Onlayn ictimai-siyasi qəzet
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil etdiyi Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysinin ilk sərnişinlərinin yolasalma mərasimi keçirilib.
Musavat.com bu barədə AYNA-ya istinadən xəbər verir.
Məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 07:30-da yola düşən avtobusa bilet əldə edən şəxs Aqşin Nəhmətə tarixi reysin ilk sərnişini kimi sertifikat təqdim olunub. Qarabağ Universitetində təhsil almaq üçün Xankəndiyə yola düşən tələbəyə uğurlar arzulanıb.
“Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Hər gün Bakıdan Şuşaya saat 07:30-da yola düşən avtobuslar əks istiqamətə saat 15:30-da, aralıq məntəqələri Xankəndidən saat 16:00-da, Xocalıdan isə 16:30-da hərəkət edir.
Xatırladaq ki, biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ