yadıma düşür, yəqin təsadüfi deyildir. Ümumiyyətlə, təsadüflər paralel dünyalarda olur, bizim öz balaca dünyamızda hər şey zərurətdən doğur. Bəs niyə Şamaxı rəsədxanası builki Həcc ziyarətinin vaxtını açıqlamadı, anlamıram. Yəqin yenə kimlərsə hörmətli şeyximizi vurmaq istəyir. 

Sonda daha bir mədəniyyət xəbəri: Mədəniyyət və İncəsənət Universitetimizin müəllim(ə)si intervü verib, deyib ki, bəzi qızlar dərsə mini yubkada gəlir, oğlanların gözü baldırda qalır, dərs pozulur və sairə. 

Beləcə, niyə kino çəkilmir, niyə mədəniyyətimiz geri qalır kimi zay-zuy sualların cavabı aşkar edildi: baldır imkan vermirmiş. 

Görəsən, alimlərə baldır göstərsələr, onlar Nobel ala bilərmi? Günün sualı budur. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR