İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı türməsinin darıxdığı zat – Zatulin də onların arasında olmalı idi!

Azərbaycan düşməni, Rusiya Dövlət Duması komitə sədrinin müavini Konstantin Zatulin öz köhnə və iyrənc qlafındadır. İndi də separatçıların Bakıdakı məhkəməsi ilə bağlı Azərbaycan dövləti və onun rəhbərinin ünvanına öz tərbiyəsinə uyğun nalayiq ifadələr işlədib. N-ci dəfə ərazi bütövlüyümüz və suverenliyimizə həqarət edib, dil uzadıb.

Neçə vaxtdır səsi çıxmırdı. Xüsusən də Ordumuzun cəhənnəmə vasil elədiyi xunta rejiminin rəhbərlərinə ötən ilin sentyabrında utanıb-qızarmadan “müstəqillik”lə bağlı təbrik göndərəndən, səfir Polad Bülbüloğlu da bu axmaq demarşla ilgili Rusiya rəhbərliyinə etiraz məktubu yollayandan sonra sanki qınına çəkilmişdi.

Görünür Aktaudakı təyyarə qəzasından dolayı Bakı-Moskva münasibətlərində yaranan soyuqluğa görə ayağı bir az da yer alıb. Amma yada salanda ki, o sıradan biri deyil, rəsmi şəxslərdəndir, üstəgəl, Putinin sədri olduğu hakim “Vahid Rusiya” partiyasının fəal üzvü və deputatıdır, onda təzədən “xortlaması”nın nədənini daha yaxşı anlayırsan...

Öncə səbrimizi basıb bu yaramazın yeni sayıqlaması ilə, qarnının kəsmək bilməyən sancısının səbəbi ilə tanış olaq.

Bakıda məhkəməsi başlayan separatçıları həyasızcasına “2023-cü ildə Azərbaycanın Dalıq Qarabağı tam ilhaq etdiyi zaman götürdüyü əsirlər” adlandıran bu zat ardınca görün nə çərənləyir: “Bu, Azərbaycan Prezidentinin şəxsi intiqam aktıdır. Oktyabr 1987-dən 22 aprel 2024-ə qədər açılmış 1389 cinayət işi çərçivəsində təqsirləndirilənlər arasında mənim dostlarım, “dqr”in keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan da var. Həmçinin “dqr”in keçmiş “dövlət naziri”, Rusiya vətəndaşlığından çıxaraq Dağlıq Qarabağ erməniləri ilə eyni taleyi paylaşmağa gələn Ruben Vardanyan”.

DTX SON.jpeg (113 KB)

Daha sonra Qarabağdakı erməni əhalinin dünyanın gözü qarşısında və burnu belə qanamadan Ermənistana könüllü köç eləməsini “faciə”, “21-ci əsrin rüsvayçılığı” kimi qələmə verməyə çalışan bu degenerat deyib: “Bu, XX əsrin əvvəlində ermənilərə qarşı edilən qətliamın daha kiçik və daha az qanlı ölçülərdə təkrarıdır (?! – Z.S.). Dərin təəssüflə qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ və onun liderlərinin faciəsinin tarixi kölgəsi Rusiya olaraq bizim də üzərimizə düşür. Ona görə ki, biz sülhməramlı əməliyyatımızla aldandıq”.

Xocalı soyqırımına görə bircə dəfə tükü belə tərpənməyən, 66 yaşında da ağıllanmayan K.Zatulin sonda “Rusiya-Ermənistan “Lazarev Klubu” Bakıdakı məhkəmə prosesi ilə bağlı bəyanat hazırlayır” sözləri ilə öz aləmində Azərbaycana “xox” gəlməyə çalışıb...

Görəsən “velikorus” şərəfsizi hansı qisasdan danışır? Hətta belədirsə belə, yaxşı edirik qisas alırıq. Çünki haqqımız çatır. Bəs nə xəyal etmişdiniz? Azərbaycan xalqına saysız faciələr və iztirablar yaşatmış, onun dövlətinə on illərlə meydan oxumuş, dövlət içində “dövlət” yaratmış quldur dəstəsinə təşəkkür elan eləməli idikmi?..

Məsələ də ondadır ki, bu, beş-üç erməni separatçısı üzərində yox, qanlı erməni separatizmi üzərində, erməni faşizmi üzərində qurulan məhkəmədir. Erməni faşizminə illər boyu “nəfəs”, güc, maddi-mənəvi dəstək verən havadarlar üzərində, o sırada Zatuliin çaplı alçaqlar üzərində məhkəmədir. “İlana zəhər verən kərtənkələlər”in mühakiməsidir. Allah gec edər, ancaq güc edər.

Zatulin kimilərin yuxusunu qaçıran da əslində budur. Heç bunu danmır da. Özünün dediyi kimi, axı müttəhimlər kürsüsündə oturanlar onun dostlarıdır. Daha dəqiqi, cinayət ortaqları, insanlıq düşmənləridir. Odur ki, Ruben Vardanyanın, Bako Saakyanın, Arkadi Qukasyanın yanında K.Z.-lər də oturmalıdır.

Qisasa gəlincə, heç nə unudulmur. Bu dünyada hər yaxşı və ya bəd əməlin bir bədəli, mükafatı olur. Sadəcə, geci-tezi var. İnanırıq ki, ermənidən çox erməni olmaq istəyən, gerçəkdə isə imperialist Rusiyanın Qafqazdakı maraqları keşiyində duran, elementar insanlıq simasından məhrum Zatulin üçün də o gün gələcək və layiqli cəzasını alacaq. Ya Allahın, ya da bəndənin məhkəməsində...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR