İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda daha bir qlobal platforma - Azərbaycandan dünyaya yeni mesajlar

İlham Əliyev 120 ölkənin təmsil olunduğu platformadan məharətlə istifadə etdi

Martın 2-də ölkəmiz daha bir qlobal tədbirə ev sahibliyi elədi. Bakıda bir çox dövlətlərin dövlət və hökumət rəhbərlərinin qatıldığı Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Ardınca tədbir plenar sessiyalarla davam etdirildi. Prezident İlham Əliyev tədbirdə iştirak və çıxış etdi, Azərbaycan paytaxtına gələn bir sıra ölkələrin rəhbərləri və digər nüfuzlu şəxslərlə görüşdü. 

Bu kimi tədbirlər, sözsüz ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin dünyadakı yeri və mövqeyinin güclənməsi baxımından əlavə fürsətlər yaradır. Təsadüfi deyil ki, ötən ilin dekabrında Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycan əleyhinə gündəmə gətirilən qətnamənin rədd edilməsində QH-nin mühüm rolu olmuşdu.   

Bakıda Qoşulmama Hərəkatının “Covid-19”a qarşı mübarizə üzrə Təmas Qrupunun  Zirvə görüşü     

İlham Əliyev zirvə görüşündəki çıxışında deyib: “2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edib və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin edib. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”.

Dövlət başçısı bu xüsusda BMT TŞ-də islahat məsələsinə toxunub, bildirib ki, BMT Təhlükəsizlik Şurası artıq  səmərəli təsisat deyil: “Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir”.

Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə günün içində icra olunduğunu vurğulayan Prezident həmçinin bildirib: “Azərbaycana gəldikdə isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmayıb”.

Yada salaq ki, Azərbaycan lideri bu mövzuda az əvvəl də mövqe bildirib, təkliflər verib. BMT TŞ-də əlavə daimi üzvlər kimi də bir yerin İslam Əməkdaşlıq Təşkilatına (rotasiya qaydasında təşkilatın üzv ölkələrindən birinə), bir yerin də Qoşulmama Hərəkatına ayrılması təklifini irəli sürüb. Srağagünkü toplantıda isə o, TŞ-də Afrikaya da bir daimi yerin ayrılmasını vacib sayıb.

Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun  Zirvə görüşü işə başlayıb

İlham Əliyev çıxışı zamanı habelə ermənipərəst Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırıb. Sitat: “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Bu çağırışların məhz 120-dən çox ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük qurumda edilməsinin ciddi əhəmiyyətinin olduğu şübhəsizdir.

Azərbaycanın tələblərinə və legitim istəklərinə riayət edilməlidir”

Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Qoşulmama Hərəkatının Covid-19-a qarşı mübarizə üzrə təmas qrupunun Bakıda keçirilən zirvə görüşü bir sıra mühüm nəticələrlə yadda qalıb: “Azərbaycan bu təsisatın strukturunun genişləndirilməsi, institusional formada dayaqlarının artırılması işinə mühüm töhfələr verib. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin formalaşması, parlament məclisinin təsis olunması kimi mühüm addımlar hər zaman rəsmi Bakının təşəbbüskarlığı kimi xatırlanacaq. Cənab Prezidentin Bakıda keçirilən sammitdə yeni bir təklifi diqqət çəkir. Bu da minalanmış ərazilərlə bağlı həmfikirlərin bir hərəkatının başlanılması və təhlükəsizliyə xidmət edən bir təklifdir. Baxmayaraq ki, Azərbaycanın sədrliyi bu Qoşulmama Hərəkatında başa çatacaq, lakin Prezident İlham Əliyevin qlobal əhəmiyyət daşıyan bu cür təklifləri, təşəbbüsləri hər zaman göz önünə gələcək, hər halda reallaşdırılacaq”.

Ekspertin sözlərinə görə, Azərbaycan Prezidentinin 120 ölkəni birləşdirən böyük platformada Fransanın müstəmləkəçilik siyasətini tənqid etməsi də sıradan bir məsələ deyil: “Fransa müstəmləkəçilik siyasəti ilə çoxsaylı cinayətlərə imza atıb, kütləvi qətliamlar törədib. 21-ci əsrdə bu məsələni qaldırmaq və Fransanı qətliamlar törətdiyi xalqlardan üzr istəməyə çağırmaq ciddi hadisə olmaqla yanaşı, dünyanın diqqətini Azərbaycana yönəldən, həmin xalqların Azərbaycana marağını, sevgisini yaradacaq hadisədir. Azərbaycan Prezidenti BMT-də, BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac yarandığını bəyan etməklə də Fransa kimi dövlətin Təhlükəsizlik Şurasını öz ambisiyalarını həyata keçirmək üçün alətə çevirmək siyasətini ifşa edir. Cənab Prezidentin bu çağırışlarına da düşünürəm ki, dünya ölkələri tərəfindən dəstək nümayiş olunmalıdır və olunacaq. Çox ölkələr var ki, Azərbaycan Prezidentinin bu mövqeyini bölüşür. Bir sözlə, əminliklə qeyd etmək olar ki, Qoşulmama Hərəkatının zirvə toplantısının Bakıda keçirilməsi ölkəmizin dünyada nüfuzunu daha da artıracaq hadisədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR