Onlayn ictimai-siyasi qəzet
Ötən gün Prezident İlham Əliyev mediaya müsahibəsində bildirib ki, son vaxtlar bir neçə metro stansiyası istifadəyə verilib, amma bu, kifayət deyil və 10 yeni metro stansiyası inşa ediləcək.
Prezident qeyd edib ki, bununla bərabər, Bakı şəhərində yeni yol infrastruktur layihələrini icra etmək üçün artıq ilk 7-8 layihə seçilib, beynəlxalq mütəxəssislər cəlb edilib.
Bakı şəhərinin avtobus parkının elektrobuslarla əvəzlənməsi prosesinin də başladığını vurğulayan Prezident bildirib: "Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq".
İnşaatçı-mühəndis Azər Axundov tikiləcək metro stansiyasının təxmini sxemini hazırlayıb.
Bununla bağlı açıqlamasında bildirib ki, 2 ay əvvəl Prezident Bakıya gətirilmiş yeni vaqonlara baxış keçirərkən ona yeni stansiyaların yerləşmə sxemi də təqdim edilib:
“Bu sxemi aktual götürsək, bu 10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir. Yəni bənövşəyi xətt üzrə "B4" - "B5" - "B?" - "B6" - "B7" - "B8" stansiyaları (toplam 6 stansiya), yaşıl xətt üzrə isə "Y14" - "Y15" - "Y16" - "Y17" stansiyaları (toplam 4 stansiya) tikilməlidir.
"B?" stansiyası "Sahil" stansiyasına keçid kimi düşünülür, bu stansiya konseptual sxemdə olmadığı üçün "B?" olaraq qeyd etdim. Əlavə olaraq, çox güman ki, görüləcək işlərə xətlərin ayrılması, "Dərnəgül" deposunun və dönmə kameralarının tikilməsi də daxil olacaq.
Rəsmi sxem və məlumat olmadığı üçün hələlik sadəcə təxmin edə bilirik".
Şahanə Rəhimli
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ