Onlayn ictimai-siyasi qəzet
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Yol Patrul Xidməti (YPX) əməkdaşları ilə içkili şəxs arasında insident yaşanıb.
Oxu.Az-ın məlumatına əsasən, iyunun 26-da, gecə saatlarında baş vermiş hadisə YPX əməkdaşlarının vətəndaşa “saxla” əmrini verməsindən sonra olub.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru Musa Əsgərov tərəfindən tərtib edilən protokolda bildirilir ki, sürücü YPX əməkdaşlarına tabesizlik göstərib və “saxla” əmrinə tabe olmayıb.
Daha sonra sürücü xidməti avtomobilin arxa şüşəsini sındırıb və polis əməkdaşlarına xəsarət yetirib.
Polislərdən biri izahatında göstərib ki, həmin şəxs onlara qarşı hörmətsizlik edib, xidməti avtomobilə ziyan dəyib, şəxsən özü də gözündən xəsarət alıb.
Vətəndaş izahatında göstərib ki, polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olub. O, həmin vaxt içkili olduğunu deyib, törətdiyi əməli səmimi olaraq etiraf edərək peşmanlığını qeyd edib.
İşlə bağlı keçirilən məhkəmədə şəxsin törətdiyi əməli səmimi etiraf etməsi və peşman olması məsuliyyəti yüngülləşdirən hal hesab edilib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şəxs Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs edilib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ