İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sülh danışıqlarında yenə Brüsseli seçdi - Kremlə mesaj, yoxsa...

Xarici işlər naziri hesab edir ki, Avropa İttifaqının vasitəçiliyi ilə olan görüşlər məhsuldar və təkanverici olub; Azərbaycan və Ermənistan bu masaya qayıda bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı "Şərq tərəfdaşlığı" XİN başçılarının görüşündə deyib ki, müharibənin və işğalın dağıdıcı nəticələrinə və yaralarına baxmayaraq, Azərbaycan Ermənistana iki dövlətin sərhədləri çərçivəsində bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmətinə əsaslanan sülh təklif edib.

“Yeni Müsavat” yazır ki, nazir bu il ərzində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyinin münaqişədən sonrakı normallaşma prosesinə təkan verdiyini bəyan edib. “Bu xüsusda Brüsseldə keçirilən üçtərəfli görüşlər məhsuldar oldu. Azərbaycan bu formatı dəstəkləməyə davam edir və bundan sonra da bu istiqamətdə qarşılıqlı fəaliyyətə hazırdır. Qərəzsizlik və bitərəflik, beynəlxalq hüquqa ciddi hörmət və tərəflərin razılığı hər hansı bir vasitəçilik və ya yardım təşəbbüsünün əsasını təşkil edir və bu prinsiplərə hər vəziyyətdə riayət olunmalıdır. Avqustun 31-də keçirilmiş Brüssel görüşünün mühüm nəticələrindən biri olaraq imzalanacaq sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı. Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir”, - deyə Bayramov vurğulayıb.

Nazirin sözlərinə görə, bu xüsusda Azərbaycanın yanaşması aydın və ardıcıl olmaqla yanaşı, beynəlxalq hüquqa əsaslanır: “İmzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək və dövlətlərarası münasibətlərlə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq. İkitərəfli danışıqlarda dinamizmin artmasına baxmayaraq, əldə edilən irəliləyiş kifayət qədər məhdud olaraq qalır, çünki Ermənistan keçmiş imitasiya təcrübəsini davam edir. Ermənistan dövlətlərarası normallaşmanın hər üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə davam edir”.

Əslində C.Bayramov sülh sazişinin layihəsi ilə bağlı edilən yalan manipulyasiyalara son qoymuş oldu. Çünki Ermənistan rəsmiləri deyirdi ki, guya onlar bizə sülh sazişinin layihəsini təqdim ediblər və bizdən cavab gözləyirlər. Nazir açıq mətnlə deyib ki, layihə ilə bağlı son variantı Azərbaycan təqdim edib. Yəni onlar bizdən deyil, biz onlardan cavab gözləyirik.

Ermənistan rəsmiləri prosesi uzatmaq üçün hər dəfə bir bəhanə uydururlar. Ermənistan Azərbaycanın təkliflərini aldığını təsdiqləsə də, onlara konkret cavab verməyib. Hətta bunu belə, təqdim etməyə çalışırlar ki, guya biz onların təklifinə cavab vermirik. Sülh sazişinin layihəsi ilə bağlı ortada bir neçə layihənin olduğu bildirilir. Azərbaycanın prinsipial olaraq, irəli sürdüyü 5 şərtdən kənara çıxmayacağı aydındır.

Daha bir mühüm məqam budur ki, Bakı danışıqların niyə Brüssel formatını seçdiyini də bəyan edir. Məlumdur ki, danışıqlarda Vaşinqton və Moskva da fəaldır. Vaşinqton prinsipcə Brüssel formatını dəstəkləsə də, Rusiya bu təşəbbüsə qarşıdır, dəfələrlə də açıq bəyan edib. O halda, nazirin açıqlamasını necə izah etmək olar: Bakı Brüssel formatını Moskvanın təşkil etdiyi  görüşlərdən daha faydalı hesab edir, yoxsa bu açıqlama ilə Qarabağa sonrakı dövrlərdə hansısa status vəd edən Rusiyaya mesaj ötürür?

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, rəsmi Bakı Brüssel formatının bərpasında maraqlıdır. Partiya funksioneri hesab edir ki, Rusiyanın təkbaşına moderator olmaq istəyi problemi ləngidən amildir: “Moskva hesab edir ki, yalnız özü bu məsələni həll edə bilər. Paşinyan da son bir ayda dəfələrlə səsləndirib ki, Rusiyanın variantı ilə razılaşır. Bu da göstərir ki, İrəvan Kremlin planlarını həyata keçirir. Paşinyan guya qərbpərəstdir, amma sülhməramlıların bölgədə daha uzun müddət qalmaq üçün sənədə imza atmağa hazır olduğunu, sülh mətnini rus variantını qəbul etdiyini deməklə Avropanın ondan gözləntilərini yerə vurur. Odur ki, Ceyhun Bayramovun açıqlaması Brüssel formatını yenidən gündəmə gətirmək niyyəti güdür”. Onun fikrincə, ilin sonuna qədər, yaxud gələn ilin əvvəlində Brüsseldə növbəti görüş keçirilə bilər: “Çünki ilin sonuna yaxın MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək və Rusiyada üçtərəfli görüş ola bilər. Amma bu görüşdən ciddi nəticə gözləmirəm. Ona görə Brüssel masasında danışıqların aparılması vacibdir. Ceyhun Bayramovun da açıqlaması məhz Brüssel formatına üstünlük verilməsini ortaya qoyur”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Kremlin mətbuat katibi Dmitri Peskov “Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır” təklifini səsləndirib: “Putinin məqsədi vasitəçilikdə Brüsseli qabaqlamaqdır. İl ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə Paşinyan arasında Brüsseldə 4 görüş keçirilib, 5-cisi noyabrda nəzərdə tutulmuşdu, olmadı, dekabra təxirə salındı. Ancaq Paşinyanın "görüşdə Fransa Prezidenti Emmanuel Makron da iştirak etsin" tələbi Brüssel görüşünü sual altına qoyub. Bundan istifadə edən Kreml təşəbbüsü ələ almağa çalışır".

Elxan Şahinoğlu: “Vaşinqton dostlarını sürətlə itirir”

 Elxan Şahinoğlu

Ekspertin sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya dəvət edilməsinin səbəblərindən biri də bu idi: “Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Azərbaycan və Ermənistan liderlərinin ilin sonuna qədər görüşə biləcəyini istisna etmədiyini söylədi, ancaq məkan göstərmədi. Lavrovun Bayramovla görüşünün ardından Kreml məkan yerini göstərdi: "Görüş Rusiyada keçirilsin". Ancaq Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb".

Ermənistan Azərbaycanın yeni hərbi əməliyyatlar keçirməsinə zəmin yaradır"  - ZAUR MƏMMƏDOV

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindəki bəndlərlə bağlı fikir ayrılıqları var: “Hazırda rəsmi Bakı tərəfindən təkliflərin yenilənməsi ilə birlikdə qarşı tərəf üçün həll paketi də təqdim edib. Və Ermənistanın buna cavabını Azərbaycan tərəfi gözləməkdədir. Hər halda, əsas məsələlərdən biri də odur ki, Ermənistan Qarabağın dağlıq hissəsi ilə bağlı mövqeyini ortaya qoymalıdır. Ermənistanın hazırkı mövqeyi konkret deyil. Qarşı tərəf sırf özünü düşünür. Belə olan təqdirdə sülh müqaviləsinin imzalanması real görünmür. Bunu həm də danışıqlar prosesini təşkil edən platformalarda da başa düşməlidirlər. Əgər sülh müqaviləsinin imzalanması istənilirsə, 3 tərəfli bəyanatdan sonra məğlub olmuş ölkənin lideri sülh razılaşmasına vadar edilməlidir. Əks təqdirdə, bölgədə yeni müharibə labüddür”.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

Ramiyə Məmmədova 

Siyasi ekspert Ramiyə Məmmədova Brüssel danışıqlarını Ermənistanın pozduğunu düşünür: “Bu da Rusiyanın əlinə işlədi. Moskva təşəbbüsü ələ keçirməyə çalışır. Paşinyan da Putinin ürəyindən keçənləri dilə gətirir. Əgər Ermənistanın baş naziri Brüssel görüşünə Makronun da gəlməsi şərtini qoymasaydı, Avropada növbəti müzakirələr keçiriləcəkdi. Bununla belə, Ceyhun Bayramov dolayısı ilə Rusiyanın vasitəçiliyinə pozitiv baxmadıqlarına eyham vurub. Həqiqətən də Moskva və Soçi görüşləri nəticəsizdir. Ortalıqda olan bəyanatların heç biri icra edilmir. Rusiya sərhədlərin dəqiqləşməsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə bağlı Ermənistan qarşısında sərt tələblər qoymur, təzyiq göstərmir. Çünki Rusiya yarımçıq sülh tərəfdarıdır. O baxımdan biz Brüssel danışıqlarının reabilitasiya edilməsinə çalışmalıyıq”.

 Emil  SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR