İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı təzə binaların möhkəmliyinə 2 fərqli baxış

Hansına inanaq, paytaxtda fundamentsiz evlər var?..

“Yeni tikilən binalardan çox son vaxtlar şəhərsalmanın reqlamenti qoyulandan sonra bu istiqamətdə bir qədər dəyişiklik oldu. Amma köhnə binaların da hamısı problemlidir. Hətta Bakıda fundamentsiz binalar mövcuddur. Çox vaxt binanın beton birləşmələrinin özündə belə müəyyən dərəcədə qənaət etmək üçün bəzi addımlar atılıb”.

Musavat.com-un məlumatına görə, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Türkiyədə baş verən zəlzələdən sonra Bakıdakı binaların vəziyyəti ilə bağlı əhali arasındakı narahatlığın səbəblərindən danışarkən deyib.

O, səbəbləri belə izah edib: “Birincisi, çox səriştəsiz və qabiliyyətsiz adamlar tikinti sektoruna daxil oldular və məmur pullarıyla burada bina tikintisi ilə məşğul oldular. Məsuliyyətsiz şəkildə arxayın oldular ki, onlara heç kim söz deməyəcək və belə də binaları təhvil verib müəyyən dərəcədə aradan çıxdılar. Digər tərəfdən, sementin və betonun keyfiyyəti məsələsində problem var. Bunların hamısı da korrupsiya ilə bağlı məsələdir. Bu baxımdan, bizdə bu təhlükə daha böyükdür”.

Deputatın sözlərinə görə, Türkiyədə isə müəyyən dərəcədə bu sahəyə 2007-dən sonra daha çox diqqət ayrılmağa başlandı və müəyyən tələblər sərtləşdirildi:

“Amma bizdə tələblər son illərdə sərtləşdirilsə də, bütövlükdə, köhnə tikililərin xeyli hissəsinə baxanda görürsən ki, müəyyən problemlər mövcuddur. Yeni tikililərdə də sement, beton və armaturla bağlı böyük problemlər var. Armatur istehsalıyla bağlı narahatçılıq yaradan amillər var idi. Məsələn, ikinci-üçüncü əl materiallardan armaturun alınması və s. Burada monopoliya olduğuna görə, bu məsələdə problemlər ortaya çıxdı. Hətta məhkəmə çəkişmələrində və başqa yerlərdə bunu açıqca görmək oldu. Allah qorusun, əgər bizdə belə bir hadisə olarsa, bunun təhlükəsi daha böyükdür. Həm də ki, bizdə ən təhlükəlisi odur ki, kim harada istədi pulunu verdi və 2 binanın arasında bina tikdi, yaxud binanı özünə birləşdirdi. Yox, təsəlli verək ki, hər şey əladır, hər şey yaxşıdır, yalandır. Hamısını başdansovdu edirlər və qurtarır. Mən bu sahənin mütəxəssisi deyiləm, amma eşitdiyim-bildiyim hallar onu göstərir ki, bizdə də bu, fəlakətli bir nəticə ortaya çıxara bilər”.

Oxu.az - Məmurların dərdini dilə gətirən deputat: Fazil Mustafa gələn il  “Bakını xilas edəcək”

F.Mustafa insanların yeni binalara olan inamsızlığını normal qəbul edir: “Səbəb beton, sement və armaturdur. İndiki tikinti materialları keyfiyyət baxımından çox geridədir. Həm də ki, bunların üzərində yoxlama-filan aparılmır. Hər kəs gedir pulunu alır, vəssalam, axırda camaatın canı çıxır. Təqribən bu variantdır. Ona görə də ən azı onun betonunu yoxlamalısan. Mən özüm də tikintidə işləmişəm və hansı binaların necə tikildiyini təqribən bilirəm. ”Ağ Şəhər"də standartlar çox ciddi gözlənildi. Amma digərlərinə belə arxayın olmaq olmaz. Ona görə də bu məsələdə narahatçılıq var və açığı, bu narahatçılıq əsassız deyil".

Qeyd edək ki, Türkiyədə dəhşətli zəlzələdə binaların yerlə-yeksan olması, zəlzələyə davamlı olmaması ölkəmizdə də bu sahəyə diqqəti artırıb. Bununla bağlı səslənən təzadlı fikirlər geniş müzakirə olunmaqdadır. Məsələn, Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirmişdi ki, 2019-cu ildən bəri Bakıda tikinti şirkətləri tərəfindən tikinti ərazisinin seysmoloji xəritəsi ilə bağlı Respublika Seysmoloji Mərkəzə müraciət olunmur. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə deyib bu, heç sovet dövründən qalma normativ sənədlərdə belə yoxdur: “Lakin praktikada belə bir şey var idi və bəli, bu, 2019-cu ilə qədər davam edib. Seysmoloji Xidmət Mərkəzinin əsas vəzifələri respublikanın seysmik xəritəsinin, mövcud yaşayış məntəqələrinin seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması, seysmologiya sahəsində elmi-tədqiqat işlərinin aparılması, zəlzələlərin proqnozlaşdırılması və digər bu qəbildən olan məsələlərlə bağlıdır. Mərkəz tərəfindən hazırlanan bu xəritələr əsasında ayrı-ayrı obyektlərin layihələndirilməsini və tikintisini aparmaq olmaz”.

Əgər bu layihə özünü doğrultsa - ELXAN ƏSƏDOV - Günün Səsi

Elxan Əsədov

E.Əsədov deyib ki, son 15 il üçün tikinti keyfiyyəti çox yüksək səviyyədədir və Azərbaycan ərazisində baş verə biləcək istənilən zəlzələyə davamlıdır.

“Bizdə 30-40 il əvvəl və ya 1 il bundan əvvəl tikilmiş binalarda ən böyük problem sonradan sakinlərin və mülkiyyətçilərin icazəsiz apardığı müdaxilələr və dəyişikliklərdir. Bu gün biz Bakıda və respublika ərazisində 70-ci illərdə tikilmiş iri bloklu, beton panel binaların panellərinin dağıdılaraq otaqların genişləndirilməsi, yaxud zirzəmi hissəsində bünövrənin dağıdılaraq qapılar açılması, mənzilin planını dəyişdirmək üçün müəyyən konstruksiyaların sökülməsi kimi hallarla qarşılaşırıq. Bizim zəlzələyədavamlılıq baxımından ən böyük bəlamız deyərdim ki, budur. Hesab edirəm ki, bununla mübarizə daha da sərtləşdirilməlidir. Qanunvericiliyə əsasən, hər bir mülkiyyətçi və ya balans saxlayıcı təşkilat binaların qorunmasına cavabdehdir. Müdaxilə olmasa belə, binalarda hansısa qüsurlarla, çatlarla, dağıntılarla qarşılaşdıqları halda bizə müraciət etməlidirlər və bizim institutlarımız tərəfindən müqavilə əsasında həmin binalarda müayinələr aparılıb, aktlaşdırılmalı və bunun əsasında qüsurların aradan qaldırılması üçün mülkiyyətçilər tərəfindən lazımi tədbirlər həyata keçirilməlidir”.

E.Əsədov deyib ki, Azərbaycanda binaların tikintisində istifadə olunan materiallar Sadıq Dadaşov adına Elmi Tədqiqat İnstitutu tərəfindən yoxlanılır.

Beləliklə, təzadlı fikirlər narahatlıq doğrumaqdadır. Bəs mütəxəssislər bu iki fərqli baxışa necə yanaşır?

What is situation in real estate market, will prices decrease? - <font  color=red>Expert review</font>

Ramil Osmanlı 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Fazil Mustafanın açıqlamasının konkret olaraq nədən qaynaqlandığını bilmirəm. Lakin bu, kifayət qədər ciddi ittihamdır və ”ikinci əl" armatur, fundamentsiz evlərin olması faktları varsa, təbii ki, araşdırılmalıdır. Yəni fundamenti olmayan fərdi yaşayış evi ola bilər, amma 12-16 mərtəbəli binanın fundamentinin olmaması... Həmin binanı heç ayaq üstdə saxlamaq olmaz. Yəni bu bir qədər düşündürücü məsələdir.

Bir sıra ekspertlər bəyan edirlər ki, Bakıda tikinti  standartlarında 10 ballıq zəlzələyə davamlılıq məsələsi var. Bu belə deyil. Amma işçi-layihə təqdim olunarkən FHN-nin müvafiq qurumları tərəfindən buna rəy verilir, bu rəyin də mahiyyəti ondan ibarətdir ki, həmin binanın təqdim olunan işçi layihənin müvafiq tikintin tələbələrinə uyğunluğu yoxlanılır. Yalnız tələblərə cavab verilirsə, ona rəy verilir. Burada tələblərə cavab vermək deyəndə seysmik göstəricilər də nəzərə alınır".

Ekspert qeyd edib ki, Bakı şəhərində son illərdə inşa  olunan binaların əksəriyyəti seysmik  göstəricilər baxımından davamlı tikililərdir və burada keyfiyyət problemi yoxdur: “Bizim əsas problemimiz Sovet dövründə inşa edilmiş  köhnə yaşayış binalarıdır, hansı ki, onlar artıq istismar müddətini başa vurub və bir də binaların həddən artıq nizamsız bir-birinə yaxın, nəqliyyat infrastrukturunun üzərində inşa olunmasıdır. 

Hesab edirəm ki, Bakı şəhərində bütövlükdə çoxmənzilli və hündürmərtəbəli binalarla bağlı yekun bir monitorinq  aparılmalıdır. Ola bilər ki, müəyyən binalar sonradan  hansısa problemlər nəticəsində qəzalı vəziyyətə düşüb və yaxud istismara qismən yararsız inşa olunub və sairə, bütün bu məsələlər araşdırılıb, üzə çıxarılmalıdır".

Ramil Osmanlı bildirib ki, tikinti məsələlərinə nəzarət kifayət qədər güclüdür: “Doğrudur, müəyyən subyektiv məqamlar da var. Bunun nəticəsində bu gün Bakı şəhərində tikinti əmsalları pozulur, layihələrdə nəzərdə tutulandan kənar olaraq binalarda mərtəbələr artırılır. Əlbəttə ki, bununla bağlı rəy alınır, amma hesab edirəm ki, bu yolverilməzdir və olmamalıdır. Və yaxud sıxlıq əmsalı 2,8-dir, bəzən görürük ki, 3,5,-3,6 əmsalla bina tikən şəxslər var. Keyfiyyətlə bağlı 5-10 il bundan əvvəl problemlər var idi. Belə ki, xüsusən də devalivasiyadan əvvəl banklar müştərini təhlil etmədən, kimə gəldi kredit paylayırdı. Həmin zamanlar Bakıda təsadüfi şəxslər tərəfindən çoxmənzilli binalar inşa olunurdu və təbii ki, həmin binalarda keyfiyyət problemi sual altına düşə bilirdi. Lakin hesab edirəm ki, xüsusən də Bakı şəhərinin mərkəzi və mərkəzə yaxın olan ərazilərdə inşa olunan  binalarda keyfiyyət problemi aktual deyil. Məsələn, o tikililərin əksəriyyəti Rusiyadan, Ukraynadan gətirilən armaturla tikilib. Amma məlum olduğu kimi beton daşıyan maşınlar şəhər gecə vaxtları daxil olur və beton həmin vaxt tökülür. Bu proses aparılanda neqativ amillərin ola bilməsi artıq insan faktoruna bağlı məsələdir. Ümumiyyətlə, fikrim bundan ibarətdir ki, Bakı şəhəri paytaxt olaraq köhnə tikililərdən təmizlənməlidir. Bu həm  təhlükəsizlik, həm də şəhərin infrastrukturunun təmir, bərpa  olunması, əvvəlki vəziyyətinə qayıtması baxımından vacib məsələdir.

Hacıbala Abutalıbov Bakı şəhərini elə vəziyyətə salıb ki, bu gün tutaq ki, şəhərdə iki yolun genişlənməsi üçün hökumət az qala 1 milyard vəsait sərf etməlidir. Bütün obyektləri binalar yolun üstündədir. Hətta xidmət  obyektləri belə mərkəzin prospekt və küçələrinin kənarında elə inşa edilib ki, yolun hərəkət hissəsində insanlara xidmət göstərilir. Bu xaotik vəziyyəti aradan götürmək üçün paytaxt köhnə tikililərdən təmzilənməlidir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR