Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın Şuşa Bəyannaməsinə qoşulması digər dövlətlər üçün təhlükədirmi? - şərh
Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ötən çərşənbə günü Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak edib və bir sıra təkliflərlə çıxış edib. O, Özbəkistanın təşəbbüsü ilə hazırlanmış “Türk dövlətləri arasında strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında Müqavilə”nin imzalanmasının aktuallığını vurğulayıb.
Sammitdən bir gün əvvəl isə Mirziyoyev Özbəkistanla Azərbaycan arasında müttəfiqlik münasibətlərini hüquqi şəkildə rəsmiləşdirən qanunu imzalayıb. Eyni zamanda bu sənəd Daşkəndin 2021-ci ildə Türkiyə və Azərbaycan arasında imzalanmış strateji sənəd olan Şuşa Bəyannaməsinə rəsmi şəkildə qoşulmasını da təsdiqləyir. Beləliklə, əvvəllər ikitərəfli olan bu sənəd ilk dəfə çoxtərəfli xarakter alır.
Azərbaycanlı təhlilçi Söhbət Məmmədov “Nezavisimaya Qazeta” nəşrinə bildirib ki, “Müttəfiqlik haqqında müqavilənin imzalanması və Özbəkistanın Şuşa Bəyannaməsinə qoşulması yeni bir ittifaqın formalaşması kimi qiymətləndirilə bilər”. Onun sözlərinə görə, Azərbaycan bu ittifaqı başqa inteqrasiya birliklərinə qarşı yönəltmir, əksinə, ikitərəfli və çoxtərəfli əməkdaşlıqları milli maraqları əsasında genişləndirir.
Mirziyoyevin təklif elədiyi belə bir çoxtərəfli müqavilə reallaşa bilərmi? Moskvanın reaksiyası necə olar?
Ümumiyyətlə, Mirziyoyev son illərdə Özbəkistanın xarici siyasətini fəal şəkildə yeniləyir: qonşu ölkələrlə münasibətləri yaxşılaşdırır, regional layihələrdə iştirak edir, eyni zamanda Türk dünyasında daha fəal rol oynamağa çalışır. Siyasi şərhçilər bildirir ki, onun təklif etdiyi çoxtərəfli müqavilə həm Özbəkistanın regionda nüfuzunu artırmaq, həm də TDT-yə hüquqi əsas vermək cəhdi kimi qiymətləndirilə bilər. Bu, təşkilatın uzun müddətdir gözlənilən “məşvərətçi klub” statusundan real siyasi-ictimai aktora çevrilməsi üçün fürsət yaradır.
Məlum olduğu kimi, Şuşa Bəyannaməsi indiyədək yalnız Türkiyə və Azərbaycan arasında ikitərəfli strateji sənəd idi, amma Özbəkistanın bu sənədə qoşulması gələcəkdə digər türkdilli ölkələrin də ona tərəf meyl etməsinə qapı aça bilər. Əgər bu baş verərsə, o zaman bəyannamə faktiki olaraq Türk Dövlətləri Təşkilatının əsas strateji çərçivəsinə çevriləcək. Bu, təşkilatın yalnız iqtisadi-humanitar sahədən çıxaraq təhlükəsizlik və müdafiə məsələlərində də koordinasiyasını artırmasına zəmin yaradar.
Moskvanın narahatlığı və ehtimal edilən reaksiyalara gəldikdə isə Rusiya türkdilli ölkələrin yaxınlaşmasını, xüsusilə də strateji və təhlükəsizlik səviyyəsində inteqrasiyanı diqqətlə izləyir. Moskvanın rəsmi ritorikası çox zaman neytraldır, amma arxa planda “qırmızı xətlərin” qorunmasına çalışır.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a danışıb: “Beləliklə, Özbəkistan Azərbaycan-Türkiyə ittifaqını nəzərdə tutan Şuşa Bəyannaməsinə qoşuldu. Şuşa Bəyannaməsinin genişlənməsi digər dövlətlər üçün təhlükə mahiyyəti daşımır. Əksinə, Şuşa Bəyannaməsinin əsas məqsədi təhlükələrdən birgə qorunmaq və strateji əməkdaşlığı gücləndirməkdir. Şuşa Bəyannaməsinə görə, Türkiyə və Azərbaycan bir-birilərini təhlükəsizlik sahəsində dəstəkləməli, xarici müdaxiləyə qarşı birgə müqavimət göstərməlidir. İndi Özbəkistan da bu konsepsiyanın tərkib hissəsinə çevrildi. Özbəkistana təhlükə yaranarsa, Azərbaycan və Türkiyə müttəfiq dövləti dəstəkləməlidirlər və tərsinə, əgər Azərbaycan və Türkiyəyə təhlükə yaranarsa, Özbəkistan müttəfiqlərinə hərtərəfli dəstək verməlidir. Şuşa Bəyannaməsi hərbi blok olmasa da, sənədə qoşulan ölkələr faktiki hərbi müttəfiqlərə çevrilirlər.
Rusiya Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliyinə qoşulmasını istəyirdi. Daşkənd Moskva ilə tərəfdaşlıq münasibətlərinə baxmayaraq, Kremlin istəyini yerinə yetirmədi. Doğrudur, müxtəlif vaxtlarda Özbəkistan bu təşkilatların üzvü olub, ancaq sonradan həmin təşkilatları tərk etmək qərarını verib. Bu, İslam Kərimovun Özbəkistan Prezidenti olduğu illərdə baş verib. İslam Kərimov türk dövlətləri arasındakı inteqrasiyaya da ehtiyatla yanaşırdı, Türkiyə ilə yaxınlığa çalışmırdı. Şövkət Mirziyoyev Özbəkistan Prezidenti seçildikdən sonra türk dövlətləri, o cümlədən Azərbaycan və Türkiyə ilə ittifaqı gücləndirdi. Özbəkistanın Azərbaycan və Türkiyə ilə ittifaqa qoşulması Rusiya, İran, hətta Çindəki siyasi mərkəzlərin xoşuna gəlməsə də, onlar türk dövlətləri arasında artan inteqrasiyanı zəiflədə bilməyəcəklər".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
27 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ