İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda binalar niyə rənglənir?

Son günlər Bakıda aqlay daşlı binaların rənglənməsinə dair paylaşılan foto və videolar sosial şəbəkələrdə narazılıq yaradıb.

Sosial şəbəkə istifadəçiləri bunun yolverilməz olduğunu, tarixi binalara zərər vurulduğunu qeyd ediblər.

Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən “Report”a bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində şəhər ərazisində müvafiq işlər görülür, o cümlədən, tarixi əhəmiyyətli binalar, memarlıq abidələri abadlaşdırılır:

“Son günlər sosial şəbəkələrdə bəzi binaların təmir-bərpası ilə bağlı əsassız iddialar səsləndirilib. Təqdim edilən fotolardan aşkar şəkildə görünür ki, ağ rəngdə olan hissə boya yox, astardır. Tarixi bina olsa da, onun üzərində emulsiya işlənən yerlər var. Məhz həmin hissələr hazırda yenilənir. Astar vurulduqdan sonra ora kosmetik olaraq uyğun rəng tətbiq ediləcək”.

Qurum onu da qeyd edib ki, tarixi binaların, memarlıq abidələrinin təmir-bərpa prosesi cavabdeh qurumların birbaşa nəzarəti altında həyata keçirilir, mütəxəssis rəyi ciddi nəzərə alınır.

“Bakının mərkəzində və şəhərətrafı kəndlərdə bir çox tarixi abidələrin bərpası zamanı bütün prosedur qaydalara riayət edən “Bakı Abadlıq Xidməti” bu sahədə qazandığı təcrübəyə əsaslanır. Hazırda işlər planlı şəkildə davam edir, heç bir narahatlığa əsas yoxdur”, - qurumdan bildirilib.

Məsələ ilə bağlı “Report”a danışan elmlər doktoru, tanınmış memar Elçin Əliyev çəkilən maddənin boya üçün hazırlıq qatı olduğunu təsdiq edib:

“Bu sadəcə rəngin daha möhkəm olması üçün hazırlıqdır. 40-60-cı illərdə Stalin dövrünün memarlığında həm daş həm rəngdən istifadə olunub. Məsələn, “Buzovnaneft”in binasının fasadı daşnandır, binanın ortası isə rəng ilə bəzədilib. Binanın yenidən rənglənməsini görən qeyri mütəxəssislər elə düşünür ki, binanı biz rəngləyirik. Reallıq isə bundan ibarətdir ki, çəkilmiş boyanı yeniləmək məqsədi ilə təmir işləri aparılır. Biz ölkəmizə düşmən deyilik ki, binaları rəngləyərək şəhərimizin gözəlliyini pozacaq addım ataq”.

O hesab edir ki, ictimaiyyətin məlumatsız qalmağında günahın böyük hissəsi müəssisələrin üzərinə düşür. Memar deyib ki, hazırda təxminən 50-60 binada təmir işləri gedir, amma heç biri barədə məlumatlandırıcı elanlar yoxdur.

E.Əliyevin sözlərinə görə, bəzi binaların daşlarını təmizləmək mümkün olmadığına görə rəngləmək mütləqdir:

“Ü.Hacıbəyov küçəsində 20-30-cu illərə aid üç mərtəbəli bina var. Onun fasad hissəsini 30-cu ildə rəngləyiblər. Həmin daşı indi təmizləmək mümkün deyil. Laqunda qanuna zidd olduğu üçün dövlət, binanı yeniləmək istəyirsə məcburən rəngləməlidir”.

E.Əliyev baş verən halların müsbət olduğunu da bildirib:

“Mən memar kimi bildirə bilərəm ki, heç bir narahatlığa əsas yoxdur. Baş verən dəyişikliklər və bərpa işləri hamısı müsbət yöndədir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR