Onlayn ictimai-siyasi qəzet
“Danışıqlar prosesinin təxminən üç ili ərzində Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib: “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini sənəddə əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni təkcə ermənilərin Azərbaycana qayıtması yox, azərbaycanlıların da Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Ya da biz sülh sazişində bu məsələni qeyd etmirik. Bir sözlə, bu vaxta qədər, biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik. Əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi. Bir sözlə, görəcəyik, bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”.
Ramil Həsən
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən “Yeni Müsavat”a bildirdi ki, Qarabağdan könüllü gedən ermənilərin məsələsi Azərbaycanın daxili işidir. R.Həsən qeyd etdi ki, Qarabağa qayıtmaq istəyən ermənilər mədəni, təhlükəsizliyinin təmin olunması, seçki, bir sözlə, hər bir Azərbaycan vətəndaşının malik olduğu bütün hüquqlara malik olacaqlar: “Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində növbəti dəfə dini, mədəni abidələrin qorunması, yaşayış şəraitinin tam şəkildə təmin edilməsi ilə bağlı məqamları vurğulayıb. Cənab Prezident hər zaman qərbi azərbaycalıların haqlarını müdafiə edən fikirlərini, mövqeyini ortaya qoyub. Əgər Ermənistan tərəfi erməni azlığı ilə bağlı müddəaları sülh müqaviləsinə daxil etmək istəyirsə, o zaman Ermənistan 1987-1991-ci illər ərzində sayları təxminən 300 min olan Ermənistandan zorla qovulan qərbi azərbaycanlıların haqları, hüquqları, təhlükəsizliyin təmin olunması kimi bütün müddəaları, onların ləyaqətli geriqayıdışı hüququnun təmin olunması ilə bağlı müddəaları da sülh müqaviləsinə daxil etməlidir. Çünki beynəlxalq hüquq qarşılıqlı şəkildə işləyir. Bu ədalətli və doğru yanaşmadır. Cənab Prezidentin bu yanaşması beynəlxalq hüquqa əsaslanır. Əminik ki, Ermənistan bu məsələni qəbul etmək istəyəcəksə, Azərbaycan azlığı məsələsini də qəbul etməlidir. Biz yurdumuza-yuvamıza qayıtmalıyıq. Sülh müqaviləsi imzalandıqdan sonra qərbi azərbaycanlıların məsələsi və bu kimi digər müddəalar mövzu kimi müzakirə edilməlidir. Cənab Prezident daha bir vacib məqama toxunaraq qeyd etdi ki, azərbaycanlılarla ermənilər digər ölkələrdə yan-yana rahat yaşaya bilirlərsə, deməli, həm Azərbaycanda, həm də Ermənistanda yanaşı yaşaya bilərlər. Sülh mümkündür, yetər ki, bu qarşılıqlı olsun. Azərbaycan dövləti bu istiqamətdə səylərini əsrigəməməkdədir. Ermənistan iradəsini ortaya qoya bilsə, o zaman sülhün yaxın zamanda imzalanmasını bildirə bilərik”.
Xatırlatmaq yerinə düşər ki, ötən həftə Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə keçirilib.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ictimai dinləmədəki çıxışı zamanı bildirib ki, Qərbi Azərbaycana dinc şəkildə qayıdacaq insanların təhlükəsizliyinə yalnız tam zəmanət aldıqdan sonra oraya qayıdış olacaq. “Ermənistanın bütün dövlət strukturlarında soydaşlarımızın tam hüquqlu vətəndaş kimi iştirak etmək üçün hər cür şərait yaradılmalı, sosial və iş problemlərinin həlli, dövlət işlərində təmsil olunmaq haqqı təmin olunmalıdır”, - icma sədri deyib.
Musa Quliyev
Qərbi Azərbaycan İcmasının nəzarət təftiş komissiyasının üzvü deputat Musa Quliyev isə 6 dekabr tarixinin Qərbi Azərbaycanlıların deportasiyası günü kimi təqvimdə öz əksini tapmasını təklif edib. O qeyd edib ki, məhz 35 il bundan əvvəl Nüvədi kəndi istisna olmaqla, qərbi azərbaycanlıların deportasiyası başa çatmışdır.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev də yeni təkliflə çıxış edib. O, qərbi azərbaycanlıların ikili vətəndaşlığının olmasını təklif edib. “Qanunvericilikdə ikili vətəndaşlıqla bağlı məhdudiyyət var. Düşünürəm ki, bu məsələ müzakirə olunmalıdır. Xüsusilə gələcəkdə Qərbi Azərbaycana qayıdan soydaşlarımızın həm Azərbaycan, həm də Ermənistan vətəndaşlığı daşıya bilməsinə nail olmalıyıq”, - deyə o bildirib.
Nigar HƏSƏNLİ
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ