Onlayn ictimai-siyasi qəzet
Paytaxt yollarında son dövrlər motosiklet, moped, skuter və velosipedlərin sayı xeyli artıb. Lakin nəqliyyatın bu növünü idarə edənlərin hamısı yol hərəkəti qaydalarına riayət etmir. Bu isə təkcə onlar üçün deyil, həm də digər yol iştirakçıları üçün ciddi təhlükə yaradır.
Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, motosiklet və moped sürücüləri arasında tez-tez rast gəlinən qayda pozuntuları sırasında svetoforun qırmızı işığında keçmək; ara məsafəsini qorumamaq; təhlükəli manevrlər etmək; yol nişanlarını nəzərə almamaq; qoruyucu dəbilqədən istifadə etməmək; avadanlıqları yüksək sürətlə idarə etmək kimi hallar üstünlük təşkil edir.
Bu cür məsuliyyətsizliklərin acı nəticələri də özünü çox gözlətmir. Bu ilin ilk 6 ayında respublika yollarında məhz motosiklet və moped sürücülərinin günahı ucbatından 17 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 4 nəfər həyatını itirib, 16 nəfər isə xəsarət alıb. Yalnız Bakıda qeydə alınan 7 qəza nəticəsində 9 nəfər xəsarət alıb.
Rəsmi qurumlar bildirirlər ki, bəzi sürücülərin “irəli düşmək”, “tələsik getmək”, bəzən isə bilərəkdən qayda pozmaq kimi davranışları sadəcə rəqəmlərlə ölçülən statistika deyil. Bu, valideynini, övladını itirən ailələrin faciəsidir. Hazırda vəziyyətin yaxşılaşdırılması üçün aidiyyəti qurumlar tədbirlər görür.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici görüşlər keçirilir, yol hərəkəti qaydaları izah olunur.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Musavat.com-a deyib ki, son illər motosiklet və mopedlərin sayının artması ilə yanaşı, bu nəqliyyat vasitələrini idarə edən şəxslərin yol hərəkəti qaydalarına biganə münasibəti də müşahidə olunur:
“Təəssüf ki, bir çox sürücülər bu nəqliyyat vasitələrini şəhər içində sanki yarış meydanı kimi idarə edirlər. Ara məsafəsi saxlamamaq, təhlükəli manevrlər, dəbilqədən istifadə etməmək və sürət həddini aşmaq artıq normaya çevrilib. Bu isə yol hərəkətində təhlükəsizlik prinsiplərinə ciddi ziddir”.
Ekspertin sözlərinə əsasən, sürücülər bilməlidirlər ki, hər qayda pozuntusu bir insanın həyatı bahasına başa gələ bilər:
“İkitəkərli nəqliyyatın yüngüllüyünə aldanıb məsuliyyətsiz davranmaq özləri üçün də, digərləri üçün də ağır nəticələr doğurur. Motosiklet və mopedlər təhlükəsizlik baxımından avtomobillərə nisbətən daha həssas nəqliyyat vasitələridir. Bu səbəbdən onları idarə edənlər həm öz həyatlarını, həm də ətrafdakı insanların həyatını təhlükəyə atırlar. İctimai nəqliyyata yaxın məsafələrdə qəfil manevrlər etmək, piyada keçidlərində gözləmədən keçmək və ya svetoforun qırmızı işığını vecə almamaq birbaşa qəzaya səbəb olur”.
Elməddin Muradlı təklif edir ki, bu sahədə inzibati cəzalarla yanaşı, sürücülərin maarifləndirilməsi də sistemli və davamlı xarakter alsın:
“Yol hərəkəti qaydaları yalnız avtomobil sürücüləri üçün deyil, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri üçün də mütləq şəkildə öyrədilməli və tətbiq olunmalıdır. Xüsusən də bu nəqliyyat vasitələrinin icarə şirkətləri vasitəsilə yayılması fonunda sürücülük mədəniyyəti və məsuliyyəti mövzusuna daha çox diqqət yetirilməlidir”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ