İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı binalar zəlzələyə nə qədər dözümlüdür?- Mütəxəssislər danışdılar

“Tikinti işi layihədə təsdiq edilmiş formada aparılıbsa, binalarla bağlı narahatlıq yoxdur. Əsas narahatlıq layihədən kənara çıxmalar və tikinti prosesi başa çatdıqdan sonra binanı idarə edən şəxslər tərəfindən müdaxilələr, dəyişikliklərlə bağlıdır”.

Bu fikirləri Musavat.com-a təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) binaların tikintisinə ciddi nəzarət edir: “Mən onlarla binanın tikintisində iştirak etmişəm, hər mərtəbə tikildikcə, bünövrədən dama qədər olan prosesə FHN tərəfindən nəzarət var idi. Yəni bir mərtəbə hazır olanda beton, armatur və s. baxılır, nümunələr götürülür, yalnız bundan sonra növbəti mərtəbələrin tikintisinə icazə verilir. Proses belə olur. Elə bina olub ki, mərtəbəsi nəzarətsiz tikildiyi üçün sökülüb. Əgər haradasa nəzarət olmayıbsa, layihə təsdiq olunmayıbsa,  prosesin necə aparıldığı sual altındadır”.

Seysmoloq alim  Ənvər Əliyev Musavat.com-a açıqlamasında bildirdi ki, 1977-ci ildə hazırlanmış xəritəyə əsasən Bakı 8 ballıq zəlzələ zonasına düşür. Ekspert qeyd etdi ki, binaların zəlzələyə davamlılığı layihələndirmədən, bütün normativ aktlara əsaslanmaqdan asılıdır: “Binaların hündürlüyü, mərtəbələrin sayı zəlzələyə davamlılıqda o qədər də ciddi rol oynamır. Bakıda 9 ballıq (red: layiləndirmədə 1 bal artıq hesablanır) zəlzələyə dözməyəcək binaların tikilməsi doğru deyil. Bu da mühəndis heyətindən asılıdır. Başqa sözlə ifadə etsək, tikintinin keyfiyyəti daha çox layihələndirmədən, o cümlədən tikinti materiallarının keyfiyyətindən asılıdır. Bunu nəzərə alaraq, daha məsuliyyətli olmaq lazımdır ki, Türkiyədəki kimi böyük faciələr yaşanmasın”.

Mütəxəssis həmçinin qeyd etdi ki, sərt qayaların olmadığı, yumşaq süxurların olduğu ərazilərdə   tikilən binalar daha möhkəm olmalıdır.

Qeyd edək ki,  mətbuata açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, Azərbaycanın çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşir. Bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin - investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. “Bakının relyefi və tektonik quruluşu 9 mərtəbədən yuxarı binaların tikintisinə imkan vermir” kimi iddiası ilə FHN rəsmisi bildirib ki, bu fikirlər əsassızdır.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR