İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan gedib xaricdə “arzt” olanların sayı artır - səbəblər

Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb - həkimlər deyir ki...

“Azərbaycanda tibb mütəxəssislərinin Almaniyaya kütləvi şəkildə köçməsi ölkədə həkim çatışmazlığı problemini daha da kəskinləşdirir. Qəbul plan yeri artırılmalıdır”. Bu barədə təhsil eksperti Kamran Əsədov öz sosial media hesabında qeyd edib.

Ekspert xatırladıb ki, son 5 il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb: “Bu tendensiya tibb tələbələri arasında da yayılıb, onlar təhsil aldıqları müddətdə alman dili kurslarına qatılaraq xaricdə işləməyə hazırlaşırlar. Azərbaycanda tibb təhsilinə olan maraq son illərdə xeyli artıb, lakin qəbul planının məhdud olması və xaricə köçən həkimlərin sayı səbəbindən ölkənin səhiyyə sistemində ciddi kadr çatışmazlığı yaranır. Bu vəziyyətin aradan qaldırılması üçün tibb təhsilinin daha geniş və əlçatan olması vacibdir. Hazırda Azərbaycan Tibb Universiteti ölkədə tibb təhsili üzrə aparıcı mərkəzdir, lakin qəbul yerlərinin azlığı səbəbindən hər il yüksək bal toplayan yüzlərlə abituriyent tibb sahəsinə daxil ola bilmir və başqa sahələrə yönəlmək məcburiyyətində qalır.

Ölkədə hər 1000 nəfərə 2,1 həkim düşməsi, Almaniyada isə bu rəqəmin 4,3 olması tibb təhsilinə qəbulun artırılmasının nə qədər zəruri olduğunu göstərir".

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?

Kamran Əsədov 

Kamran Əsədov qeyd edib ki, Azərbaycan tibb təhsili üzrə digər ölkələrlə müqayisədə geri qalır: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 1000 nəfərə düşən həkim sayında dünya ortalaması təxminən 3,5-dir. Bu isə Azərbaycanda tibb kadrlarının yetişdirilməsi və saxlanılmasının milli səhiyyə sisteminin dayanıqlığı üçün əsas olduğunu göstərir.

Bununla yanaşı, yüksək səviyyəli mütəxəssislərin hazırlanması üçün tibb təhsilinin keyfiyyəti və müasir standartlara uyğun olması da vacibdir. Müasir tədris laboratoriyaları, klinik təcrübə imkanları, həmçinin beynəlxalq təlim və proqramlarla əməkdaşlıq vasitəsilə tələbələrin praktiki bilikləri artırıla bilər. Əgər Azərbaycan Tibb Universiteti beynəlxalq səviyyədə tanınan kurslar və təlim proqramları ilə əməkdaşlığı genişləndirərsə, bu, tələbələrin daha keyfiyyətli təhsil almalarına və xaricə axının azalmasına səbəb ola bilər.

Bütün bu tədbirlər qəbul planının artırılması və təhsil keyfiyyətinin yüksəldilməsi ilə birlikdə, Azərbaycanda tibb sahəsində mütəxəssis çatışmazlığını azaltmağa və milli səhiyyə sisteminin inkişafını dəstəkləməyə kömək edə bilər.

Belə bir vəziyyətdə tibb ixtisasına qəbul planının artırılması zərurəti ortaya çıxır. Hazırda 1300 qəbul yeri tibb sahəsində ölkənin ehtiyaclarını qarşılamaq üçün kifayət etmir və bu rəqəmin artırılması tələb olunur.

Qəbul planı artırılaraq yüksək bal toplayan tələbələrin tibb sahəsinə yönəldilməsi ölkədə peşəkar kadr çatışmazlığının qarşısını almağa kömək edər və müasir tibb kadrlarının formalaşmasını təmin edər".

Bəs digər ekspertlər səbəbi nədə görür? Dövlətimiz bu yöndə hansı işləri görməlidir?

Adil Qeybulla istefa verdi Pravda.az

Adil Qeybulla

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, həkimlərin, eləcə də tibb işçilərinin başqa ölkələrə getməsinin əsasında ilk növbədə sosial səbəblər dayanır: “Yəni onlar daha çox əmək haqqı, şərait dalınca qaçırlar. İkinci səbəb isə həkimlərə olan münasibətdir. Biz Azərbaycan Həkimləri İctimai Birliyi adından dəfələrlə hökumətə müraciət ünvanlamışıq ki, sertifikasiya imtahanı həkimlərə təhqirdir. Təsəvvür edin, həkimlər ali məktəbdə verdiyi imtahanı təkrarən bir də verir. Dünyanın heç bir yerində bu cür biabırçılıq yoxdur və təəssüf ki, bu hal davam edir. Yəni dünyada imtahan verib, Tibb Universitetini bitirib diplom almış həkim üçün sonrakı etaplarda, mərhələlərdə akkreditasiya sistemi var. Həkim nə qədər təcrübə mübadiləsində olub, nə qədər xəstə müalicə edib, həmin dövrdə özünü necə aparıb, bütün bunlar araşdırılır və ona yenidən lisenziya verilir.

Bəs sertifikasiya imtahanı nədir? Bu imtahanın çox hissəsi də neqativ hallarla dolu olur. Bunu açıq etiraf etmək lazımdır. Artıq qulağımıza müəyyən neqativ hallarla bağlı məlumatlar gəlib çatır. Deməli, burada başqa maraqlar var. Bəs niyə bunu ləğv etmirlər? Bu qədər mütəxəssislər danışır, müraciət edir, amma heç kim bu sertifikasiyanı ləğv etməyi düşünmür. Əgər bunu ləğv etmirlərsə, demək ki, burada “qara maraqlar” var. Bu baxımdan hesab edirəm ki, bu, çox ciddi məsələdir. Biz xaricə “beyin axını”nın qarşısını almalıyıq. Əgər bununla bağlı tədbirlər görülmürsə, deməli, bu işdə də maraqlar var. Başqa bir məsələ, bu gün bizim Tibb Universitetimizdə təhsil üçün xeyli şərait yaradılıb. Yəni Qərb təhsilinin strukturlarına keçidlə bağlı xeyli işlər görülüb. Məsələn, artıq imtahanlar elektron qaydada görünür, imtahan götürülməsi zamanı əvvəlki vaxtlarda olan neqativ hallar demək olar ki, sıfıra endirilib və ali məktəb öz formasını yavaş-yavaş alır. Əlbəttə ki, burada maaşlar da adekvat olmalıdır. Yəni ali məktəb müəllimlərinin maaşları qaldırılmalıdır. Həmçinin məlum olduğu kimi, Azərbaycan Tibb Universiteti publik hüquqi şəxsə çevrilib, amma dövlətin də ona dəstəyi olmalıdır. Bundan başqa, universitetdə yetərincə kadrlarımız var, onların potensialından düzgün istifadə olunmalıdır. Bizdə rezidentura sistemi var və rezidentlərin öyrənilməsi üçün xəstə lazımdır, amma yoxdur. Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapiya korpusları iflas durumundadır, çünki ora İcbari Tibbi Sığorta xəstə vermir, sanki bu işdə ümummilli marağın əleyhinə gedirlər. Bunu da araşdıran yoxdur. Rezidentlərin də hamısı Almaniyaya, Türkiyəyə gedir və orada da ilişib qalırlar. Beləliklə, səhiyyənin yenidən təşkilinə ehtiyac var".

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə qeyd edib ki, bu mövzu artıq bir müddətdir ki, aktual olaraq qalır: “Tibbi tələbələrimiz universiteti bitirdikdən sonra rezidentura təhsilini almaq üçün digər ölkələrə, xüsusən Almaniyaya üz tutduğunu görürük. Burada bir neçə səbəb var. Onlardan biri təhsil imkanlarının bir qədər səthi olması ilə bağlıdır. Hər zaman gənclik mərkəzə doğru üz tutmağa çalışır və bu normal haldır. Amma sayın artıq çox olması müəyyən qədər düşünməyə əsas verir. Beləliklə, burada ilk səbəb təhsillə bağlıdır.  İkinci məsələ isə rezidentura zamanı ödənişlərin, təqaüdlərin çox aşağı olmasıdır. Məsələn, Almaniyada rezidenturada oxuyan tələbələrimizin aldığı məvacib onların gündəlik həyatını ödəyəcək qədərdir. Baxmayaraq ki, Almaniya ölkəmizlə müqayisədə bahalı ölkədir, bununla belə, verdikləri məvacib yetəri qədərdir.  Başqa bir məsələ, tələbələrin başqa ölkələrə getməsinə pozitiv baxmaq lazımdır. Yəni tələbələrimizin  xarici ölkələrdə təhsil alması onların gələcək inkişafına təsir edir, dil bilgilərini genişləndirir. Tələbələrin bir qismi vətənə dönür, öz bildiklərini tətbiq edir, xaricdə məskunlaşan qismi isə Azərbaycan diasporunun güclənməsinə təsir edir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR