Onlayn ictimai-siyasi qəzet
Bakı və Sumqayıt şəhərlərinin bir sıra yerlərində “MEMİ” brendi altında ikinci əl paltarların satıldığı mağazalar fəaliyyət göstərir.
Bu cür dükanların öz müştəriləri var. Lakin təklif olunan geyilmiş paltarların nə dərəcədə təmiz və gigiyenik olması insanları düşündürən əsas məqamlardan biridir. Xarici ölkələrdən, əsasən də Avropadan gətirildiyi deyilən bu paltarların dezinfeksiya olunduqları bildirilsə də alıcılar arasında hələ də ehtiyat edənlər var.
Onlar paltarlara əllə toxunur, geyinib yoxlayırlar. Ekspertlərin fikrincə, bu zaman insanlar hətta Azərbaycan üçün tanış olmayan infeksiyalara yoluxa bilərlər.
Musavat.com-un müxbiri həm Sumqayıtda, həm də 20 Yanvarda yerləşən “MEMİ” mağazalarına baş çəkib və real vəziyyətlə tanış olub. Səhər saatlarından başlayaraq mağazalara alıcılar axışıb və paltarları əyinlərində yoxlayaraq, onlara müştəri olublar. Satıcılar isə and aman edib ki, satışa çıxarılanlar dərmanlanıb, dezinfeksiya olunur.
Mütəxəssislər qeyd edir ki, bu cür mağazalarda 5 yaşından kiçik uşaq üçün paltarlar satılmamalıdır. Lakin Azərbaycanda verilən sertifikatda bu, öz əksini tapmır, kiçik yaşlı uşaq üçün paltarlar satışa çıxarılır. Elə biz özümüz də mağazalara baş çəkərkən bunun şahidi olduq.
Bəs paytaxt sakinləri bu haqda nə düşünür. Onlar ikinci əl paltarları almağa üstünlük verirlərmi?
Küçədə apardığımız sorğu göstərir ki, insanların mövzu ilə bağlı fikirləri birmənalı deyil. Kimisi bu məsələyə müsbət yanaşır, kimisi isə ikinci əl paltarları almaqda tərəddüd edir və qətiyyən məsləhət görmür.
Tanınmış həkim Adil Qeybulla bildirir ki, istifadə olunmuş bu cür paltarlar üçüncü ölkələr tərəfindən alınır və yenidən satılır. Onların arasında brend mağazaların paltarlarını da görmək olar:
“Belə geyimlərin etibarlı mənbədən alınması mühüm şərtdir. Çünki onlar hər cür təmizləmədən keçir, onlara yenidən baxış keçirilir və normal vəziyyətə gətirilir. Bu halda onlardan istifadə etmək olar ki, təhlükəsizdir. Hazırda ciddi pandemiya dönəmi bitib, ağır xəstəliklər dövrü deyil. Onların istifadəsində problem görmürəm. Sadəcə olaraq geyimlərin keyfiyyət parametrləri daha önəmlidir. Geyimlər ilkin mənbədən, tanınmış firmaların paltarları olsun. Belə olduğu halda onlar daha təhlükəsizdir. Onların kimyəvi işlənməsi onsuz da həyata keçirilir. Buna görə də ciddi problem görmürəm”.
Dermatoloq Tabir Xəlilov deyir ki, geyinilmiş paltar infeksiya mənbəyidir.
“Azərbaycana bu paltarlar gələndən sonra insanlarda qoturluq xəstəliyi yarandı. İkinci əl paltarların hamısı infeksiya mənbəyidir. Haradan bilək ki, bu paltarları vərəmli xəstə geyinməyib. Dezinfeksiya olunmayan yerdə gənə də qala bilər. İnsanlar aldıqları paltarları qaynatsınlar. Gənələr günəş şüasında məhv olur. Həmin paltarları alandan sonra günəşin altında saxlasınlar. Nəmişlik yerdə olanda isə gənələrin məhv olması aylarla davam edir”.
Şahanə Rəhimli
Musavat.com
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ