Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı araşdırmalar davam edir. Müttəhimlər kürsüsünə Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılov çıxarılıblar. Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsi davam edir.
Musavat.com xəbər verir ki, aprelin 4-də keçirilən prosesdə şahid qismində Xandadaş Cəfərov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Dəyanət Qüdrətovu tanıyır. Xandadaş Cəfərovun sözlərinə görə, Dəyanət Qüdrətovla 15 ay hərbi xidmətdə bir yerdə olublar, ordudan tərxis olunandan sonra görüşməkdə davam ediblər: “Hadisə ilə bağlı mənim heç bir məlumatım olmayıb. Hadisə haqda məlumatı sosial şəbəkədən öyrənmişəm. Sonuncu dəfə Dəyanət mənimlə görüşmək istədi. Mən “Çingizxan” restoranında ofisiant işləyirdim. Ona işdən çıxa bilmədiyimi, işdən sonra görüşməyi təklif etdim. Bir qədər sonra Dəyanət yenidən zəng etdi. Dedi, görüşməyə vaxtı yoxdur. Mən ondan niyə vaxtı olmadığını soruşduqda, bildirdi ki, rayona gedir. Daha mən heç bir söz demədim. O da mənə bir söz demədi”.
Şahid qeyd edib ki, Dəyanət Qüdərtovla sonuncu dəfə “Bravo”da baş verən hadisədən 10 gün əvvəl üzbəüz görüşüb. Dəyanət ona hadisə barədə heç bir söz deməyib, vatsapda da bununla bağlı heç bir yazışmaları olmayıb. Şahid ifadəsində digər təqsirləndirilən Azər Məmmədovla əlaqəsinin olmadığını, onu tanımadığını da deyib.
Sərbəst ifadədən sonra hakim şahiddən “İstintaq zamanı müstəntiq sizə təzyiq göstəribmi” sualına “xeyr” cavabını verib. Hakimin sorğu-sualı zamanı şahid ibtidai istintaqa sərbəst ifadə verdiyini, təzyiq olunmadığını, ifadəni verəndən sonra oxuyub, sonra imzaladığını deyib. Hakimlər şahid Xandadaş Cəfərovun məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğunu açıqlayıblar. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilib.
İstintaqa ifadəsinə görə Dəyanət Qüdrətov ona partlayışlar törədəcəyini, bundan böyük məbləğdə pul tutacağını deyib: “Amma bu işlə bağlı mənə ətraflı məlumat vermədi. Əvvəlcə onun dediklərini zarafat kimi qəbul etdim. Sonradan yenə də mənə eyni sözləri dedi. Bildirdi ki, gün gələcək, böyük işlər görəcəm, sən də bunun şahidi olarsan. Bu işdə yaxşı xeyri olsa, mənə rayonda əla ad günün keçirəcək. Sonra vatsapda yazışma zamanı mənə avtomat silahın şəkilini atdı, bu silahla iş görəcəyini dedi. Bildirdi ki, bu işi görəndən sonra rayona qaçacaq, mənə də rayonda ad günü edəcək. Onu da bildirdi ki, yox, əgər həbs olunsam, türmədə yanıma gələrsən, mənə siqaret gətirərsən”.
İbtidai istintaqa ifadəsinin davamında göstərib ki, baş verən hadisədən sonra Dəyanət Qüdrətov vatsapda ona yazıb:
“Mənə dedi ki, bir hadisə baş verdi, indi hamı məni axtarır. Səninlə olan yazışmalarımı sil, əsas pul idi, onu da götürdüm. Dəyanət mənimlə telefonda 2-3 dəqiqə danışdı. Dedi ki, rayona gedirəm, gəl, “Koroğlu”da görüşək. Mən yenə də işdə olduğum üçün onunla görüşə gedə bilmədim”.
Məhkəmədə ifadə verən şahid deyib ki, Dəyanət Qüdrətovla vatsapda yazışmaları olub. Əlavə edib ki, həmin izahatı 1 il əvvəl verib, bu səbəbdən yaddaşında qalmayıb. Dəyanət Qüdrətovun vatsapda silah şəkili göndərməsi barədə istintaq zamanı ifadə verib. Növbəti proses aprelin 17-də davam edəcək. İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb. Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Mərhum təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən “AKS-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta 37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib. Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.
E.Məmmədəliyev,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ