İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda taksi bumu – Vəziyyətdən çıxış yolları təklif edildi- VİDEO

Son zamanlar Bakıda taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayı xeyli çoxalıb. Nəticədə yollarda sıxlıq, tıxac yaranır.

Bəzi ekspertlər vəziyyətdən çıxış yolu kimi paytaxtda taksi sayı üçün kvotanın müəyyənləşdirilməsini təklif edir. Hansı ki, bu kvotanın yaradılacağı ilə bağlı bir neçə il öncə müzakirələr aparılırdı. Xatırladaq ki, qardaş Türkiyənin İstanbul şəhərində artıq bir neçə ildir ki, taksi fəaliyyəti üçün 17325 ədədlik kvota var.

Beləliklə, Bakıda taksi bumu yaşanır, ekspertlər vəziyyətdən çıxış yolunu nədə görür?

Mövzu ilə bağlı nəqliyyat eksperti nəqliyyat üzrə ekspert Elməddin Muradlı Musavat.com-a danışıb:

“Taksi fəaliyyətinin təkmilləşdirilməsinə çox ciddi şəkildə ehtiyac var. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən fevral ayında fərman imzalanıb. Bu fərman Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutur. 

Xeyli müddət bu istiqamətdə iş getmişdi və nəhayət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bununla bağlı hərəkətə keçib. Belə ki, bu günlərdə taksi şirkətləri, operatorlar ilə görüş keçirildi, onlara işin təkmilləşdirilməsi, qanunsuz fəaliyyətə son qoyulması ilə bağlı xəbərdarlıqlar edildi.

Bunlar hələ ki, xəbərdarlıq mərhələsidir, qurumlar özlərini necə aparacaq, işlərini necə təkmilləşdirəcəklər, bunu zamanla görəcəyik. Yaxın vaxtlarda cərimələr, cəzalar da olacaq. Çünki artıq bu qədər qanunsuzluq yetər! Bu sahədə o qədər iyrəncliklər baş verir ki, sayıb, bitirmək olmur. Məsələn,  bu gün Daxili İşlər Nazirliyi açıqlayıb ki, qadınlara qarşı əxlaqsızlıq edən 69 sürücü saxlanılıb. Bu, biabırçılıqdır. Məlum məsələdir ki, bu say edilən şikayətlər əsasında müəyyənləşib. Bu saydan 5-10 dəfə çox qadın neqativ davranışlarla üzləşməsinə baxmayaraq şikayət etməyib, susub, heç kəsə məlumat verməyib. Belə sürücüləri çox  ciddi şəkildə cəzalandırmaq lazımdır.

Həmçinin, narkoloji  dispanserdə və yaxud ruhi xəstəxanada qeydiyyatda olan şəxs gəlib taksi sürücüsü olmamalıdır. Amma bu gün onların hamısı bu sahədədir. Bütün bu neqativliklərin  qarşısı alınmalıdır”.

Ekspert qeyd edib ki, Bakıda da taksilərin sayı ilə bağlı kvotanın müəyyənləşdirilib, həyata keçirilməsi ilkin mərhələdə  müəyyən çətinliklər yarada bilər:

“Məlum olduğu kimi bununla bağlı bir çox ölkələrdə təcrübələr var. Hesab edirəm ki, ən yaxşı təcrübə qardaş  Türkiyədədir və onun üzərində düşünmək olar.

Hazırda Bakı şəhərində 30-40 min civarında taksi var. Demək ki, bu qədər taksi xidmətinə tələbat var. Xüsusən də pandemiya  dövründə insanlar ictimai nəqliyyatdan istifadə edə bilmədiyi üçün taksilərə üz tuturdu. Bu gün də həmin sərnişinlərin bir çoxu geri, yəni ictimai nəqliyyata qayıtmır. İctimai nəqliyyata qayıtmağın da bir mənası yoxdur, çünki əksər hallarda yollarda, tıxacda qalırsan. Və yaxud elə istiqamətlər olur ki, axşam saat 8-9-dan sonra avtobus tapılmır, nəticədə insanlar məcbur qalıb, taksi ilə ünvana gedir. Əgər bu məsələyə nəzarət olunmayacaqsa, əlbəttə ki, taksi xidmətinə ehtiyac yaranacaq. Taksi sayına kvota qoyularsa, buna alternativlər yarada biləcəyikmi? Qərar qəbul edəndə bu suallar ətrafında düşünmək lazımdır”.

 Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin qanunsuz əməllərini əks etdirən videoları təqdim edirik:

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR