İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakıda bir turist üçün 1175 dollar...” - Baş planla bağlı ŞƏRH

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan məsələlərdən biri də turizmlə bağlıdır.

Belə ki, 2040-cı ilədək Bakının Suraxanı rayonunun Zığ və Hövsan qəsəbələrində dənizkənarı rekreasiya mərkəzləri yaradılacaq. Baş plana əsasən, Abşeron yarımadasının mövcud mədəni landşaft dəyərlərinin gücləndirilməsi və böyük yaşayış məntəqələri yaxınlığında aktiv istirahət üçün daha geniş ərazilərin təmin edilməsi nəzərdə tutulur. Ənənəvi çimərlik turizmi ilə yanaşı, turizmin digər əsas elementlərinə diqqət yetirilməsi də diqqət mərkəzindədir. Buraya ərazilərin ənənəvi xarakterini qorumaq üçün təyin ediləcək mədəni landşaft ərazilərinin mühafizə zonaları, eyni zamanda açıq məkan konsepsiyasının tətbiqi ilə yanaşı, layihə ərazisi boyu yaradılacaq yerli rekreasiya məkanları daxildir. Daha aktiv istirahət imkanlarının yaradılacağı ərazilərə milli parkların, xüsusən də genişləndirilmiş Qobustan Milli Parkının ərazisi aiddir. Baş planda Milli Parkın ərazisinin cənub-şərq istiqamətində genişləndirilməsi nəzərdə tutulur. Bu, gəzinti və dağ velosipedçiliyi, eləcə də parkın daxilində və yaxınlığında gecələmə imkanları təmin edən kiçik qonaqlama yerləri (gecələmə və səhər yeməyini təmin edən ev tipli mehmanxanalar, turistik kəndlər, düşərgələr) kimi yeni fəaliyyət növlərinin inkişafına imkan verəcək.

Sənəddə qeyd olunub ki, yerli rekreasiya imkanlarından başqa, milli parklar yerli yaradıcılıq və sənətkarlıq mərkəzlərinin və mədəni turizmin təşviqi, habelə milli və beynəlxalq turistlər üçün yerli həyat təcrübələrinin öyrənilməsi baxımından geniş imkanlar yaradır.

CEYHUN ASUR.jpg (61 KB)


Turizm eksperti Ceyhun Aşurov Musavat.com-a açıqlamasında bildirib ki, nəzərdə tutulan tədbirlər turizmin inkişafına təsir göstərən amillərdir:

“Nəticədə daha geniş ərazidə insanların istirahəti üçün alternativ və çoxçeşidli turizm məhsullarının təqdimatı üçün imkan yaranacaq. Bu, turizm sahəsində fəallığa öz təsirini göstərəcək. O ki qaldı Bakıda 2040-cı ildə bir turistin orta xərcinin (bir həftə qonaqlama ərzində) 1175 ABŞ dolları (1997 manat) təşkil edəcəyi ilə bağlı xəbərə, bu, o qədər də böyük rəqəm deyil. Hazırda dünyada bir turistin orta xərci 1500 dollardır. Hətta düşünürəm ki, bu, aşağı rəqəmdir. 2040-cı ilə qədər inflyasiya və digər məsələləri nəzərə alsaq, xərc az göstərilib. Ola bilər ki, alternativlərin artması nəticəsində xərclərin azalması istiqamətində müxtəlif işlər görüləcək. 2040-cı ilə qədər illik turist axınının 4 % artacağı proqnozlaşdırılır ki, bunun az olduğunu düşünürəm. Azərbaycanın turizm potensialı böyükdür. İşlər səmərəli həyata keçirilsə, bu faiz iki dəfə arta bilər, hətta 10 faizlik artım əldə etmək mümkündür. Bu layihə kifayət qədər kapital, investisiya tələb edir. Baş planda investisiyalarla bağlı məsələ də öz əksini tapıb. Səmərəli turizm investisiyaları üçün prioritet sahələrin müəyyən edilməsi turizm sahəsinin inkişafını təşviq edən amillərdən biridir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR