Onlayn ictimai-siyasi qəzet
Ötən il 29 sentyabr tarixində gecə saatlarında Səbail rayonunda polisə tabe olmayaraq yük maşınını sərxoş vəziyyətdə idarə edən və yeddi avtomobili əzən şəxsin məhkəməsi başa çatıb.
1983-cü il təvəllüdlü Yaşar Muradov Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) və 234.1 (Narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham edilib.
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Y.Muradovu yol polisi əvvəlcə Salyan şossesində saxlayıb. Lakin orada mübahisə baş verdiyi üçün əraziyə Çevik Polis Alayının əməkdaşları çağırılıb. Bundan sonra Muradov idarə etdiyi “Mercedes Actros” markalı yük avtomobilinə əyləşərək oradan uzaqlaşıb. Polislər onu təqib edərkən Y.Muradov yük avtomobilini Bayıl qəsəbəsinin dar küçələrinə salıb. Nəticədə iriqabaritli yük avtomobili Litvin Babayev küçəsində yeddi avtomobili əzib.
Belə ki, vətəndaşlara məxsus “Hyundai Sonata”, “Changan CS 85”, “Hyundai Elantra”, “Mercedes-Benz”, “Mercedes-Benz E Klass”, “Nissan Micra” markalı, eləcə də Muradovun sürücü işlədiyi şirkətin yük maşınına xeyli ziyan dəyib.
Hadisə vaxtı polislər Y.Muradovu atəş açmaq hesabına saxlaya biliblər. Həmçinin Bayıl qəsəbə sakinləri maşınları əzən yük maşınının sürücüsünə hücum ediblər.
Səbail Rayon Məhkəməsi sürücüyə qarşı narkotik ittihamını qəbul etməyib və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə bəraət verilib.
Y.Muradova Məcəllənin 221.2.2-ci maddəsinə əsasən, 1 il 4 ay müddətinə həbs cəzası verilib.//“Qafqazinfo”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ