Onlayn ictimai-siyasi qəzet
Pakistan vətəndaşı, 1995-ci il təvəllüdlü Ullah Arif Gürcüstandan Azərbaycana qanunsuz yolla keçən zaman saxlanılıb. O, Balakən rayonunun Qullar kəndində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilib.
Musavat.com xəbər verir ki, Ullah Arifin Azərbaycandan Gürcüstana da qanunsuz yolla keçdiyi məlum olub.
Məlumata görə, Ullah Arif Pakistanda yaşayan zaman maddi sıxıntıları olduğu üçün xarici ölkələrdən birinə getməyi planlaşdırıb. 3 uşaq atası olan Arif Gürcüstana getməyi qərarlaşdırıb.
Onun dediyinə görə, təsadüfən Qamxan adlı şəxslə tanış olub. Qamxan adlı həmyerlisi ona kömək edəcəyini deyib. 1 milyon rupi qarşılığında Qamxan Arifi Gürcüstana keçirməli imiş.
Arif əvvəlcə Pakistandan Bakıya gəlib. Qamxan onu Bakıda qarşılayaraq hotelə yerləşdirib. Oradan da Balakənə aparıb. Arif Balakəndən Gürcüstan ərazisinə qanunsuz yolla keçirilib. Bir çayı da üzərək keçib və onu Gürcüstanda iki nəfər həmyerlisi qarşılayıb.
Onun mobil telefonunu alaraq bəzi məlumatları silərək Arifə geri qaytarıblar. Arif Gürcüstanda maddi vəziyyətini yaxşılaşdıra bilməyib və bir neçə ay sonra geri qayıtmaq istəyib. O, Azərbaycana qayıtdıqdan sonra buradan Pakistana getməyi planlaşdırıb. Lakin geri qayıdan zaman saxlanılıb.
Məhkəmə Arif barəsində 10 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzası təyin edib. Cəzası başa çatdıqdan sonra ölkədən məcburi şəkildə çıxarılacaq.
Qeyd edək ki, son zamanlar Azərbaycana gələrək buradan qaçaq yolla İrana, Gürcüstana keçmək istəyən xeyli sayda Pakistan vətəndaşı saxlanılıb. Onlar Bakıda olan həmyerliləri vasitəsi ilə sərhədi qanunsuz olaraq keçdiklərini etiraf edirlər. Bu şəbəkə sərhədi qanunsuz olaraq keçirəcəklərini söz verdikləri şəxslərdən xeyli miqdarda pul alırlar.
İlkin Muradov
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ