İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sülhdən danışıb, İrəvanda “bomba partlatdı” - Klaar müəmması...

Ermənistanı sülh gündəliyindən caydıracaq təklifdə Aİ-nin məqsədi nədir?

Azərbaycan Prezidenti İlham Əliyev ötən həftəsonu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Toivo Klaar dövlətimizin başçısının Azərbaycan xalqına 20 sentyabr tarixli müraciətini, həmin müraciətdə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar səsləndirdiyi fikirləri və Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş görüşü müsbət qiymətləndirdiyini bildirib.

Dövlət başçısı öz növbəsində Azərbaycan xalqına 20 sentyabr tarixli müraciətində Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı söylədiyi fikirlərə toxundu, onların bütün hüquqlarının - təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqlarının təmin olunacağını bildirib. Prezident İlham Əliyev hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd edib. Bakıdan sonra Aİ rəsmisi İrəvana gedib. Amma belə görünür ki, T.Klaar Bakıdakı kimi sülhpərvər olmayıb. Minval.az-ın etibarlı qaynaqlardan əldə elədiyi məlumatlara əsasən yazıb ki, İrəvanda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü zamanı T.Klaar Ermənistan üçün “Avropa Sülh Mexanizmi” (“European Peace Facility”) proqramının imkanlarından yararlanmağa söz verib. Bu proqram qlobal təhlükəsizliyi dəstəkləməyə yönəlməklə yanaşı, özündə Avropa İttifaqının hərbi və müdafiə sahəsində fəaliyyətlərinin büdcədənkənar maliyyələşdirilməsi mexanizmini ehtiva edir. Bura öldürücü silahların çatdırılmasının maliyyələşdirilməsi də daxildir. Məhz həmin proqram çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin müasir silah və sursatla təchizatı maliyyələşdirilir. Toivo Klaar Ermənistan üçün “Avropa Sülh Mexanizmi”nə çıxış açacağını vəd edirsə, o zaman heç bir şübhə yox ki, Aİ bu mexanizmin köməyi ilə Ermənistanı yeni müharibəyə hazırlamağı planlaşdırır. Özü də elə bir vaxtda ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi üçün həqiqətən tarixi şans yaranıb Aİ-də Ermənistanın hərbiləşdirilməsi prosesi də Litva, Bolqarıstan və İsveç tərəfindən fəal dəstəklənir. Həmçinin yaxın gələcəkdə Fransa və Almaniyadan əlavə heyətin gəlməsi ilə Ermənistanda EUMA Avropa kəşfiyyat və hərbi missiyasının şəxsi heyətinin artırılması gözlənilir.

Onu da qeyd edək ki, Ermənistanın hərbiləşdirilməsi prosesi Aİ-də Litva, Bolqarıstan və İsveç tərəfindən də fəal şəkildə dəstəklənir. Bakıda sülhdən danışıb Ermənistana əslində müharibə planı təklif edən Aİ rəsmisinin addımları necə şərh edilməlidir? Ermənistanı sülh gündəliyindən caydıracaq Aİ-nin məqsədi nədir?

Bir sorğunun qorxunc nəticəsi - Azərbaycanın suverenliyi də təhlükədə? –  RƏYLƏR

 Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə məsələlərə bu cür şərh verdi: “Avropa Sülh Mexanizmi Avropanın qlobal təhlükəsizlik sistemində öz iştirakını və təsir gücünü artırmaq üçün 2021-ci ildə təsis olunan, 2021-2027-ci illər üçün ümumi 12 milyard avro büdcəsi olan yeni bir təşəbbüsdür. Bu təşəbbüsün hansısa bölgədə və ya münaqişə zonasında gerçəkləşməsi üçün Aİ-yə üzv dövlətlərin hər birinin razılığı, yəni ümumi konsensus, o cümlədən NATO ilə razılaşdırma olmalıdır. Məsələn, Ukrayna məsələsində bu konsensus və razılıq mövcuddur. Odur ki, Qərbin Rusiya-Ukrayna müharibəsində məhz öz təhlükəsizliyi perspektivindən yanaşaraq Ukraynanı silahlandırdığı söylənə bilər. Bununla yanaşı, hazırda Qərbin, xüsusilə ABŞ-ın təhlükəsizlik maraqlarının Afrika və Yaxın Şərq bölgəsindən gedərək daha çox Asiyaya yönəlməsi Aİ-nin gələcək perspektivdə "sülh mexanizmini" burada işə salmaqda maraqlı olacağı ehtimalını yaradır. Aydın məsələdir ki, Avropa İttifaqı Azərbaycanı öz rəqibi olaraq görmür, əksinə, bir sıra sahələrdə, xüsusilə enerji sahəsində dərin bir əməkdaşlıq mövcuddur. Ermənistan isə hələ də Rusiya orbitindən tam çıxmayıb, yəni “Ukraynalaşmayıb”. Odur ki, Ermənistanda bu mexanizmin işə düşməsi barədə Aİ çərçivəsində vahid konsensus yoxdur. Fransa ayrılıqda siyasi və hərbi baxımdan Ermənistanı dəstəkləyə bilər, necə ki, Makron bugünlərdə “Biz Ermənistanın yanındayıq və ona dəstək olacağıq” açıqlamasını verdi, eynilə bir sıra digər Aİ ölkələri də həmçinin bu mövqedən məsələyə yanaşa bilər. Lakin ümumi olaraq Aİ-nin anti-Azərbaycan yönümlü belə bir təşəbbüsdə iştirak edəcəyini söyləmək olmaz. Məsələn, elə ən son 19-20 sentyabr 2023-cü il tarixli lokal xarakterli antiterror tədbirlərinə reaksiya olaraq Azərbaycana qarşı sanksiya tətbiqinə çağırış edən Avropa Parlamentinin qərarından sonra Aİ Azərbaycanın davranışını pisləyən bəyanat qəbul etməyə çalışıb, lakin buna Macarıstan veto qoyaraq mane olub. Aİ-nin Ermənistanın hərbi gücünün artırılması və modernləşməsində  iştirakı Paşinyan hakimiyyətinin arzusu, istəyidir. O, Ermənistanı Rusiyadan uzaqlaşdırıb Rusiyanın Cənubi Qafqazda iştirakını yox etməyə çalışmaqla Qərbin buradakı iştirakının artacağını düşünür. Lakin ermənilər özləri də etiraf edir ki, çoxsaylı xahişlərə baxmayaraq, hələ ki belə bir dəstəyi əldə edə bilməyiblər. Bu dəstəyin əldə olunması üçün gərək rəsmi İrəvan Rusiyaya ikinci cəbhə aça, buna isə gedib-getməyəcəkləri, hələ ki bəlli deyil. Lap əgər Ermənistan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmağa, əvəzinə bölgəyə Qərb təsisatlarını gətirməyə və Qərbin dəstəyini əldə etməyə nail olarsa belə, Azərbaycan da öz strateji müttəfiqləri ilə birgə regional siyasətini icra etməyə davam edərək bütün bu çağırışlara seyirci qalmayacağı aydındır".

Asif Nərimanlı: “Separatçıların Ordumuzu izləməsi, açıq müharibə elanıdır”  – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, Avropa İttifaqının sərgilədiyi ikili mövqe Azərbaycanın antiterror tədbirlərindən sonra bölgədə dəyişən vəziyyətlə bağlıdır: “Artıq separatçılar təslim oldu və Qarabağda mərkəzi hakimiyyətin tam bərpası prosesi sürətlə gedir. Bu, həm Bakı və İrəvan arasında sülh danışıqlarındakı vəziyyəti dəyişəcək, həm də bu danışıqlarda vasitəçi kimi hansı tərəfin önə çıxacağını da. Ermənistan son üç ildə Qarabağdakı ermənilərin "hüquq və təhlükəsizliyini" sülh danışıqlarında irəli sürür, bununla prosesi tormozlayırdı, artıq bu kart əlindən çıxdı. Və belə görünür ki, Qarabağda Bakının antiterror tədbirlərinə neytral qalan Rusiya əsas vasitəçi kimi önə çıxacaq. Çünki Rusiya anladı ki, Qarabağı platsdarm kimi saxlamaq onun bütövlükdə Cənubi Qafqazdakı mövqelərinə mənfi təsir edir, Ermənistan siyasi oriyentasiyasını dəyişdirir, həm də Qərb ölkələrinin bölgəyə müdaxiləsi artır. Qarabağda Bakının tələblərini qəbul edən Moskva Azərbaycan və Ermənistan danışıqlarında əsas vasitəçiyə çevrilmək, sülh sazişinin imzalanmasına nail olmağa çalışacaq. Bu prosesdə Türkiyənin də iştirakı bölgəyə kənar oyunçuların girişini məhdudlaşdırır, istisna deyil ki, proseslər Ərdoğanın təklif etdiyi dördtərəfli görüş kontektində inkişaf edəcək. Bütün bunlar Avropa İttifaqının və ittifaqın əsas ölkələri olan Fransa və Almaniyanın bölgədəki maraqlarına uyğun deyil, ona görə Ermənistanı silahlandırmaqla, müdafiə etməklə bölgədəki mövcudluqlarını və iştirakçılığı İrəvan üzərindən saxlamağa çalışırlar".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR