İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı məktəblərində oxuyanlar niyə 300-dən az bal toplayıb?

Paytaxtın təhsil müəssisələrində şagirdlərin əksəriyyəti yalnız formal olaraq dərslərdə iştirak edir; ekspert deyir ki, əgər belə davam edərsə...

2024-cü ildə Bakının ümumtəhsil müəssisələrini 28203 şagird bitirib və onların 28115 nəfəri buraxılış imtahanında iştirak edib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, məzunların 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb.  Məlumata görə, məzunların 8.24%-i (1798 nəfər) 0-100 intervalında, 23.82%-i (5197 nəfər) 100-200 intervalında,  21.83%-i (4763 nəfər) 200-300 intervalında, 32.03%-i (6988 nəfər) 300-500 intervalında, 14.08%-i (3073 nəfər) 500-dən yuxarı bal toplayıb.

Beləliklə, şəhərin abituriyentlərinin yalnız 46.11%-i 300-dən yuxarı bal toplayıb. 

Həddini aşmış bu adam... – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb:  “2024-cü ildə Bakı şəhərinin ümumtəhsil məktəblərini bitirən 28.203 məzundan 28.115 nəfəri ali məktəblərə qəbul üzrə Dövlət İmtahan Mərkəzinin buraxılış və qəbul imtahanlarında iştirak edib. Həmin abituriyentlərin yalnız 46.11%-i - yəni təxminən 12.964 nəfəri - 300-dən yuxarı bal toplayıb. Qalan 53.89% isə 300 baldan aşağı nəticə göstərib: onların içərisində 1798 nəfər (8.24%) 0-100, 5197 nəfər (23.82%) 100-200, 4763 nəfər (21.83%) isə 200-300 intervalında qərarlaşıb. Bu göstəricilər ölkənin sosial, texnoloji və pedaqoji baxımdan ən üstün imkanlara malik təhsil mühitində - paytaxtda - belə nəticələrin qənaətbəxş olmadığını açıq şəkildə göstərir.

Mövcud qanunvericiliyə əsasən, “Təhsil haqqında” Qanunun 5.1-ci maddəsinə görə, ümumi təhsilin məqsədi şagirdlərin bilik, bacarıq, düşüncə və əxlaqi keyfiyyətlərinin formalaşdırılması və onların cəmiyyətə yararlı fərd kimi yetişdirilməsidir. Lakin bu nəticələr göstərir ki, bu məqsədin icrası, xüsusilə Bakıda nəzərdə tutulan şəkildə təmin olunmur. Bakı şəhəri ölkənin ən iri təhsil şəbəkəsinə sahib olan ərazidir. Burada 300-dən artıq orta məktəb, lisey və gimnaziya fəaliyyət göstərir, müəllim kontingenti çoxşaxəli və maddi-texniki baza, infrastruktur imkanları digər regionlarla müqayisədə qat-qat üstündür. Buna baxmayaraq, nəticələrin bu qədər zəif olması sistemli struktur və məzmun problemini göstərir. Əsas problemlərdən biri məktəbin təhsil verən orqan statusunun zəifləməsidir. Son illərdə repetitorluq sisteminin güclənməsi və məktəb tədrisinin əhəmiyyətinin ikinci plana keçməsi Bakıda tədrisin keyfiyyətinə birbaşa təsir göstərib. Bakı məktəblərində şagirdlərin əksəriyyəti yalnız formal olaraq dərslərdə iştirak edir, real hazırlıq isə məktəbdənkənar ödənişli resurslarda aparılır. Bu isə təhsil sistemində sosial bərabərsizliyi daha da dərinləşdirir və yalnız maddi imkanı olanların yüksək nəticə göstərməsi tendensiyasını gücləndirir. Bu xüsusda, qəbulda 500-dən yuxarı bal toplayan 3073 nəfərin (yəni 14.08%) əsasən xüsusi statuslu və ya repetitor dəstəyi almış məktəblərin şagirdlərindən ibarət olması təsadüfi deyil".

Ekspert ikinci əsas problemi  təmayüllü təhsilin imitasiya xarakterli tətbiqi ilə bağlı olmasında görür: “Təmayülləşmənin hüquqi əsasları Nazirlər Kabinetinin 2015-ci il tarixli qərarında təsbit olunsa da, bu təmayüllərin formalaşması yalnız sinif adlarında əks olunur, lakin dərs saatı bölgüsü, proqramın dərinləşdirilməsi, laborator baza və müəllim ixtisaslaşması baxımından əksər hallarda real tətbiqi yoxdur. Beləliklə, humanitar təmayüllü sinifdə təhsil alan şagird bəzən texniki fənlərə eyni həcmdə vaxt ayırmaq məcburiyyətində qalır və proqram ona uyğunlaşdırılmır. Bu isə həm təhsil nəticələrinə, həm də motivasiyaya zərbə vurur.

Müəllim hazırlığı məsələsi də nəticələrin aşağı olmasında mühüm rol oynayır. Təhsil İnstitutunun 2023-cü ildə apardığı təhlil göstərir ki, Bakı məktəblərində fəaliyyət göstərən müəllimlərin 37%-i pedaqoji-metodik hazırlıq baxımından müasir kurikulumun tələblərinə cavab vermir. Sertifikasiya nəticələri də bu reallığı təsdiqləyir: paytaxt müəllimlərinin yalnız yarısı 60 baldan yuxarı nəticə göstərə bilib. Bu isə dərsdə interaktivliyin, müasir tədris metodlarının və şagird yönümlü yanaşmanın zəifliyinə gətirib çıxarır. Belə mühitdə şagirdin tənqidi düşünmə, analiz, tətbiqetmə və nəticə çıxarma bacarıqları inkişaf etmir. Nəticədə, qəbul imtahanlarında mətnlərə əsaslanan situativ suallarda zəif performans müşahidə olunur.

Psixoloji amil də nəzərəçarpacaq dərəcədə əhəmiyyətlidir. Bakı şəhərində yüksək nəticə gözləntisi fonunda formalaşan sosial təzyiq, gənclərdə ciddi psixoloji yüklənmə yaradır. Həm valideynlərin, həm məktəbin, həm də ictimaiyyətin gözləntiləri birbaşa şagirdin psixoloji tarazlığına mənfi təsir edir. İmtahan günü təşviş, performans düşməsi və diqqət dağınıqlığı bu səbəblə daha çox paytaxtda müşahidə olunur".

Bununla belə, Kamran Əsədovun sözlərinə görə, müsbət məqam ondan ibarətdir ki, 2024-cü ildə 600 baldan yuxarı nəticə göstərənlərin sayı 964 nəfərə çatıb və bu, son 5 ildə ən yüksək göstəricidir: “Bu isə göstərir ki, sistem tam çöküş vəziyyətində deyil, amma yalnız yüksək nəticə göstərən azlıq üzərində qurulan struktur geniş kütləyə tətbiq oluna bilmir. Sistem bütün şagirdlər üçün eyni imkan və nəticə mexanizmini təmin edə bilmir. Dünya təcrübəsində, xüsusilə Estoniya, Sinqapur və Cənubi Koreya kimi ölkələrdə məktəb təhsilinin gücü ilə ali məktəbə qəbul edilənlərin faizi 85-90%-ə çatır. Həmin ölkələrdə məktəb repetitorun alternativi deyil, əsas təhsil mənbəyidir. Müəllim hazırlığı, məktəbdaxili qiymətləndirmənin etibarlılığı və məktəbin funksional resursları elə formalaşdırılıb ki, əlavə təhsil tələbatı yalnız istisna hallarda ortaya çıxır. Azərbaycanda isə məktəb sadəcə formal təhsil "çətiri" rolunu oynayır və real bilik yükünü repetitorlar daşıyır.

Bakı məktəblərində bu vəziyyəti dəyişmək üçün təhsil siyasətində struktur islahatları həyata keçirilməlidir. İlk növbədə məktəbin akademik yükü və nüfuzu bərpa olunmalı, təmayüllü siniflərə dair konkret standartlar müəyyən olunmalı və icrasına nəzarət gücləndirilməlidir. Müəllimlərin sertifikasiya nəticələrinə əsasən, məktəblərdə rotasiya, mentorluq və təlim mexanizmləri tətbiq olunmalı, yüksək nəticə verən məktəblərin təcrübəsi sistemləşdirilib digərlərinə yayılmalıdır. Məktəbdaxili qiymətləndirmə ilə DİM imtahan nəticələri arasında uyğunluq təmin olunmalı, məktəblər ictimai hesabatlılığa cəlb olunmalı və məktəbdəki real keyfiyyət göstəriciləri açıq paylaşılmalıdır. Əgər bu dəyişikliklər aparılmazsa, Bakı kimi ölkənin ən potensiallı təhsil mühitində belə, hər iki abituriyentdən biri 300 bal həddini aşa bilməyəcək və bu, həm ali təhsilin kadr keyfiyyətinə, həm də ölkənin inkişafına ciddi mənfi təsir göstərəcək".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR